Karantin rejiminə əməl edən, üstəlik, cəmiyyəti elan olunmuş qaydalara riayət etməyə səsləyən adamların arasında mədəniyyət və incəsənət xadimləri də var. Karantin rejiminin elan olunması bir çox peşə sahibləri kimi sənət adamlarını da evə “həbs edib”. Maraqlıdır, hər zaman oxuyan, el şənliklərində, tədbirlərdə insan arasında olmağa vərdiş edən sənətkarlar dörd divar arasında nə edirlər?
Yenisabah.az bu mövzuda Xalq artisti Nazpəri Dostəliyeva ilə söhbətləşib:
- Nazpəri xanım, karantin günlərini necə keçirirsiniz? Həmkarlarınız darıxdıqlarını deyirlər, sizdə vəziyyət necədir? Marqarita pizza
- Allaha şükür, yaxşıyam. Amma mənə də asan deyil. Həyatın tempinə alışan, gündəlik işə gedib-gələn adam üçün asan deyil. Axı biz yaradıcı insanlarıq. Yaradıcı insanlar üçün daha çətindir, qolubağlı oturmuşuq. Şükürlər olsun ki, karantin Ramazan ayına düşdü. İbadətə vaxtımız daha çoxdur, oruc tutub, namazımızı qılırıq, iftar vaxtını həyəcanla gözləyirik, iftar süfrəmə qonaqlarımı səbrsizliklə gözləyirəm. Yəni bir tərəfdən baxanda yaxşı oldu ki, karantin məhz orucluq ayına təsadüf etdi.
- Toylar, el şənlikləri qadağan edilsə də, canlı proqramlar tez-tez təşkil olunur. Sizi də efirlərdə görürük...
- Bəli, canlı efirlərə onlayn şəkildə qoşuluram. “Skype” qonaq otağında hazırdır. Çünki bütün kanallardan xahiş edirlər, zəng vururlar, görüntülü şəkildə onlara qoşuluram. Bununla bağlı heç bir problemim yoxdur, canlı efirlərə də qoşuluram, canlı ifalar da edirəm. Hətta onlayn konsert də vermişəm. Yaradıcı adam boş dayana bilməz. Kanalların müraciəti olduqda cavablandırıram.
- Karantindən sonra tamaşaçılara təqdim etmək üçün yarımçıq qalan və ya yeni layihələriniz varmı?
- Bəli, təbii ki, var. Karantindən sonra yeni mahnılarım olacaq, onlar artıq studiyadadır. Aranjemançım rayona gedib, karantinə görə orada qalıb. Köhnə mahnılarımı yeni aranjeman etdirirəm, partiturasını yazıb göndərmişəm Türkiyəyə. Yeni aranjemanda oxuyacağam. Artıq ikisini oxumuşam və yenə də oxuyacağam. İşlərimiz çoxdur. Əvvəldən istəmirəm deyim, bir az həyat öz axarına düşsün, konsert də vermək fikrim var. Bu mütləqdir, amma bir az gözləyək həyat öz ritminə düşsün.
- Bu gün virus üzündən işsiz qalan aztəminatlı ailələrə məşhurlar yardımlar edir, bunu sosial şəbəkələrdə izləyicilərlə bölüşürlər. Bu üzdən məşhurları özlərini reklam etməkdə günahlandıranlar var. Hansı ki, siz də xeyirxah işlərdən geri qalmırsınız...
