“Yeni Sabah” yazıçı Vahid Qazinin Əbdürrəhman Vəzirovla bağlı bir sıra qaranlıq məqamlara işıq tutan “Tamamlanmış yarımçıq portret” başlıqlı yazısını təqdim edir:
Bir dəfə Azərbaycan Cümhuriyyəti haqda bir essedə yazmışdım ki, 23 cümhuriyyət ayı tariximizin “qara dəliyi”di. Bu yurdun az qala Paleolit dövrünü öyrədiblər bizə, amma burdan bura babalarımızın yaratdığı tarixi gizlədiblər.
Əslindəsə tək o deyil, başqa “qara dəlik”lərimiz də var. Məsələn, tariximizə “milli ruhun dirçəlişi illəri” kimi yazılası ötən əsrin 50-60-cı illəri kimi, yaxud milli-azadlıq hərəkatının yaranması və süqutu illəri (1988-1993) təki. Dördpendirli pizza
Son illər tarixi araşdırmaçılar yazdıqları kitablarla istər cümhuriyyət, istərsə də sovet illərindəki qaranlıqlara işıq tuturlar. Elə birini, bu günlərdə əldə etdiyim Cəmil Həsənlinin “Azərbaycanda Sovet liberalizmi: Hakimiyyət. Ziyalılar. Xalq. (1959-1969)” monoqrafiyasını deyim. Elə bil müəllif işıqkeçirməz qalın teatr pərdəsinə bənzər bir örtüyü götürüb “ottopel” deyilən tarixi dönəmin üstündən.
Belə baxanda zənn edirsən ki, milli-azadlıq hərəkatı dövrünə də aid qaranlıq heç nə qalmayıb. Amma əminəm ki, şahidi olduğumuz o illərdə baş vermiş olaylar haqda həqiqətləri sonacan bilmirik. Bildiyimiz yalnız eşitdiklərimizdi. Eşitmədiklərimiz də var və elə obyektivlik naminə onları da dinləməliyik.
Neçə il əvvəl Azərbaycan DTK-nın sədri olmuş Vaqif Hüseynovun ictimaiyyətdə maraq doğuran “Bir ömürdən də artıq” (“Больше, чем одна жизнь”) ikicildlik memuarını haqqında ən ağır ittihamlar söylənilən bir adamın özünümüdafiə haqqı, opponent rəyi kimi oxumuşdum.
Əbdürrəhman Vəzirovun təzə çıxan “Parterin ilk sıralarında” (“В первых рядах партера”) kitabını da eynən o memuar kimi, divarın o üzündən xəbər verən hekayət toplusuna bənzətdim. Ağır dövrdə ölkəyə rəhbərlik edən, 20 yanvar qırğınından sonra ölkədən gedən, uzun illər susaraq, olmuş-keçmişlərə aydınlıq gətirməyən siyasi xadimin nəhayət dilə gəlib söylədikləri kimə maraqlı gəlməz ki!
Düşündüm, 30 ildə eşitdiklərimizin əksinə baxış sərgiləyən bu kitab ən azından əks tərəfin fikrini öyrənmək baxımdan əhəmiyyətlidi. Odur ki, belə bir memuarın nəşrindən xəbər tutan kimi Moskvada yaşayan bir dostumdan alıb göndərməsini xahiş etdim.
Hənirtisi duman arxasından duyulan həqiqət
Onun haqqında ilk dəfə “Azneft” çayxanasındakı söhbətlərin birində eşitmişəm. 1986-cı ilin yazağzıydı. O vaxtlar həmin çayxanaya ölkənin ziyalıları yığışırdı, biz tələbələr də masanın bir güncündə oturub böyüklərin danışdıqlarını dənliyimizə yığırdıq. Qəzet-televiziyada olmayanları adam orada eşidirdi, dünyanın altından-üstündən orada xəbər tuturdu.
