Yale Universitetinin hazırladığı fərdi xərçəng peyvəndi 9 böyrək xərçəngi xəstəsində bütün şişləri məhv edib.
Yenisabah.az xəbər verir ki, üç il ərzində aparılan müşahidələr nəticəsində xəstəliyin geri dönmədiyi müəyyən edilib. 2019-2021-ci illər arasında tətbiq edilən eksperimental peyvənd, cərrahi müdaxilədən sonra qalan xərçəng hüceyrələrini hədəfləyərək sağlam toxumalara zərər vermədən məhv edib. Yale Xərçəng Mərkəzi və Dana-Farber Xərçəng İnstitutu tərəfindən hazırlanan peyvənd hər xəstənin bioloji xüsusiyyətlərinə uyğun olaraq fərdi şəkildə dizayn edilib. Peyvənd immun sisteminə yalnız şiş hüceyrələrindəki mutasiyaları tanıyıb məhv etməyə kömək edib.
Araşdırmanın əsas müəllifi Dr. Devid Braun bildirib ki, məqsəd immun sistemini birbaşa xərçəng hüceyrələrinə yönəltmək olub. Onun sözlərinə görə, hər xəstə üçün xüsusi hazırlanan peyvənd xəstəliyin yenidən yaranmasının qarşısını alıb. Toyuqlu pizza
Məlumata görə, sınaqda iştirak edən 9 xəstəyə ümumilikdə 7 doza peyvənd vurulub. Xəstələrin immun sistemi xərçənglə bağlı mutasiyaların 65%-nə reaksiya verib. Peyvənd sayəsində xəstəliyin təkrarlanmadığı və ciddi yan təsirlərin müşahidə olunmadığı qeyd edilib. Yalnız qripə bənzər yüngül simptomlar qeydə alınıb.
Peyvəndin hazırlanmasında immun sisteminin xərçəng hüceyrələrini tanımasını təmin edən “neoantigen” adlı protein fraqmentlərindən istifadə edilib. Hər xəstənin şiş hüceyrələri genetik analiz olunaraq xərçəngə xas proteinlər müəyyən edilib və bu proteinləri tanıya biləcək peptidlər sintez edilərək fərdi immun cavabı yaradılıb.
Dr. Braun bildirib ki, T-hüceyrələrinin güclü və uzunmüddətli immun reaksiyası verməsi son dərəcə ümidvericidir. Onun sözlərinə görə, bu, xərçəngə qarşı immun cavabın davamlı ola biləcəyinə dair mühüm göstəricidir.
Araşdırmanın nəticələri dünyanın ən nüfuzlu elmi jurnallarından biri olan "Nature" nəşrində dərc edilib. Lakin peyvəndin təsirinin tam təsdiqlənməsi üçün daha geniş miqyaslı sınaqlara ehtiyac var. Hazırda peyvənd, immun sistemini gücləndirən "Keytruda" (pembrolizumab) adlı dərmanla birlikdə sınaqdan keçirilir. Əgər müsbət nəticələr əldə olunarsa, bu, xərçəng müalicəsində inqilabi bir addım olacaq.
Əsmətxanım Rzazadə
Telegram kanalımız