“Yazıb ki, Əlisa Nicatın oğlu yoxdur ona baxsın?!”

saytların hazırlanması

Evə çatdırılma

“Yazıb ki, Əlisa Nicatın oğlu yoxdur ona baxsın?!”

Yazar

04 Dekabr 2022 14:40 14657


Çərşənbə günü saat 14:56-da Şahbaz Xuduoğu öz feysbuk səhifəsində belə bir yazı paylaşdı: “Əlisa Nicatdan soruşuram, qalın geyinmisən, çox üşüyürsən? Deyir, ev soyuqdur. 

- Bəs qaz gəlmir?

- Qaz peçi var, gecə 2-3 saat yandırıb sonra söndürürəm. Pul çox yazır, çatdıra bilmirəm. pizza

Əlisa Nicatın 87 yaşı var, 100-dən çox kitabın müəllifidir.” 

11 cümləlik bu dialoq mənə 1920-ci ildən 2022-ci ilin noyabr ayının 30-na qədər 102 illik Azərbaycan ədəbiyyatında bir tikə çörəklə imtahana çəkilmiş, ağır, məşəqqətli həyat sürmüş ədiblərimizi xatırlatdı, sizlərə də xatırladacağam, lakin ilk öncə Şahbaz bəyə öz dərin minnətdarlığımı, hörmət və şükranlarımı bildirirəm. Şahbaz bəy, var olun, qələminiz iti, zehniniz açıq, qəlbiniz fərah, qazancınız bərəkətli ola. 

Kaş ki, Məhəmməd Hadi öz əlyazmalarını Bakı küçələrində satanda sizin kimi bir ziyalımız olardı, 11 cümləlik fəryad edərdiniz, Hadini maddi sıxıntıdan qurtarardınız...

Özümdən demirəm, ha... Abdulla Şaiq "Xatirələrim" kitabında yazır:"Bir gün küçədə sərxoş halda mənə təsadüf etdi. "Hərarətli şeirlərim" sərlövhəli mənzuməsini mənə uzadaraq: "Al, beş manat ver!" - dedi. Mən cibimdə olan on manatımın hamısını ona verdim. O, diqqətlə üzümə baxdıqda məni tanıdı və pulu ovcuma qoyub məni qucaqladı. Çox mütəəssir idi. "Şaiqciyim, bağışla, tanımadım" - dedi. Nə qədər israr etdim, pulu almadı.(Vikipediya, Məhəmməd Hadi.) Bu məlumatla bərabər əlahəzrət vikibediya yazır: “1918-ci ildə Qafqaz ordusundan qayıtdıqdan sonra Məhəmməd Hadi bir müddət Gəncədə qalır və sonra Bakıya gəlir. Bu zaman şair maddi ehtiyac içində idi. Yerli hökumət adamları şairin taleyi ilə maraqlanmırdılar.” Xeyli xub, yerli hökumət adamları şairin taleyi ilə maraqlanmırdı...

İl oldu 1920. Yerli hökumət yıxıldı, yerində yersiz hökumət quruldu. Yerli hökumətin Cumhuriyyətin himnini yazmış Əhməd Cavad Quba qəzasının Xuluq kəndinə sığındı. Ona yersiz hökumətin adamları bir daxma verdilər və qış günündə dahi Əhməd Cavad o daxmada soyuqdan dona-dona “Aşağı-Ləngər Xuluqda” şeirini yazdı:

                                         Yığıldı hamısı-ağsaqqal hampa,

                                         Boyun oldu hər şey, bir də bir lampa.

                                         Gəldilər, lampa var, şüşə yox amma,

                                         Yandıraqmı hava qazı Xuluqda?

Xuluq kəndi indiki Qusar rayonunun ən ucqar kəndidir. Əhməd Cavad Əlisa Nicat kimi heç iki saatlıq da yandırmağa qaz tapmır və yazırdı:

                                    Gecə qar, gündüz qar, axşam, sabah, qar,

                                    Deməzlər ki, burda bir müəllim var...

                                    Bağlamış qapını cüt arvadlılar,

                                   Qızdırıb söhbəti-sazı Xuluqda.