Belə söhbətlərin birində eşitdim ki, Əbdürrəhman Vəzirov adında bir azərbaycanlı SSRİ-nin Pakistanda səfiridi. Özü də Qorbaçovun dostudu, bu gün-sabah onu bura rəhbər göndərəcək.
O söhbətdən bir-iki ay keçmiş əsgər getdim, iki il sonra qayıdanda gördüm ki, çayxanada verilən proqnoz düz çıxıb, Vəzirovu Azərbaycana rəhbər təyin ediblər.
1988-ci ilin mayında o vaxtkı Lenin meydanında izdihamlı mitinqdə çıxışında “daha heç kim orda-burda “day-day” axtarmasın, hamınızın “day-dayı” özüm olacam” deyəndə hamı yeni rəhbərin uğur qazanacağına, erməniləri yerlərində oturdacağına, cəmiyyətdə ədaləti bərqərar edəcəyinə inanmışdı. İnanmışdıq ki, ölkə daha “day-day” prinsipiylə idarə olunmayacaq. Düzdü, “day-day”lığa bir xeyli dərəcədə son qoydu, amma o biri işləri başa çatdıra bilmədi.
Niyə? Kitabda həm də bu suala cavab axtardım.
O hadisələrdən keçən 30 ilədək dövrdə çox hadisələr oldu və bu hadisələr fonunda həqiqət bildiklərimiz öz gerçək sifətini almaq üçün dəfələrlə cildini dəyişdi. Bəs bu gün necə, özünün əsl simasını alıbmı?
Hər yeni gələn hakimiyyət o dövrə, hadisələrə, onun iştirakçılarına öz siyasi maraqlarından qiymət verdi. Bəs, ittiham olunanların söz haqqı necə, tanındımı?
2018-ci ildən baxanda bir çox həqiqətin hələ də duman arxasında qaldığını hənirtisindən duyursan.
“Heç nə keçmiş qədər tez-tez dəyişmir”
Yarımbaşlığa çıxardığım bu sitatı Vəzirov kitabında Jan-Pol Sartrdan gətirir. Uzaq keçmişlə işim yoxdu, yaxın zamanlarda olanların neçə dəfə silinib yazıldığına, yaxud heç yazılmadığına şahidik.
Məsələn, yeni ensiklopediyada Vəzirov haqda beş-on cümləlik məlumata görə ölkə prezidenti Milli Ensiklopediyanın rəhbərini iclasdan qovmuşdu. Yəqin xatırlayırsınız, televiziyada göstərmişdilər.
Cəmil Həsənlinin yuxarıda adını çəkdiyim kitabından gətirdiyim bu sitat da demək istədiyimə bir başqa nümunədi: “2003-cü ildə nəşr edilmiş çoxcildlik “Azərbaycan tarixi”nin yeddinci cildində 10 il Azərbaycana rəhbərlik etmiş Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Vəli Axundovun adı bircə dəfə çəkilir, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri Məmməd İsgəndərov və respublika hökumətinin başçısı Ənvər Əlixanovun adları isə ümumiyyətlə çəkilmir, onların respublikaya 10 illik rəhbərliyi dövrünün üzərindən sükutla keçilir”.
Söhbət o Vəli Axundovan gedir ki, vəzifəni öz arzusuyla tərk etməsini Mərkəzi Komitənin üzvlərinə bu cür izah edib: “Birinci katibin öz xahişi ilə vəzifədən getməsi Azərbaycan partiya tarixində ilk hadisədir. Öz gedişimlə həm də yeni ənənənin başlanğıcını qoyduğumu zənn edirəm. Buna çox inanmaq istəyirəm… Öz missiyamı insanlardan qorxu hissini çıxarmaqda görürdüm. Düşünürəm, bu planda nələrəsə nail olmuşam. Bu, elə mənim ən böyük uğurumdur”.
