“Xalqı xurafat idbarlığının mənbəyi olan iranlı kimliyinə döndərmək istəyən məxluqlar...”

saytların hazırlanması

Evə çatdırılma

“Xalqı xurafat idbarlığının mənbəyi olan iranlı kimliyinə döndərmək istəyən məxluqlar...”

Siyasət

09 Mart 2023 11:41 7115


Beynəlxalq miqyasda Azərbaycanı xarakterizə edən əsas xüsusiyyətlərdən biri də ölkəmizdə yüksək tolerantlıq mühitinin mövcudluğu, müxtəlif dinlərin dözümlülük şəraitində sərbəst fəaliyyət göstərməsidir.

Bu səbəbdən Azərbaycan dünyanın bir çox araşdırma mərkəzləri üçün təkcə dinamik sosial-iqtisadi inkişafına görə yox, həm də dini tolerantlıq baxımından xüsusi maraq və əhəmiyyət kəsb edən tədqiqat obyektidir. Danılmaz həqiqətdir ki, Azərbaycan artıq dini dözümlülük baxımından nümunəvi bir dövlət olaraq qəbul olunur, ölkəmizin sözügedən kontekstdə formalaşdırdığı model geniş miqyasda təqdir olunur.

Lakin dini dözümlülüyün olduğu bir zamanda ölkəmizdə bunu öz siyasi məqsədləri üçün istifadə etməyə çalışan qüvvələrin də mövcudluğunu görməkdəyik. Dominos pizza

Son vaxtlar cənub qonşumuzdan bununla bağlı gələn təzyiqlər, habelə tolerantlığa qarşı dözümsüzlük mühiti və dini radikalizmin ölkəmizə sirayət edilməsi artıq problemin böyüklüyünü göstərir.

Məsələ ilə bağlı Yenisabah.az-la fikirlərini bölüşən Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafa deyib ki, Azərbaycanda dini tolerantlıqla bağlı vəziyyət, əslində, ürəkaçan səviyyədə olmayıb və bundan sonra da olması çox çətindir.

Onun sözlərinə görə, əslində, bu tolerantlığın qoruyucusu Azərbaycan dövlətidir və əgər Azərbaycan dövləti bu prosesləri tənzimləməsə, cəmiyyət içində bu tolerantlığın çox da dərin əlamətlərini görə bilmərik.

BQP sədri söyləyib ki, millət olaraq biz hansısa xalqın dininə, hansısa icmanın dəyərlərinə sayğı göstərməyi müəyyən dərəcədə bacarırıq:

“Amma bütövlükdə, əgər Azərbaycan İslam dininin içərisində əsrlər boyu bu tolerantlığı yaşaya bilməyən bir cəmiyyət olubsa, bu gün də onun əlamətləri özünü göstərməkdədir. Sadəcə bunun qarşısında dövlətin qanunları mövcud olduğuna görə, hansısa vəhşilik elementləri, eləcə də dinin içərisində ayrı-ayrı firqələrə mənsub olmanın müəyyən aqressivlik elementləri o dərəcədə də qabarmır”.

“Ümumiyyətlə, düşüncə və fikir həyatı kasad olan cəmiyyətlərdə həmişə din önə çıxır və dini də insanlar Qurani-Kərimdən oxuyaraq öyrənmirlər, kimdənsə eşidərək öyrənirlər. Kimdənsə eşitdiyin dində isə Məhəmməd Peyğəmbərin təbliğ etdiyi anlayışlar və əxlaq olmur. Bu, konkret olaraq həmin qrupun və şəxsin gətirdiyi əxlaq olur. Biz bunun nümunəsini ayrı-ayrı İslam adı ilə tanınan ölkələrdə görürük”, – millət vəkili qeyd edib.

Partiya sədrinin fikrincə, bunları Qurani-Kərimlə uzalaşdıranda görürük ki, sadalananların heç birinin kitaba aidiyyəti yoxdur:

“Amma adı İslam olaraq dəyərləndirilirsə, hamı da özünü müsəlman olaraq hesab edirsə, eləcə öz müsəlmanlığının bütün naqis tərəflərində haqlılıq üçün arqumentlər formalaşdırırsa, bu, tolerantlıq üçün əsas verə bilməz.

Birinci növbədə, insanların dində səmimiyyətinin olması önəmlidir. Səmimiyyət üçün də bəlli bir şəkildə din haqqında konkret mənbəyə əsaslanan bilgi sahibi olmaq çox vacib şərtlərdən biridir. Bizdə isə bilgi sahibi olan insanların sayı çox nadir rəqəmlərlə qeyd olunur. Ona görə də tarixən meydana çıxan bu qarşıdurma və başqasını görüşünü qəbul etməmə indiyə qədər mövcuddur. Bu günün özündə də məscidlərə diqqət edəndə görürük ki, ayrı-ayrı məzhəblərin xidmətində olan məscid anlayışı qalmaqdadır. Hətta əvvəllər qəbiristanlıqda da eyni yerdə dəfn olunmurdular, indi isə bu məsələ müəyyən dərəcədə ortadan qalxıb”.

Millət vəkili iddia edib ki, Azərbaycanda fikir tolerantlığı yoxdur:

“Fikir tolerantlığı olan cəmiyyətlərdə də din mövzusu bu qədər mübahisəyə və insan arasındakı qarşıdurmaya çevrilmir. Bir çox hallarda yaşadığımız dini bütün mahiyyəti ilə təhlil etsək, vəhşilik elementi humanist elementlərdən daha artıqdır. Bu baxımdan da birinci növbədə, dinin özü də savadlı cəmiyyətin dəyəri olanda tolerantlıq vasitəsinə çevrilir. Amma bu dəyər olmayanda, ancaq dövlətin gücü ilə bunu tolerantlıq məcrasına yönəltməyə çalışırsan.

