YENISABAH.AZ-a icazə verərək ən aktual xəbərləri dərhal öyrənə bilərsiniz.
İlk bilən siz olun!
Daha sonra
İcazə ver
Vətəndaş prezidentə müraciət etdi: “Oğlumun ölümündə onlar günahkardır”

Vətəndaş prezidentə müraciət etdi: “Oğlumun ölümündə onlar günahkardır”

Xalqın səsi

14 İyul 2022 17:26 6652


Goranboy şəhər sakini Səltənət Musayeva oğlu Maqsud Musayevin ölümündə təqsirli bilinən şəxslərin məsuliyyətdən yayındırılması ilə  bağlı Prezident İlham Əliyev, Vitse-prezident Mehriban Əliyeva, Ədliyyə naziri Fikrət Məmmədov, Baş prokuror Kamran Əliyev, Daxili İşlər naziri Vilayət Eyvazov və Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağıyevə müraciət edib.

Vətəndaş “Yeni Sabah”a da göndərdiyi müraciətdə bildirib ki, 25.06.1962 təvəllüdlü Maqsud Musayev Qnyaz oğlu 22 fevral 2022-ci il tarixinə qədər Meliorasiya və Su təsərrüfatı ASC-nin Goranboy Suvarma Sistemləri İdarəsində çilingər vəzifəsində çalışıb:

“Fevralın 22-də saat 10-11 radələrində Goranboy rayonunun  Rəhimli kəndində GR29 nömrəli su artezian quyusunda  təmir işləri apararkən, başına metal boru düşməsi nəticəsində ağır xəsarət alıb. Oğlum çalışdığı zaman su quyusundan kran vasitəsilə çıxarılan 9 metr uzunluğunda metal boru 10 metr hündürlükdən oğlumun başına düşüb. Yaxınlıqdakı şəxslərdən birinin köməyilə Goranboy Rayon Mərkəzi Xəstəxanasına, oradan da Abbas Səhhət adına  klinikaya çatdırılıb. Burada bir gün qaldıqdan sonra vəfat edib”.

Şikayətçi bildirir ki, oğlunun ölümündə təqaüd yaşı çoxdan keçməsinə baxmayaraq, hələ də Goranboy Suvarma Sistemləri İdarəsində çalışan Qasımov Qalib Əli oğlunun diqqətsizliyi ilə yanaşı, idarənin  rəisi İlqar Məhərrəmov da təqsirlidir:

“İlqar Məhərrəmov pensiya yaşı çoxdan ötmüş ahıl kişini krançı kimi bu vaxta qədər işlətməsiylə yanaşı həm də idarədə təhlükəsizlik qaydalarına nəzarət etməməsi işçisinə biganə münasibəti oğlumun faciəli ölümünə səbəb olub. Bütün günahı 70 yaşlı krançının boynuna qoyaraq bu işi yalnız onun ehtiyatsızlığı ilə əlaqələndirirlər.  Halbuki burada İdarə Rəhbərliyi ilə birgə, sahə rəisi, mühəndis və briqadir də məsuliyyət daşımalıdır”.

Sələtənət Musayeva əlavə edib ki, oğlunun ölüm işi Goranboy Rayon Prokurorluğunda da ətraflı araşdırılmayıb:

“Məhkəmədə  Qalib Qasımov Əli oğlu dövlət ittihamçısına bildirib ki, onun kranı işlətmək üçün icazə sənədi 2017-ci ildə olub.  İş prosesində işçilər, həmçinin, oğlum da müvafiq geyimlə təmin olunmayıb. Onlar qoruyucu baş geyimi-kaska olmadan işlədiliblər. Bütün bunları həm məhkəmədə, həm də idarə rəhbərliyi ilə danışıqlarda səsləndirdiyimiz üçün oğlumun, qızımın ailəsinə, və şəxsən mənə təzyiqlər ola biləcəyi ilə bağlı təhdidlər edilir”.

Səltənət Musayeva onu da vurğulayıb ki, oğlunun ölümü ilə bağlı idarədə oğlunun ailəsinə kömək məqsədilə 3 dəfə pul yığılsa da, bundan xəbərləri olmayıb:

“Oğlumun ailəsinə kömək məqsədilə idarədə 3 dəfə pul yığılıb. Amma bu pulun kim mənimsədiyini bilmirik. Oğlumun ailəsinə dəfn sığorta pulu da verilməyib. Vəzifəli havadarlarına arxalanan Goranboy Suvarma Sistemləri İdarəsinin rəisi İlqar Məhərrəmov oğlumun yas mərasimində ailəsinə mənəvi dəstək üçün hər hansı addım atmayıb”.

Şikayətçi sonda bildirib ki, ölüm faktı ilə bağlı Goranboy Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2 (Əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) başlansa da, 5 ay keçməsinə baxmayaraq, müsbət nəticə yoxdur:

“Ağbirçək ana, Azərbaycan qadını kimi xahişim və tələbim budur ki, oğlumun faciəli şəkildə ölümünə səbəb olan, buna görə cavabdehlik daşıyan şəxslər məsuliyyətə cəlb olunsun, qanun qarşısında cavab vermələri üçün müvafiq dövlət qurumlarına göstəriş verilsin və bu iş xüsusi nəzarətdə saxlanılsın!”.

İmamət İSMAYILOVA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!