Həqiqətən də Vəli Axundovun rəhbərlik etdiyi illər uzun zaman xofla yaşamış adamların canından qorxunu çıxarmaq illəri, milli ruhun dirçəlişi dövrü idi.
“Traybalizm – dinc vətəndaş müharibəsi”
Kitabın “Xidmətdə durmağa şadam, nökərçiliksə ürək bulandırır” bölümündə 70-ci illərdə siyasi elitanın hansı yollarla dəyişdirildiyindən, klan hakimiyyətinin regionçuluq əsasında necə qurulduğundan bəhs olunur. Göstərilir ki, respublikanın yeni rəhbəri hakimiyyətinin ilk beş ilində “nazirlərin üçdə ikisini, MK büro üzvlərinin 10-dan 8-ni, MK şöbə müdirlərinin 14-dən 13-nü, rayon birinci katiblərinin 45-dən 37-ni dəyişib”.
Müəllifin yazdığına görə bu əvəzlənmələrə “əsasən provokasiya, kompramat, təqib yolu ilə nail olunurdu”. Vəzirov hakimiyyət strukturlarını dolduran təzə kadrları “liliput” adlandırır və Mark Tvendən bu sitatı gətirir: “Onların yarısı heç nəyə yaramırdı. O biri yarısı isə hər işə yarayırdı”.
“Qanuna və vicdana uyarlığına baxmadan hər göstərişi gözüyumulu yerinə yetirməyə hazır idilər… Kirovabadda (Gəncə – V.Q.) işləyəndən bir-iki il sonra anladım ki, H.Əliyevin təməlini qoyduğu yeni sistemdə qala bilmərəm (və istəmərəm)”.
Yazdıqlarından belə anlaşılır ki, o, respublikadan can götürüb qaçmağın yollarını arayıb. İstanbula konsul getməsinə respublika rəhbəri icazə verməyib. Sonra işini birbaşa Moskva ilə həll edib, diplomatik fəaliyyətə Kəlküttədə konsul kimi başlayıb.
Neçə yaşlı adamdan eşitmişəm, elə memuarında Vaqif Hüseynov da yazır ki, o dövrlərdə Moskvada nüfuz qazanan neçə soydaşımız Azərbaycana yüksək vəzifəyə dəvət edilir, az sonra vurulub sıradan çıxarılırmış.
“Traybalizm (dövlət hakimiyyətinin tayfa-nəsil əsasında formalaşdırılması – V.Q.) öldürücüdür, mahiyyətcə dinc vətəndaş müharibəsidir, adamları bir-birinə qarşı qoyur, onları birinci, ikinci, üçüncü dərəcəli sortlara bölür”.
Belə başa düşürsən ki, Azərbaycanda yerliçilik heç vaxt 70-ci illərdəki qədər zirvədə olmayıb!
Xatırlayıram, o vaxt danışırdılar ki, Qorbaçov Vəzirovu məhz respublikanı sarmış “aliyevşina” – “Əliyev klanı”ndan təmizləmək üçün göndərib. Görünənsə odur ki, illərlə qurulmuş klan torunu yarmaq ona da, sonralar Mütəllibova da, cəbhə hakimiyyətinə də müyəssər olmadı.
Kitabın oxucuya verdiyi mesajlardan biri budu: ən böyük bəlamızı uzaqda axtarmayaq, o, içimizdədi, qanımızda daşıdığımız “yerliçilik” virusundadı. Ondan arınmasaq millət olmağımız uzun müddət alınmayacaq.
Bir milləti məhv etmək istəyirsənsə, yerliçiliyi dövlət siyasətinə gətir!
Dövləti məhv etməkdisə qəsdin, “Birləşdir, yönəlt” yox, “Parçala, hökm et” prinsipiylə işləyən birini ona rəhbər qoy!
“Ermənistandan qovulanların Bakıya doluşması Səhv yox, Faciə idi”.