Birdən adama elə gəlir ki, bu misraları dahi Əhməd Cavad 102 il bundan əvvəl yox, 2022-ci il, noyabr ayının 30-u, Xuluqda yox, Bakının Masazır kəndində Əlisa Nicatın lap yaxınlığında yazıb.

İl oldu 1931. Yerli hökumət adamları dedikləri cumhuriyyətçilər dərbədər salındı, yerli hökumət adamları yersiz sovet adamları ilə əvəzləndi, ədəbiyyatımıza yeni “nəfəs” gəldi, başladılar yazmağa:

Meydan sənin,

Söz sənin,

sənə bu gün

tələb verir

bu sosialist vətənin!

Bu sadə bir umğu,

bir arzu deyil,

bu, tələbdir,

yaxşı bil!

Kim ki bu obrazlı tələbi dilə gətirdi, kim ki bu tələbə qulaq, baş, boyun, omba əydi, o adamların özləri də, övladları da, nəvələri də, nəticələri də, kötükcələri də bu tələbin istisinə sığındı, qızındı, yağ-bal içində yaşadı. 

Kim ki yazdı: “Layka edir göydə ham-ham, mən alıram yerdə ondan ilham”, o adamlar orden aldı, medal aldı, ev aldı, soba aldı, kreslo aldı...

İl oldu 1932-ci il. Böyük Cəlil Məmmədquluzadə 1931-ci ilin son aylarını 32-ci ilin 4 gününü soyuqdan əlyazmalarını sobada yandırıb isindi...

İl oldu 1937-ci il. Sürgün. Güllələnmə. Ən yaxşı halda ilik donduran Sibir çölləri. 

Hüseyn Cavid, Əhməd Cavad, Mikayıl Müşfiq... öldürülən kim, soyuqdan donan kim...

İl oldu 2022-ci il. Əlisa Nicat 87-yaşında. Nurani, mehriban dünya malında gözü olmayan, evinə gələn qonağı görüb uşaq kimi sevinən Əlisa Nicat.  

Şahbaz Xuduoğlu Əlisa Nicatın xələfləri kimi acınacaqlı həyatını ictimailəşdirdikdən sonra əhli-qələm, ikiarvadlılar, xanımlar, cənablar isti evlərindən  feysbukda münasibətlərini bildirdilər. Ürəyi yanan kim, özünə xal qazanan kim... Bir naşircik yazıb ki, ey müsəlmanlar bəs mən filan gün, filan saat, filan mağazamda Əlisa Nicatın filan qədər kitabını basdırmışam, gəlin alın... bəh! Deyirəm, yaxşı ki varsan e... Sürdüyün maşının 1 saatda yandırdığı 95-oktanlı benzin, Əlisa Nicatın evində yandırdığı bir günlük təbii qazdan çox pul edir, görəsən, niyə Əlisa Nicatda onlar yoxdur? Ey dili qafil, bəlkə, Əlisa Nicatdan çox yazmısan, bəlkə, ondan daha savadlısan?!

Başqa bir xanım əfəndi yazıb ki, ey müsəlmanlar, bəs bu Əlisa Nicatın oğlu, qızı yoxdur ki, aparıb papasını evində saxlasın? Qalırsan yana-yana... Deyirsən, ay xanım, ay canım, Əlisa Nicatı oğlu niyə ona baxmalıdır? Deyir ki, bəs milli duyğular, atalar, oğullar...

O biri deyir ki, mən bu sinnidə Əlisa Nicatın evinə necə gedib baxım ki, Əlisa müəllim hava qazı yandırır, yoxsa təbii qaz? Adam istəyir, diz çökə ağsaqallıların qarşısında deyə ki, a dədəm qurban, a nənəm qurban, bə sən ta uzaq Avropadan, Afrikadan qottendotları, yazıçı, şair, nasir, həsir və məmmədnəsirləri gətirib Bakıda 5 ulduzlu otellərdə qonaqlaya bilirsən, özün gedib isti qumsallarda istirahət edə bilirsən, Biləcəridən o tərəfə keçə bilmirsən? Masazıra gedə bilmirsən?

Suallar çox,  elə cavablar da çoxdur... 

Çox şükür ki, Şahbaz Xuduoğlu kimi ziyalılar var, dövlətimiz var və bir də Allah var...

Bəhram Cəfəroğlu 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!