“Paşinyan hakimiyyətinin əsas məqsədi indiki məqamda atəşkəsin davam etməsi və hərbi əməliyyatların başlanmamasıdır”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında “Bakı Politoloqlar Klubu”nun sədri, siyasi şərhçi Zaur Məmmədov deyib.
Politoloq bu gün Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Tbilisidə baş tutacaq ikitərəfli görüşünə toxunub. pizza sifarişi
Onun sözlərinə görə, Ermənistan müharibədə ordusu dağılmış bir ölkədir və iqtisadi-siyasi və hərbi baxımdan Azərbaycana qaşrı heç bir resursu yoxdur:
“Lakin bu, o demək deyil ki, Ermənistan dövləti Azərbaycanla doğrudan da sülh müqaviləsinin imzalanmasında israrlıdır. Əgər belə olsaydı, heç olmasa üçtərəfli bəyanatda yer alan bir məsələnin - “qanunsuz erməni silahlı birləşmələrinin ərazilərimizdən çıxarılması” məsələsinin Ermənistan tərəfindən yerinə yetirildiyini görərdik. Amma biz onun şahidi olduq ki, hətta minalanmış ərazilərin xəritələri belə İrəvan tərəfindən qeyri-dəqiqliklə verildi”.
Z.Məmmədov əmindir ki, Ermənistan və onun havadarları yenə də 30 il olduğu kimi, vaxt uzatmaqla məşğul olmaq istəyirlər:
“Amma cənab Prezident dünənki çıxışı zamanı kifayət qədər ciddi şəkildə Rusiyaya və Ermənistana ismarıc verdi. Onun çıxışından biz belə anlamış oluruq ki, Azərbaycan Rusiyaya üçtərəfli bəyanatı pozduğunu, ona riayət edilmədiyini, eləcə də Rusiyanın hərbi rəhbərliyinin özünün verdiyi sözü yerinə yetirmədiyini və vaxtın daraldığını xatırladıb. Yəni vaxt daralır və siz bizə başqa seçim yolu qoymursunuz. Başqa seçim yolu qoymursunuz, da o deməkdir ki, hərbi əməliyyatların yenidən başlanmasını hər vəchlə üçtərəfli bəyanatı yerinə yetirməyən tərəflər həyata keçirmək istəyirlər.
Bu, XİN rəhbələri arasında olan görüşdən bir gün əvvəl səsləndirilən bəyanatdır və bugünkü görüşə kifayət qədər ciddi şəkildə təsir edəcək. Xüsusilə, Ermənistan tərəfinə təsir edəcək və yəqin ki, ermənilər bu bəyanatdan sonra yenidən özlərini “mülayim” aparmağa başlayaraq, guya sülhsevər olduqlarını bildirəcəklər. Çünki bəlli məsələdir ki, onlar müharibədən qorxurlar. Çox təəssüflər olsun ki, 1 il 8 ay ərzində sadəcə vaxt aparıldı və nə Zəngəzur dəhlizi, nə də delimitasiya-demarkasiya ilə bağlı real işlər görülmədi”.
Siyasi analitik iddia edir ki, hazırda kifayət qədər ciddi şəkildə hərbi əməliyyat riski var və qanunsuz erməni hərbi birləşmələri bölgəni tərk etməlidir:
“Dünən də cənab Prezident qeyd etdi ki, biz buna dözməyəcəyik. Hesab edirəm ki, bu, kifayət qədər ciddi bir məqamdır.
O ki qaldı xarici işlər nazirlərinin bugünkü görüşünə, əlbəttə ki, onlar arasında ikitərəfli görüşün baş tutması çox ciddi bir hadisədir. Artıq bir neçə müddətdir ki, Azərbaycan və Ermənistan arasında ikitərəfli təmaslara start verilib. Hər halda əminəm ki, Ceyhun Bayramov görüş zamanı erməni həmkarı Ararat Mirzoyana onların yalnız iki seçimlərinin olduğuna işarə edəcəkdir və sərt şəkildə Ermənistanın nə etməli olduğunu bildirəcəkdir”.
“Çünki bu, o Ararat Mirzoyandır ki, Ceyhun Bayramovla görüşdən bir neçə gün əvvəl, bir neçə dəfə “Dağlıq Qarabağ münaqişəsi” ifadəsindən istifadə etmişdi. Bu ifadə isə hətta Paşinyan tərəfindən belə müharibədən sonra istifadə edilmirdi. Bu, o Ararat Mirzoyandır ki, Qarabağın statusu ilə bağlı Madriddə və müxtəlif xarici diplomatlarla görüşdə son bir ayda bir neçə dəfə bəyanatlar vermişdi.
Qısacası, vaxt artıq daralıb və avqust-sentyabr ayları kifayət qədər ciddi aylardır. Düşünürəm ki, iki ay ərzində Azərbaycan və Ermənistan arasındakı münasibətlərin müharibəyə və yaxud sülhə gedəcəyinin şahidi olacağıq”, - deyə müsahibimiz yekunlaşdırıb.
Rafi MÜSLÜMOV
Telegram kanalımız