“Təəssüf ki, Qarabağ münaqişəsi xalqımızın birləşməsi yolunda həlledici leytmotiv olmadı. Erməniyə qarşı yumruq kimi bir cəbhədə çıxış etməliydik, əvəzində yumruqdan bəzi barmaqlar aralanırdı”.
O, kitabında Ermənistanda Qarabağ üstündə başlayan xalq hərəkatını bizim hərəkatla müqayisə edir. Onların xalq hərəkatı ona görə hədəfə çatdı ki, millət olaraq, vaxtında birləşə bildilər. Bizdə isə Qarabağ hakimiyyət davalarına alət edildi.
Vəzirovu ən çox Ermənistan qaçqınlarını Qarabağa yerləşdirməməkdə suçlayırlar. Anlaşılan o ki, bu da onun haqqında deyilən yarımçıq həqiqətlərdən, uydurulan çoxsaylı yalanlardan biridir. Kitabında buna da aydınlıq gətirir. Yazır ki, Ermənistan qaçqınlarının Qarabağda yerləşdirilməsi üçün Moskva ilə dava döyüb. Çox sayda qaçqını Xocalıda yeni tikilən evlərə, Həkəri çayı sahilində salınan “Qayğı” qəsəbəsinə, Şuşaya, Qarabağın kəndlərinə yerləşdirməyə nail olub.
Xocalıda canlanan tikintini mən də görmüşdüm, bunu o vaxt Ağdamdan Şuşaya gedən hər kəs görürdü.
Amma hansısa sehirli çubuq onları Bakıya yığırdı! Ermənistan qaçqınlarından, onların ağır durumundan siyasi məqsədlər üçün istifadə edilirdi.
“Qaçqınları mal-qara daşınan vaqonlarda yerləşdirmək mənim ağlıma gəlməzdi”. Ə. Vəzirov
“Ermənistandan qovulanların Bakıya doluşması Səhv deyildi, Faciə idi. 68 min ailənin ev şəraitini yaxşılaşdırmaq üçün növbə gözlədiyi bir şəhərə onları yerləşdirmək, hətta, ən qorxunc yuxuda belə ağlıma gəlməzdi. Əlbəttə, 1992-1993-cü illərdə (Qarabağ qaçqınlarına) edilən kimi inzibati yollarla onları Bakıya buraxmayıb, mal-qara daşınan vaqonlarda yerləşdirmək olardı. Belə bir şeysə mənim heç eynimdən keçməzdi!”
Vəzirov barədə ictimai rəy birmənalı deyil. Elə o gün onun bu kitabı haqda feysbuk səhifəmdə paylaşmama müxtəlif çalarlı rəylər bunun bariz nümunəsidi. Qoyun, onu da deyim ki, elə bu yazını yazmağa orada açılan müzakirələr təkan verdi.
Amma onu demokrat adlandıran Elçibəydən üzübəri xeyli ictimai-siyasi xadimin haqqında söylədiklərindən o qənaətə gəlirsən ki, Vəzirovla əl-ələ verib işləmək mümkün idi. Bu, baş tutsaydı, sonrakı bir çox fəlakətdən qaçmaq olardı. Lakin həm özünün o mürəkkəb dövrdə buraxdığı səhvlər, həm də 70-ci illərdən formalaşan “mafiya-klan”ın xalq hərəkatına yeritdiyi adamların sabotajı nəticəsində alınmadı.
Kitabda özünün buraxdığı səhvlərə yüngül eyham vursa da, problemin əsas mənbəyi kimi həmin sabotajçıları göstərir. Özü də adbaad.
Vəzirovun “radikallar” adlandırdığı o adamlar 1993-cü ildə hakimiyyətə qayıtmasında Heydər Əliyevin əlindən tutdular. Bu fikir Vaqif Hüseyovun da memuarında qırmızı xəttlə keçir. “Etibar Məmmədovun Milli İstiqlal Partiyası hakim Yeni Azərbaycana qovuşdu”.
