Xalq artisti Ramiz Quliyev vəfat etdi

saytların hazırlanması

Evə çatdırılma

Xalq artisti Ramiz Quliyev vəfat etdi

Mədəniyyət

15 Oktyabr 2025 10:14 657


Azərbaycanın Xalq artisti, tarzən Ramiz Quliyev 78 yaşında vəfat edib.

"Yeni Sabah" xəbər verir ki, bunu onun oğlu Əyyub Quliyev bildirib. 

Bir müddət əvvəl səhhətində ciddi problemlər yaranan R.Quliyev Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə yerləşdirilmişdi. Dominos pizza

Sənətçi müalicə aldığı xəstəxanada dünyasını dəyişib. 

Qeyd edək ki, Azərbaycanın Xalq artisti, professor, Dövlət Mükafatı laureatı Ramiz Quliyev 30 aprel 1947-ci ildə Ağdam şəhərində anadan olub. O, 1954-cü ildə Ağdam şəhəri 5 nömrəli orta məktəbdə və eyni zamanda 7-illik musiqi məktəbində təhsil almağa başlayıb. 1960-cı ildə musiqi məktəbini bitirərək Üzeyir Hacıbəyli adına Ağdam orta ixtisas musiqi məktəbinə daxil olub, daha sonra isə 1964-cü ildə Azərbaycan Dövlət Konservatoriyasına (indiki Bakı Musiqi Akademiyasına) qəbul olunub. 1969-cu ildə “Tar və dirijorluq” ixtisasları üzrə təhsilini tamamlayıb.

Sənətkar pedaqoji fəaliyyətinə 1960-cı illərin əvvəllərində başlayıb. O, Ağdam və Bakı musiqi məktəblərində müəllim kimi çalışıb, 1974-cü ildən isə Azərbaycan Dövlət Konservatoriyasında “Xalq çalğı alətləri” kafedrasında müəllim, sonradan baş müəllim, dosent və professor kimi fəaliyyət göstərib. 1990–2002-ci illərdə həmin kafedraya rəhbərlik edib.

2004-cü ildən etibarən “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: orqanologiya və akustika” elmi-tədqiqat laboratoriyasının baş elmi işçisi vəzifəsində çalışıb.

Ramiz Quliyev həmçinin elmi və yaradıcılıq sahəsində də böyük işlərə imza atıb. O, bir sıra dərs vəsaitlərinin, elmi məqalələrin və tədqiqat əsərlərinin müəllifi olub. 2021-ci ildə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illik yubileyinə həsr edilmiş iki cildlik “Azərbaycan və xarici bəstəkarlarının əsərlərinin iki tar və fortepiano üçün köçürmə və işləmələri” kitabını hazırlayıb.

Dünyanın bir çox ölkələrində – Türkiyə, Almaniya, Fransa, ABŞ, Yaponiya, Kanada və digər ölkələrdə çıxışlar edərək Azərbaycan musiqisini layiqincə təmsil edib.

Sənətkarın zəngin yaradıcılığı yüksək qiymətləndirilib: 1978-ci ildə Respublika Lenin komsomolu mükafatının, 1982-ci ildə Əməkdar artist, 1988-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb. Həmçinin “Şöhrət” (2007) və “Şərəf” (2017) ordenləri, Azərbaycan Respublikasının Dövlət Mükafatı (2014) ilə təltif olunub.

Ramiz Quliyev həm sənət, həm də pedaqoji fəaliyyətində Azərbaycan musiqisinin inkişafına misilsiz töhfələr verib. 

Allah rəhmət eləsin.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!