- Qeyd etdiyinzi kimi, mən özüm də o kampaniyalarından geri qalmıram, amma mən heç vaxt yardım etdiyim insanları kamera qarşısında utandırmıram. Bunu heç vaxt etmərəm. Yardım etdiyim insanlara demirəm ki, mən filankəsə bu qədər yardım etdim. Mən hər zaman yardımlar etmişəm, hazırda tamamilə yad oaln dörd ailəyə yardımlar edirəm, amma bu barədə danışmaq istəmirəm. Müğənnilərin, məşhurların da içindən gəlirsə, yardım edirsə, bu yaxşı qəbul edilməlidir. Bilirsiniz, gözəl bir missal var ki, yaxşılığı et, at dəryaya, balıq bilməsə də, Xaliq bilər. Biz bu yaxşılığı ediriksə, bunu Allahın yolunda edirik və Allah yolunda edilən iş heç vaxt üzə çıxmamalıdır. Heç vaxt o iş reklam olunmamalıdır. Amma hər halda, mən müğənnilərimizin əziyyətini qiymətləndirirəm, onların içindən gəlirsə, ürəkləri. istəyirsə qoy etsinlər. İndi kamera ilə getmək, çəkmək istəyirlərsə özləri bilər. Düşünmürəm ki, bu böyük bir qəbahətdir. Əsas odur ki, kimlərəsə yardım edilir. İnanın, müğənnilərin qazancı bir o qədər də böyük deyil. Qazanc olsa da, təsəvvür edilən qədər böyük deyil. Hər kəs öz ailəsinə, öz nəslinə köməklik göstərir. Nəsildə bir müğənni varsa, bütün nəsli saxlamalıdır. Xaricdə müğənnilər bir addım özündən sağa, qohumlarına əl tutmurlar. Amma bizdə vəziyyət fərqlidir, mentalitet, xarakter başqadır, biz istiqanlı millətik. Mən heç vaxt razı olmaram ki, özüm evimdə oturum plov yeyim, lakin mənim bacı-qardaşım, xalam, əmim, dayım, qohum-əqrəbam pendir-çörək yesin. Biz buna nə göz yuma bilərik, nə də o yediyimiz yemək boğazımızdan keçər. Ona görə də bütün nəsilə nə vaxt nə yardım lazımdırsa, o qazandığımız bir-iki toydan mütləq edirik, onlara da əl tuturuq. Mən yaradılandan onlara əl tutmuşam, kömək etmişəm, istər maddi, istər mənəvi, ancaq heç vaxt bunu biruzə verməmişəm. Heç bundan sonra da verməyəcəyəm, Allah bilir, mən bilirəm, yetər.
- Səhnədən, sənətdən uzaq düşən Xalq artistimiz səhnə üçün darıxırmı?
- Mən deyərdim ki, bir o qədər də yox. Çünki biz tempdəyik, onlayn solo konsertlər də veririk. Yenə telekanallardan zənglər olsa, canlı-canlı oxuyacağam. İnanın ki, mətbəxdə belə iş görəndə bir də görürsən ki, elə ürəkdən, içdən oxumaq istəyirəm ki. Bəlkə də bu darıxmaqdan irəli gəlir. Evdə oxuduğum duaları belə hər zaman avazla oxuyuram. Duaları heç vaxt kitabı əlimə alıb elə-belə oxumuram, hamısını avazla oxuyuram və bir toxtaxlıq tapıram, rahatlıq gəlir. Allahdan səbr diləyək. Bu günlərdə darıxan insanlara səbr diləyirəm. Problemləri olan insanlara demək istəyirəm ki, ürəkdən Allahdan istəyin, inanın ki, Allah onu sizə yetirəcək. Heç vaxt “Allah mənə kömək ol” sözünü əsirgəməyin. Yardımı, sağlamlığı, ruzini, gözəlliyi, hər şeyi Allahdan istəmək lazımdır. Bu gözəl günlərdə oruc tutan insanların, orucunun qəbul olunmağını istəyirəm, namaz qılanların namazları, duaları qəbul olunsun. Səbrli olaq, keçirdiyimiz hər çətin günün qarşılığı gələcəkdə gözəl günlər olacaq, bunu gözləyək. İnsanlar əmin olsun ki, nə qədər ağır gün yaşasalar, Allah onlara ikiqat xeyirli, gözəl günlər nəsib edəcək.
Əsmətxanım
Telegram kanalımız