“İstənilən qida məhsulu fermer təsərrüfatından istehlakçıya çatana qədər “soyuq zəncir” prinsipi ilə daşınmalı və saxlanmalıdır. Bu prinsip pozulduqda qida artıq çirklənmiş və təhlükəli hesab olunur. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bu prinsipə əməl olunmasını təmin etməyə çalışır”.
Bu sözləri “Yeni Sabah”a açıqlamasında Azad İstehlakçılar Birliyinin(AİB) sədri Eyyub Hüseynov bildirib. Onun sözlərinə görə, AİB-nə tez-tez şikayətlər daxil olur ki, yeni alınmış, son istifadə tarixinə hələ vaxt olan yoqurt və digər süd məhsulları göyərib və ya xarab olub:
“Bu, soyuq zəncir prinsipinin haradasa mütləq pozulduğunu göstərir. Təəssüf ki, AQTA bütün satış nöqtələrinə eyni dərəcədə tam nəzarət edə bilmir. Mən AQTA yanında İctimai Şurada 2 il fəaliyyət göstərərkən təklif vermişdim ki, mağazaların soyuducu sistemlərində monitorinqlər aparaq. Çünki bəzi mağazalar elektrik enerjisinə qənaət etmək üçün soyuducuları lazımi temperaturda saxlamırlar, nəticədə qidalar tez xarab olur. Bəzən isə məhsullar elə anbarların özündə xarab vəziyyətdə saxlanılır. Xüsusilə yay mövsümündə süd məhsulları ilə bağlı şikayətlərin sayı kəskin artır. Sezar pizza
Qida təhlükəsizliyi standartlarına əməl olunmasına AQTA və onun müvafiq strukturları nəzarət edir. Məhsullar bəzən dövlət standartları (AZS, QOST) ilə deyil, müəssisənin fərdi Texniki Şərtləri (TŞ) əsasında buraxılır. İstehlakçılar mal alarkən üzərində “TŞ” yazılıbsa, bilməlidirlər ki, bu, fərdi müəssisə standartıdır. Üzərində “AZS” (Azərbaycan Standartı) və ya “QOST” nişanı olan məhsullar isə vahid dövlət və dövlətlərarası standartlara tam uyğundur”.

E.Hüseynov qeyd edib ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanuna əsasən, markalanması (etiketi) olmayan və mənşəyi məlum olmayan malların satışına görə birbaşa satıcı cavabdehlik daşıyır:
“Bəzi kiçik marketlərdə və meyvə-tərəvəz dükanlarında, eləcə də metro çıxışlarında heç bir etiketi olmayan, harada və necə istehsal olunduğu bilinməyən qidalar satılır. Bunlar ciddi təhlükə mənbəyidir və satışa götürülməməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanuna əsasən, markalanması (etiketi) olmayan və mənşəyi məlum olmayan malların satışına görə birbaşa satıcı cavabdehlik daşıyır. AQTA bu cür gizli istehsalçıları aşkar etməli və belə halların qarşısını almalıdır.
İstehlakçılar həmçinin bilməlidirlər ki, xaricdən gələn bəzi malların (xüsusilə kolbasa, sosiska və süd məhsullarının) saxlama müddətini uzatmaq üçün onlara daha çox kimyəvi qatqılar vurulur. Ona görə də yerli məhsullara üstünlük verilməsi daha məqsədəuyğundur. Keçmiş iqtisadiyyat nazirinin məşhur bir sözü var: 'Hamı yerli mal alsın, xeyir vətənə qalsın!”
Qida eksperti Ağa Salamovun sözlərinə görə, yay mövsümündə marketlərdə demək olar ki, bütün məhsullar risk altındadır. Lakin ən riskli məhsullar ət, toyuq, balıq, yumurta və süd məhsullarıdır:

“Məsələn, marketlərdə havaların istiləşməsi ilə bağlı kolbasa məhsullarına xüsusi diqqət yetirilməlidir. Çünki bəzi hallarda soyuducu sistemləri kifayət qədər effektiv olmur və lazımi temperatur təmin edilmədikdə kolbasalarda kiflənmə və xarab olma halları baş verə bilər. Market sahibləri bu cür məhsulların saxlanılmasına daha ciddi nəzarət etməlidirlər.
Süd məhsulları və dondurmalar da xüsusi diqqət tələb edir. Bəzən dondurmalar soyuducudan çıxarıldıqdan sonra cihazın qapısı açıq qalır və temperatur yüksəlir. Bu zaman məhsul qismən əriyir və yenidən donur. Bu proses təkrarlandıqca məhsulun mikrobioloji keyfiyyəti pisləşir və istehlakçı üçün risk artır. Ona görə də dondurucuların temperatur rejimi düzgün tənzimlənməlidir.
Diqqət yetirilməli məqamlardan biri də qablaşdırmanın vəziyyətidir. Dondurma və digər dondurulmuş məhsullar alınarkən qablaşdırması deformasiyaya uğramış məhsullardan çəkinmək lazımdır.
Ət məhsullarına gəlincə, yay mövsümündə xüsusi diqqət tələb olunur. Bəzi marketlərdə ət məhsulları doğranarkən uzun müddət otaq temperaturunda qalır ki, bu da yol verilməz haldır. Belə məhsullar dərhal soyuducuya yerləşdirilməlidir”.
Ekspert qeyd edib ki, marketlərdə həşərat və gəmiricilərə qarşı dezinfeksiya və dərmanlama tədbirləri mövsümdən asılı olmayaraq mütəmadi şəkildə aparılmalıdır:
“Toyuq və balıq məhsulları alınarkən isə istehlakçılar məhsulun rənginə, qoxusuna və səthində şirə və ya yapışqanlıq olub-olmamasına diqqət etməlidirlər. Bu əlamətlər məhsulun keyfiyyətinin pisləşdiyini göstərə bilər”.
Cəlalə Cəlalqızı
Telegram kanalımız