17 aprel tarixi Azərbaycanın görkəmli ziyalısı və istedadlı nasiri, xalq yazıçısı, əməkdar incəsənət xadimi Sabir Əhmədlinin anım günüdür.
Yenisabah.az xəbər verir ki, Sabir Əhmədli 1930-cu il iyul ayının 10-da Cəbrayıl rayonunda anadan olub. İndiki Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib.
Beş il doğma rayonunda müəllim, məktəb direktoru işləyən Sabir Əhmədli 1956-cı ildə Bakıya köçüb. O, "Ədəbiyyat və incəsənət" qəzetinin redaksiyasında ədəbi işçi vəzifəsinə qəbul edilib, bir müddət sonra nəsr şöbəsinin müdiri vəzifəsinə keçirilib. Toyuqlu pizza
Ustad yazıçı 1993-1996-cı illərdə "Ədəbiyyat və incəsənət" qəzetinin baş redaktoru işləyib.
O, ədəbi fəaliyyətə 1951-ci ildə "Pioner" jurnalında çap olunmuş "Poçtalyon" hekayəsi ilə başlamışdı. Bədii əsərlər və publisistik məqalələri ilə dövri mətbuatda müntəzəm çıxış edən S.Əhmədlinin "Bir payız axşamı" adlı ilk kitabı 1961-ci ildə çapdan çıxıb. Sonralar "Aran", "Pillələr", "Görünməz dalğa", "Yamacda nişanə", "Toğana", "Yasamal gölündə qayıqlar üzür", "Mavi günbəz", "Gedənlərin qayıtmağı", "Dünyanın arşını", "Yanvar hekayələri", "Kütlə", "Axirət sevdası", "Şəhid ruhu" və s. kitabları işıq üzü görüb.
1992-ci ildə “Azərbaycanın xalq yazıçısı” fəxri adına layiq görülüb.
Sabir Əhmədli Azərbaycan nəsrində roman ustası kimi dəyərləndirilir.
Mərhum yazıçı qəhrəmanlar nəslinin nümayəndəsi sayılırdı. Qardaşı Cəmil Əhmədov İkinci Dünya Müharibəsində qəhrəmancasına həlak olmuşdu. Sovet İttifaqı Qəhrəmanı idi. Oğlu Məhəmməd Əhmədov isə Qarabağ Müharibəsi qəhrəmanıdır. 12 fevral 1994-cü ildə Murov istiqamətindəki döyüşlərdə şəhid olub.
S.Əhmədli 17 aprel 2009-cu ildə ömürünün 79-cu baharında dünyasını dəyişib.
Telegram kanalımız