“Əvvəllər Xankəndi rayonu ilə yanaşı Stepanakert rayonu da mövcud olub. Sonralar o rayonun adı dəyişib Əsgəran olub. Stepanakert rayonunun azərbaycanlılar yaşayan kəndləri Əsgəran rayonuna daxil oldu. Sonradan da Əsgəran ləğv olunaraq Xocalı rayonu yaradıldı”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında Milli Məclisin Xankəndidən olan sabiq deputatı Flora Qasımova deyib.
O, azərbaycanlıların Xankəndidə ev alması ilə yanaşı, həmyerlilərimizin gələcəkdə şəhərə köçürülməsi perspektivindən söz açıb. Marqarita pizza
Eks-millət vəkili söyləyib ki, kəndlərlə birlikdə Xankəndidə yaşayan azərbaycanlıların sayını hesablasaq, haradasa 15 minə yaxın azərbaycanlı orada yaşayırdı, lakin Azərbaycan kəndləri ayrılandan sonra şəhərin azərbaycanlı əhalisinin sayı 10-12 minə düşdü:
“Xankəndidən çıxan azərbaycanlıların bəziləri evlərini Şuşadakı ermənilərlə, digərləri isə Ağdamdakı ermənilərlə dəyişmişdi. Mən hadisələr başlayanda Bakıda yaşayırdım, amma 1988-ci il sentyabrın 18-də ermənilər azərbaycanlılar yaşayan evləri yandıranda bizimkilər başladılar evlərini Şuşada yaşayan ermənilər ilə dəyişməyə.
Əgər bu dəyişilmə vaxtilə olubsa, hazırda demək çətindir ki, gedib o ermənini evdən çıxarasan ki, bu, mənim evimdir. Axı sən o erməninin evini Şuşada götürmüsən? Məsələn, baldızımgildə belə bir hadisə oldu. Erməni onun Xankəndidəki evində yerləşdi ki, evi yandırılmasın. Doğrudur, azərbaycanlılar erməni evlərini yandırmırdılar, amma ermənilər bunu edirdilər”.
“Mən Şuşa alınanda Xankəndidən olan qohum-əqrəbama deyirdim ki, gedib Şuşada yaşayarıq, heç erməninin üzünü də görmərik. Onlar isə deyirdi ki, biz Xankəndini istəyirik. Xankəndililər öz evlərinə qayıtmaq istəyirlər, amma belə çətinliklər olacaq.
Məsələn, Xankəndiyə bitişik Kərkicahan qəsəbəsi var ki, o qəsəbə 2 hissəsən ibarət idi: Aşağı və Yuxarı Kərkicahan. Yuxarı Kərkicahanda 2 minə yaxın azərbaycanlı yaşayırdı, aşağıda isə az sayda ermənilər yaşayırdı. Ermənilərin az hissəsi azərbaycanlı evlərini bərpa edib yaşayırlar. Amma onların çoxu dağıdılıb və yaşayış yoxdur. Bu adamlar da oraya qayıdanda dövlət evlərini bərpa edəcək və yaşayacaqlar. Amma ermənilərlə evlərini dəyişməyən azərbaycanlılar gedib öz evlərini tələb edə bilərlər”, – müsahibimiz əlavə edib.
F. Qasımova vurğulayıb ki, 2 il müddətində heç olmasa, Kərkicahandakı evləri bərpa edib köçkünlərimizi oraya qaytarmalı idik:
“Axı üçtərəfli bəyannamədə həm də köçkünlərin Qarabağa qayıtması məsələsi də dururdu. 2 ildən çox vaxt keçib, amma azərbaycanlılar heç oraya yaxınlaşa bilmir. Heç olmasa, əhalimizin bir hissəsi oraya yerləşsə və onlarla əlaqəmiz qurulsa idi, nə isə etmək olardı. Çünki ermənilər dilimizi başa düşür, biz də onların dilini bilirik. Yəni mən buradan qiyabi şəkildə kiminsə evini alım və s. çətin olacaq.
Həm də ki, mən alqı-satqı prosedurunu bilmirəm. Evlərini satanlar isə separatçılardır. Sıravi ermənilər də qorxularından evlərini satırlar. Bu hadisələri bir-bir izlədikcə, nifrətimiz daha artır.
Sizi inandırım ki, əgər barışıq olsa və bizimkilər oraya getsə, o ermənilər o satqınların adlarını bir-bir çəkəcək, kimin nə etməsi barəsində nişan verəcəklər. Ermənilər də ondan qorxur”.
Rafi MÜSLÜMOV
Telegram kanalımız