Azərbaycan dövləti isə bu gün dinlərə münasibətdə bütövlükdə tolerantdır. Amma Azərbaycan cəmiyyətində bu tolerantlıq yoxdur. Cəmiyyət dövlətin qanunlarından qorxuduqlarına görə bu istiqamətdə müəyyən yumşaqlıq göstərir. Bu da narahatedici amillərdən biridir. Bu amillər də gələcəkdə dövlətin özü üçün ciddi təhlükəyə çevrilə bilər. Ona görə də cəmiyyətdə dini motivli tolerantlığı sözdə, təbliğatda və xarici ölkələrə göstərmək üçün yox, əksinə, gerçək mənada yerinə oturmaq və insanları bu istiqamətdə məlumatlandırmaq lazımdır”.

“Axı başqasının inancına və fikrinə hücum etmək nə deməkdir? Biz bu istiqamətdə hələ də dialoq mühitini yarada bilməmişik. Bu gün Azərbaycan dini ziddiyyətlərin ən kəskin, hətta alt qatda mövcud olduğu bir ölkədir. Həm də burada xarici təsirlər böyükdür. Amma hər bir dövlət özünün müəyyən xarici təsirlərə qarşı immunitetini formalaşdırmağa məsuldur. Təəssüf ki, bizdə bu immunitet son illərdə xeyli zəifləyib. Azərbaycanda Qurani-Kərimə dayanan və onun prinsiplərini mənimsəyərək müsəlman olanların sayı elə də çox deyil. Daha çox əzbərlədiyi, adət-ənənədən gələn müsəlmanlığı yaşayan bir azərbaycanlı modeli var. Bu da müasir dövrdə ciddi şəkildə bəzən insan haqları probleminin yaşanmasına səbəb ola bilir. Ona görə də biz bu istiqamətdə cəmiyyətin məlumatlandırılmasını, onun daha çox başqa dinləri və mədəniyyətləri öyrənməsini təmin etməliyik. Çünki bilmədiyin şeyin düşmənisən” – bəyan edib.

F. Mustafa əlavə edib ki, hansısa bir xalqa, yaxud din mənsubuna qarşı ilk öncədən önyarğılı olaraq nifrət ruhunda yetişdirilən cəmiyyətlərin böyük fəlakətlər yaşadığını görmüşük:

“Məsələn, erməni cəmiyyətinin faciəsi başqasının düşmən obrazında tanıdılmasından başlayıb. Yəni uşaq vaxtından türk, yaxud azərbaycanlı düşmən obrazında tanıdılanda, onlar müəyyən dərəcədə gələcəkdə böyük bir xəstə nəslin yetişməsinə səbəb olurlar.

Azərbaycanda da bu xəstə nəslin yetişməsi məsələsi 500-600 il əvvələ dayanan bir məsələdir. Bizim dinlə bağlı xəstəliyimizi müalicə etmək üçün ciddi iş görmüş yeganə cəsarətli şəxs Nadir Şah Əfşar oldu, onu da öldürdülər. Sonrakı dövrlərdə də bu xalq Mirzə Fətəli Axundovun cizgisindən getmədi. Dövlət Axundovun cizgisində olsa da, xalqın əhəmiyyətli hissəsi Molla İbrahim-Xəlil kimyagərin, Şeyx Nəsrullahın cizgisində olub və bu gün də həmin cizgidədir. Biz cəmiyyət olaraq bunu böyük narahatlıqla qarşılamalıyıq. Axundov cizgisi bizim müasirləşmə, yeniləşmə xəttimizdir. Biz 1828-ci ildə böyük bir fəlakət və işğal yaşasaq da, iranlı kimliyindən qurtulma şansını əldə etmişik”.

“Bu gün bizim cəmiyyətin əhəmiyyətli bir hissəsi, əgər avropalı kimliyimizə alternativ olaraq gördüyü iranlı kimliyinə qayıtmaq istəyirsə, bu, artıq bizim faciəmizdir. Bu faciənin nəticələrini əsas da ziyalılıq potensialın aşağı düşməsində görməliyik. Yəni diplomu savadsızlar ordusu, əslində, Azərbaycanın dini cəhətdən geriyə istiqamətlənməsinə səbəb olan əsas amillərdən biridir. Aydınlanma düşüncəsi və hərəkatı da Azərbaycanda yox səviyyəsindədir. Ona görə də gerçək ziyalılar aydınlanma işi üçün fədakarlığı öz üzərinə götürməlidir. Bu çalışmalar olarsa, dini tolerantlığın müəyyən dərəcədə cəmiyyət üzərində vacib atributlardan birinə çevrilməsi mümkün olar. Bugünkü Azərbaycanın cizgisi bir çox hallarda Üzeyir Hacıbəylinin, Məhəmməd Əmin Rəsulzadənin və Əhməd bəy Ağaoğlunun qoyduğu cizgiyə tamamilə tərs bir cizgidir. Biz daha çox bunun üzərində düşünməliyik və özümüzdən saxta və süni dini tolerantlıq öyünməsini yaratmamalıyıq. Cəmiyyətimizdə bu istiqamətdə vəziyyət də o qədər xoşagələn deyil və geriləməkdəyik. İctimai sferada Azərbaycan xalqını xurafat və cəhalət idbarlığının mənbəyi olan iranlı kimliyinə döndərmək istəyən məxluqlar artıq üstünlük qazanmaqdadır. Dünyəvi dövlətimiz ciddi təhlükə qarşısındadır və nə yazıq ki, siyasi elitamızda bu təhlükənin səviyyəsini anlayacaq qafalar elə də çox deyil”, – həmsöhbətimiz fikirlərini tamamlayıb.

Rafi MÜSLÜMOV

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!