Vəzirov Qorbaçovun sonacan onu müdafiə etməməsinin səbəbini həmin o radikallarda və “onların arxasında duran mafiya-klan”da görür. Yazır ki, cəbhənin liberal qanadı, “Zərdüşt Əlizadənin ətrafına yığılan solçular” belə onlarla bacarmadılar.
O, 20 yanvar ərəfəsində Moskvanı qıcıqlandıran və bununla da qoşun yeridilməsin deyə onun gətirdiyi bütün arqumentləri puça çıxaran dövləti cinayətləri belə sadalayır: “1989-cu ilin 25 dekabrında silahlı cəbhəçilər Cəlilabad rayonunda qanuni hökuməti devirərək rayon partiya komitəsini, milis şöbəsini darmadağın etdilər; 31 dekabrda Naxçıvan Muxtar Respublikasının ərazisi boyunca SSRİ-nin İranla sərhədini dağıtdılar; 1990-cı ilin 11 yanvarında AXC silahlı birləşmələri Lənkəranda qanuni hökuməti devirdilər; 15 yanvardakı mitinqdə “ermənisiz Bakı” şüarı səsləndi, mitinqçilərin arasından bir neçə quldur dəstəsi formalaşaraq hərəkətə keçdi, 2 mindən çox soyğunçuluq, quldurluq, dağıntı, 33 ölüm hadisəsi törədildi”.
Qorbaçovun bu arqumentləri qarşısında aciz qalan Vəzirov 1990-cı ilin 18 yanvarında üçüncü istefa ərizəsini (1989-cu ildə iki dəfə belə ərizə yazıbmış) Moskvaya göndərir. Elə həmin gündən də işdən kənarlaşdırılır.
Düşünürsən, ərizə yazmaqla missiya bitmir, gərək həmin vaxt xalqa müraciət edib təhlükənin miqyasını, vəziyyətin nə yerdə olduğunu açıq deyəydi. Bu müraciət xilas yolu olmasa belə onun sonrakı siyasi taleyində həlledici rol oynaya bilərdi. Niyə etmədi?
Deyilənə görə ona iynə vuraraq, huşsuz halda Moskvaya aparıblar. İmanımı yandırmayım, əgər belə olubsa, demək o, farağat durmayıbmış, təhlükəni önləmək üçün nələrsə etməyə cəhd göstəribmış. Yoxsa, niyə iynə vurub bihuş etsinlər ki! Bu haqda – onun Bakıdakı son günləri barədə, təəssüf ki, kitabında heç nə yazmayıb.
Onun da, elə Vaqif Hüseynovun da kitablarından bəlli olur ki, rəhbərlik təhlükənin ciddiliyini dərk edirmiş. Dəfələrlə hərəkat liderləriylə buna görə görüşür, qorxulu sonuc xəbərdarlığı edirmişlər.
Vəzirovu şəxsən tanıyan neçə adamdan eşitmişəm, cəbhəçilərlə söhbətdə üstüörtülü andırırmış ki, parlament seçkilərində xeyli yer tuta bilərlər, bir şərtlə, kəskin radikalizmdən uzaq dursunlar. O, hərəkatı kütlə ehtirasından çıxarıb konstruktiv məcraya – parlamentə çəkmək istəyirdi.
Vaqif Hüseyov da kitabında məhz buna görə Əbülfəz Elçibəylə görüşərək, hərəkatın radikallaşmasının ağır fəsadlar törədəcəyini, Baltik ölkələrindəki kimi dinc mübarizəyə üstünlük verilməsinin vacibliyini izah etdiyini yazır.
Bu yerdə rəhmətlik Aydın Məmmədovun hakimiyyətlə müxalifəti orta mövqeyə gətirmək üçün yorulmadan etdiyi çabaları xatırlamasam olmur...
Ardı var...
Telegram kanalımız