“Uzun yaşamaq üçün gərək Allahla aran yaxşı olsun” –   88 yaşlı Anar

saytların hazırlanması

Evə çatdırılma

“Uzun yaşamaq üçün gərək Allahla aran yaxşı olsun” – 88 yaşlı Anar

Yazar

14 Mart 2026 11:15 2717


Anar Rzayev 14 mart 1938-ci ildə Bakıda, milli poeziyamızın görkəmli simaları Rəsul Rza və Nigar Rəfibəylinin ailəsində dünyaya göz açıb. O,  həm də Azərbaycan Xalq Cümhuriyyətinin ilk səhiyyə naziri Xudadat bəy Rəfibəylinin nəvəsidir. Təhsilini 1960-cı ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində tamamladıqdan sonra Moskvada Ali ssenari və rejissorluq kurslarını bitirib, bu da onun yaradıcılığında ədəbiyyatla kinonun vəhdətini təmin edib.

“Altmışıncılar” ədəbi nəslinin lideri kimi tanınan Anarın 1960-cı illərdə dərc olunan ilk hekayələri milli nəsrdə yeni üslubun, şəhər nəsrinin və psixoloji dərinliyin əsasını qoyub. Onun “Beşmərtəbəli evin altıncı mərtəbəsi” romanı, “Dantenin yubileyi”, “Ağ liman”, “Macal” kimi povestləri Azərbaycan cəmiyyətinin mənəvi-etik mənzərəsini ustadlıqla əks etdirən klassik nümunələrdir. Yazıçı eyni zamanda “Gün keçdi”, “Təhminə”, “Dədə Qorqud” kimi Azərbaycan kinosunun qızıl fonduna daxil olan filmlərin ssenari müəllifi və rejissorudur. Uzun illər “Qobustan” sənət toplusunun baş redaktoru olan Anar, 1987-ci ildən bəri Azərbaycan Yazıçılar Birliyinə rəhbərlik edir.

İctimai-siyasi fəaliyyəti ilə də seçilən ədib, müstəqil Azərbaycanın Milli Məclisinin ilk iclasını aparmaq şərəfinə nail olmuş və iki çağırış millət vəkili seçilib. Dövlət tərəfindən Azərbaycanın “Xalq yazıçısı” fəxri adına, həmçinin ölkənin ən ali mükafatları olan “İstiqlal”, “Şərəf”, “Şöhrət” və “Heydər Əliyev” ordenlərinə layiq görülüb. Türk dünyasının ortaq mədəniyyətinə verdiyi töhfələrə görə beynəlxalq səviyyədə, o cümlədən Türkiyənin “Üstün xidmət” mükafatı ilə təltif edilən Anar, bu gün də ədəbi prosesin mərkəzində dayanan, sözün və sənətin nüfuzunu qoruyan ən mühüm simadır. pizza

“Yeni Sabah” 88-ci yaş günündə görkəmli ədiblə olan müsahibəni təqdim edir:

– Salam, Anar bəy.

– Salam.

– Özünüzü necə hiss edirsiniz?

– Yaxşıyam.

– Doğum gününüzü təbrik edirəm. Qoşa rəqəminiz mübarək.

– Çox sağ olun. Təşəkkür edirəm.

– Ən çox bəyəndiyiniz və yadınızda qalan qoşa rəqəminiz hansı olub?

– Dəqiq bir şey deyə bilmərəm. Rəqəmlərdir də...

– Doğum gününüzü necə qeyd edəcəksiz?

– Evdə, ailəmlə birlikdə qeyd edəcəm.

– Uzunömrlüyünüzün sirri nədədir? İnsanlara bununla bağlı hansı məsləhətləri verə bilərsiniz?

– Əsas onu deyər bilərəm ki, həyatı düzgün yaşasınlar. Allahla araları düz olsun. Onun sizdən narazı qalacağı şeyləri etməyin.

Bu yaşa çatmağımın əsas səbələrindən biri də odur ki, hər zaman yazmışam. Məzuniyyətlərimdə belə işləyirəm.

– Bu uzun ömrün ən böyük qazancı və itkisi nə olub?

– İtirdiyim dostlarım çox olub. Çox dostum təəssüf ki, indi həyatda yoxdur. Mənimlə erkən vidalaşıblar. Qazancım isə yazdıqlarım olub.

– Ölümün aldığı dostların itkisini qəbul etmək daha çətindir, yoxsa zamanın aldığı dostların?

– Hər ikisini qəbul etmək çox çətindir. Öləni geri gətirmək olmur, xəyanət edəni də geri qaytarmaq. Ona görə ikisi də çətindir. Dost dediyimiz hər kəsi bizimlə bağlayan iplər var. Həmin iplər qırılanda bağlamaq çətin olur. Təbii ki, ölüm bizdən asılı olmadan baş verən bir prosesdir. Lakin dostun xəyanətini görmək insana çox pis təsir edir.

