“Məmurlar xalqı o qədər incidib, zülm ediblər ki, məmur adı gələndə millət bunlara nifrət edir. Bunlar millətini pulunu yeyirlər, onların haqqını yeyirlər, incidirlər, haqsızlıq, ədalətsizlik baş alıb gedib. Ona görə də hər hansı bir məmur həbs ediləndə xalq bayram edir”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev deyib.
Naxçıvanda baş verən hadisələrdən sonra bir neçə nazirin və dövlət məmurunun həbsinə dair sosial şəbəkələrdəki şadyana münasibəti şərh edən H.Hacıyev bu tendensiyanı qorxunc qiymətləndirib: pizza hut
“Düşünürəm ki, bu, çox qorxunc bir ənənədir. Məmur təbəqəsi isə özünü yığışdırmalıdır. Görürük ki, tərbiyəsiz bir adam gedir bu gün məmur olur və milyardları altına yığır. Onun qonşusu da çox bacarıqlı bir adam olmasına baxmayaraq, heç ailəsini də dolandıra bilmir, çox çətinliklə yaşayır. Kimə şikayət etsə də, üz tutsa da, onu başından rədd edib səsinə baxan olmur. Elə bil hazırda qullar və quldarlar dövrü gəlib çatıb ki, insanlar məmur təbəqəsindən narazıdır”.
MMP sədri Prezidentdən sitat da gətirib:
“Buna baxmayaraq, cənab Prezident dəfələrlə deyib ki, hər bir məmur xalqın xidmətçisi olmalıdır. Gəlin, görək, bu gün o məmur xalqın xidmətçisidir? Yaxud xalqın səsinə eşidən, onun ərizəsinə cavab verən varmı? Yox! Bu gün də xalq sevinir ki, ay Allah, nə yaxşı ki, bizim Vasif Talıbovdan, ailəsindən, qohumlarından, onun saxladığı pozğunlardan canımız qurtardı. Özləri cəhənnəmə, bu gün onun saxladığı pozğunlar camaatın başını yarırlar, qan uddururlar”.
“Qısası, belə bir səviyyəsiz zaman gəlibdir və bu zamanda da millət haqlıdır. Bəraət qazandırmaq lazımdır ki, bu xalqı bu qədər incitmək olmaz. Xalq daxilində olan narazılığı sevinməklə büruzə verir. Fikrimcə, bu məsələyə son qoyulmalıdır. Hamı ölkə başçısından, onun ailəsindən nümunə götürməlidir ki, onlar həm şəhid ailələrinə, həm qazilərə qayğı göstərir, hamısının yanında olurlar, vaxt tapırlar, ad günlərini də onlarla bir yerdə keçirirlər. Amma gəlin, görək, başqaları edirmi? Axşama qədər saunalarda, barlarda, xarici dövlətlərdə eyş-işrət içindədirlər. Ona görə də bu gün Vasif Talıbovdur, digərləridir, hamısı bu gün tutulsa, o qədər sevinib toy-bayram edəcək.
Burada söhbət xalqın səsinin eşidilməməsindən, xalqın etdikləri zülümdən, xalqın var-dövlətini sümürüb yemələrindən gedir”, – müsahibimiz fikirlərini tamamlayıb.
Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn isə mövzuyla bağlı qısa şərh verib:
“Mən əhalinin bu həbslərə sevinclə yanaşmasına şübhə edirəm və elə bir məlumatım yoxdur. Amma Naxçıvanda baş verən hadisələrin, habelə korrpusiya və qanunsuzluğa qarşı aparılan tədbirlərin bütövlükdə Azərbaycana müsbət təsir edəcəyi barəsində gözləntilər var. Bu baxımdan, mütləq əksəriyyət o tədbirlərə pozitiv baxır”.
Rafi MÜSLÜMOV
Telegram kanalımız