– Bəs Anar bəy, Əkrəm Əylisli ilə münasibətlərinizin düzəlmək ehtimalı varmı?

– Düzəlmək deyəndə, münasibətlərimiz pozulmayıb. Sadəcə uzaqlaşmışıq. Vaxtı ilə dost olmuşuq. Bir yazıçı kimi də hər zaman əvvəlki əsərlərini qiymətləndirirəm. Harada yazıramsa, onun adını çəkirəm. Köhnə münasibətin yenidən bərpa olunacağını düşünmürəm. Çünki məndən asılı olmayan səbəblərə görə o özü uzaqlaşdı. Bu barədə çox danışmaq istəmirəm.

– Bəs xəyanət edən dostları bağışlamağı bacarırsınızmı?

– Kinli insan deyiləm. Təəssüf edirəm sadəcə. Bəzi dostları itirmək istəməzdim. Heç kəsə xəyanət etməmişəm, heç kəsin də arxasınca qaçmamışam. Qürur duyuram ki, nə dirilərə qarşı, nə də dünyasını dəyişən dostlarıma qarşı etibarsız olmamışam.

– Xəyanətdən danışırsınız. Ümumiyyətlə xəyanət sizin üçün tam olaraq nədir?

– Xəyanət elə xəyanətdir. Tam, ya da yarım. Fərqi yoxdur. Biri üzünə gülüb arxanca pis nəsə danışırsa, yazırsa, deməli bu xəyanətdir.

– Bəs itirdiyiniz dostlardan ən çox kimin üçün darıxırsınız?

– Dostlarımı biri-birindən ayırmaq istəmirəm. Hamısı üçün darıxıram. Hər birinin mənim həyatımdakı yerləri vacibdir. Həmsöhbətim və həmdərdlərim idilər. Onlarla çox şeyi bölüşə bilirdim. İndi isə bir boşluğun içindəyəm. Həyatdır da. Nə etmək olar?

– Anar bəy, əslində necə birisiniz? Kənardan çox sərt görünürsünüz.

– Doğru tərəfdən baxmırlar. Məni yaxından tanıyan hər kəs bilir ki, sərt insan deyiləm. Heç gülmədiyimi düşünənlər də var. Amma gülməli nəsə olanda, gülürəm. Uşaq vaxtı bəzilərinə deyirlər ki, barmaq göstərəndə gülürsən. Mən elə yersiz gülməyi sevmirəm. Yazılarımı oxuyan hamı bilir ki, orada yumor da var, satira da var, gülüş də var. Gülməyi bacarmasam, onları da yaza bilməzdim.

– Evdə necə birisiniz? Övladlarla, nəvələrlə, nəticələrlə?

– Çox mehriban münasibətimiz var. Heç təsəvvür etməzdim ki, mənim nəvələrim, nəticələrim olar. 5 nəticəm var hazırda.

– Bəs neçə nəvəniz var?

– 4 nəvəm var.

– Allah saxlasın.

– Çox sağ olun.

–  Bütün həyatınızı və ailənizi təsvir etdiyiniz “Keçən keçdi, olan oldu” kitabınız nə vaxt nəşr olunacaq?

– Mətni bitirmişəm, amma orada çoxlu şəkillər var. İstəyirəm bayram günlərində bununla məşğul olum. Arxivdən toplayıb yığa bilsəm, aprelin əvvəllərində çap üçün nəşriyyata verəcəm. Hazır olmağı da nəşriyyatdan asılıdır.

– Yenə həmin romana əlavə etmək istədiyiniz nələrsə varmı?

– 30 ildir ki, bunun üzərində çalışıram. Kitabı yazmağa başlayanda 3 nəvəm var idi. Ondan sonra 4-cü nəvəm dünyaya gəldi. Sonra onlar evləndilər və övladları dünyaya gəldi. 30 il ərzində çox şeylər dəyişdi. Həmin müddətdə çox dostlar da itirdim. Yaşadığım hər şey faktlarla birlikdə o kitabda yazılacaq.

– Bəs romanda həmin dostlara da yer vermisinizmi?

– Bəli, onlar haqqında da orada yazılar var.

– Yaşadığınız hər şeyi qələmə almısınız. Deyəsən arxanızca danışanlardan çəkinirsiniz...

– Romanın yazmağımın əsas səbələrindən biri də yaşadığım həqiqətləri təsvir etməkdir. Əsasən faktlara yer vermişəm ki, sonra gələcəkdə nələrisə uydurub yazmasınlar. AYB-yə sədr gəlməyimin belə dəlillərini orada göstərmişəm. Qəzetlərdən, sənədlərdən belə sitatlar gətirmişəm. Çünki cürbəcür şeylər uydurub danışırlar. Kim həqiqəti görmək istəyirsə, o romanda onlarla qarşılaşacaq. Yox əgər kimsə uydurmağa meyillidirsə, buyursun.

– Bəs romanda Mir Cəfər Bağırov və Stalini görməyiniz haqqında nələrsə yazmısınız?

– Bağırovu görmüşəm. Lakin Stalini görmək şansını qaçırtmışam. Həmin dövrdə Moskvada olsaydım, 1 May nümayişlərində iştirak etsəydim onu görə bilərdim. Bağırovu isə noyabr bayramında görmüşəm. Atam məni aparmışdı. O vaxtı nazir idi. Oradan çıxanda biz aşağıda durmuşduq. Bağırov da yuxarıdan keçirdi. Hündürboy adam idi. Şlyapasını çıxardıb sağlı-sollu hamıya baş əyib getdi.

– Bildirmisiniz ki, AYB-nin növbəti qurultayında namizədliyinizi verməyəcəksiniz. Sizdən sonra kimi burada sədr olaraq görmək istəyirsiniz?

– 4 il öncə demişəm ki, növbəti qurultayda namizəd olmayacam. Fikrimi də dəyişməmişəm. Könlümdən keçən çoxdur, amma ad çəkə bilmərəm. Çünki digər könlümdən keçənlər inciyər.

– Yazıçılar Birliyində yenidən evlər veriləcəkmi?

– Hələlik yox. Çünki o ev məsələsindən sonra çox başımız ağrıdı. Ev istəyən çoxdur, amma imkan yoxdur. Ümumiyyətlə heç bir təşkilat və idarə ev vermir. Məni sağ olsunlar sayırlar, hörmət edirlər və xahişimi nəzərə alırlar. Sonuncu dəfə 22 nəfər ev aldı. Sonradan görürəm ki, çoxu evi alıb satdı. Bəzisi maşın aldı. Görünən odur ki, ehtiyacları yox idi. Lakin bunu da bilə bilmirik. Həmin ərəfədə 22 nəfər ev aldı, 50 nəfər də narazı qaldı.

– O evləri gələn hazır siyahı əsasında yazıçılara təqdim edirsiniz, ya özünüz kimə veriləcəyi haqqında qərar verirsiniz?

– Yox, hazır siyahı gəlmir. Burada katiblərlə kimə veriləcəyini müzakirə edib qərar veririk. Kimin ehtiyacı çoxdursa, uzun müddətdir birliyin üzvüdürsə, onlara üstünlük veririk. Çalışırıq ki, ədalətli olaq. Yenə də aldadanlar olur. Bir-bir də gedib yoxlaya bilmirik. Bundan sonra güman ki, bu məsələlərə qarışmayacağam. Yeni gələcək sədr həll edər. Ümumilikdə işlədiyim müddət ərzində 100-dən çox adama ev vermişəm. Daha doğrusu mən müraciət etmişəm, dövlət verib.

– Hazırda dövlətlər arasında baş verən müharibə şəraiti haqqında nə deyə bilərsiniz?

– Çox təəssüf edirəm. Dövlətlər dava edir, amma günahsız insanlar ölür. Hökumətə isə heç nə olmur. Düzdür, Ayətullah Əli Xamenei öldürüldü. Allah ona rəhmət etsin. Lakin hər bir halda ölən xalqdır.

– Bəs siz özünüz əsərlərinizdə müharibə mövzularına çox yer verən yazıçı olmusunuz?

– O qədər də yox. Düzdür, mənim yazılarımda da var Qarabağ mövzusu, əsasən də publisitik yazılarımda. Çıxışlarım, məqalələrim də var. Bədii əsəri isə məncə orada iştirak edən biri yazmalıdır. Mən həmin illərdə ön cəbhəyə qədər gedib əsgərlərlə görüşmüşəm. Mühasirədə olan Şuşada olmuşam. Həmin dövrdə biz oraya vertolyotla getmişdik. Məşhur komandirlərin hamısı ilə görüşmüşəm. Allahverdi Bağırov, Qatır Məmməd, Fred Asif kimi qəhrəmanlarla söhbətləşmişəm. Bunlar olub, amma əsər yazmaq üçün o qədər müharibə təcrübəmin olduğunu düşünmürəm.

– Bir zamanlar AYB-yə qarşı mübarizə aparan bir qrup yazıçılardan ibarət Azad Yazarlar Ocağı yaradılmışdı. Lakin bir müddət sonra oraya üzv olub sizi qarşı çıxan yazıçılar yenidən birliyinizin sıralarına qoşuldular. Vaxtilə sizə qarşı olanları hansı şərtlə sıralarınıza daxil etdiniz?

– Onların heç birinə düşmən gözü ilə baxmamışam. Hamısını da yaxşı qarşılamışam. Bizim sıralarımızda istedadlılar da var, istedadsızlar da var. Heç kəsə heç bir məsələ ilə bağlı şərt kəsməmişəm. Oradan gələnlər də istedadlı yazıçılar idi. Hər zaman deyirəm ki, bizim tövbə qapılarımız açıqdır. Onlardan da heç nə istəmədim. Cavan idilər. Bir məsəl var, deyirlər, kim cavanlıqda inqilabçı deyilsə, onun ürəyi yoxdur, kim də qocalıqda inqilabçıdırsa, ağlı yoxdur. Cavanlıqda hamı özünü təsdiq etməyə çalışır. Mən hesab edirəm ki, ağlı başında olan hamı buraya üzvdür, istəyənlərə də qapımız hər zaman açıqdır.

– Cavan yazıçılarla münasibətiniz necədir? Belə baxıram ki, gənc nəslin çoxu sizləri tənqid edir.

– Gənclərlə münasibətim yaxşıdır. Tənqid edənlər də boş yerə edir. Heç onları oxumuram da. Tənqid edəndə nəzərə almalıdırlar ki, qarşıdakı bunu oxuyacaq və əsəbiləşəcək. Mən isə oxumadığım üçün əsəbləşmirəm. İnternetə də girmirəm. Kimlərsə nəsə yazanda da gəlib mənə deyirlər, cavab verirəm ki, nə istəyirlər yazsınlar.

Mən buraya gələndən sonra “Ulduz” jurnalını tamamilə gənclərə həvalə etdik. Gənclər Şuramız var. İdarə və redaktə heyətində gənclər var. Xarici səfərlərə də göndəririk. Tək edə bilmədiyimiz şey onların əvəzinə yazmaqdır.

– Mətbuatı oxumuram deyirsiniz. Güman ki,  Elza Seyidcahanın AYB-yə üzv olması ilə bağlı yazılanları da görməmisiniz...

– Onu yazanların iş-peşələri yoxdur. Mənə nə qədər zəng edirlər bununla bağlı. Mən də yazı-pozu adamıyam. İnsanı yaradıcılığından ayırmaq ən böyük günahdır. Əcəb edib qəbul etmişik. Onun o biri yazarlardan nəyi əskikdir? Fərhad Bədəlbəyli də pianoçu idi, amma ittifaqın üzvü idi. Onu niyə müzakirə etmirdilər?

– Yazdığınız əsərlərə baxanda hansınısa dəyişib yenidən yazmaq istəyərdinizmi?

– Yox, heç nəyi dəyişməzdim. Həmişə fəxr edirəm ki, Sovet dövründə nə qədər əsər yazmışamsa, heç birində o ideologiya yoxdur. Məndə bir şey var ki, bəzi əsərlərimin qəhrəmanlarını müasir dövrə gətirirəm. Məsələn, 1960-cı illərdə yaşayan obrazımı yenidən canlandıra bilirəm. “Şəhərin yay günləri” adlı pyesimdəki qəhrəmanları “Şəhərin qış gecələri” əsərimə gətirmişəm. “Beşmərtəbəli evin altıncı mərtəbəsi”ndəki Təhminəni isə “Təhminənin son sirri”nə gətirmişəm. Mənim qəhrəmanlarım canlı insanlar olduğu üçün taleləri də mənə maraqlı gəlir.

– Əsərlərdə yaratdığınız o insanlar real həyatda mövcuddur, yoxsa hamısı təxəyyülünüzün məhsuludur?

– Konkret şəxslərə aid əsərlərim də var. Məsələn, Nazim Hikmət haqqında romanım var. Başqa əsərlərimdə isə kiminsə prototipini yaratmamışam. Gördüyüm, eşitdiyim insanları yazıçı təxəyyülü ilə təsvir etmişəm.

– Yekun olaraq 88 illik həyat yolunuzu necə təsvir edə bilərsiniz?

– Mən həyatımdan razıyam. Hər zaman düz və vicdanla yaşamışam. Ona görə də Allah mənə bu qədər ömür nəsib edib. Onun varlığına inanıram. Bu qədər ömür yaşamağımın nəticəsi olaraq iki böyük hadisənin şahidi oldum. Birincisi Azərbaycanın müstəqil olmasının. İkincisi də torpaqlarımızın azad olunmasını gördüm. Çox xoşbəxtəm ki, ömrüm bu qələbəni görməyə çatdı.

Aydan Hacıbalazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!