“Yəqin ki, Delyagin təlxək Jirinovskinin yerini tutmaq istəyir“  - Xalq yazıçısı

“Yəqin ki, Delyagin təlxək Jirinovskinin yerini tutmaq istəyir“ - Xalq yazıçısı

Yazar Saytların hazırlanması

30 Mart 2022 17:22 3267


Xalq yazıçısı, Əməkdar incəsənət xadimi Natiq Rəsulzadənin “Yeni Sabah”a müsahibəsi:

- "Spravedlivaya Rossiya" partiyasından olan deputat Mixail Delyaginin Azərbaycan haqqında səsləndirdiyi təhdidkar fikirlərə bələdsiniz. Sizcə, rus siyasətçilərinin Azərbaycana mütəmadi olaraq təhqir və təhdid yağdırması şəxsi mövqeyin izharıdır, yoxsa düşünülmüş siyasətdir?

- Mixail Delyagin, yəqin ki, təlxək Vladimir Jirinovskinin yerini tutmaq istəyir. Ona görə də, belə məsuliyyətsiz, deputata yaraşmayan sözlər deyib və bunu, əlbəttə, heç kim ciddi qəbul etməyib. Amma biz bu açıqlamanı çox ciddi qəbul etməliyik.

Bu açıqlama mətbuata çıxan kimi, Çingiz Abdullayev “Pen Klubu”n prezidenti, mən isə vitse-prezidenti kimi Rusiya Dövlət Dumasına məktub göndərdik, sözümüzü çox kəskin şəkildə dedik.

İnanmıram ki, bu, düşünülmüş siyasət olsun. Çünki insanlar müxtəlifdir. Rusiya Duması deputatları arasında Jirinovski başda olmaqla, doğrudan da təlxəyəbənzər şəxslər var. Onlar çalışırlar ki, hər sözü elə desinlər ki, ətrafındakılar alqışlasın, desinlər ki, paho, necə də cəsarətli adamdır... Amma yenə deyirəm, inanmıram ki, bu, Rusiyanın Azərbaycana qarşı düşünülmüş siyasəti olsun.

- Ukraynada amansız müharibə gedir. Sizcə, niyə rus ictimai fikrinin çox kiçik bir hissəsi Vladimir Putinin təcavüzkar siyasətinin əleyhinə çıxır? Bu, rus milli düşüncəsinin şovinist xarakterindən irəli gəlir?

- Bu, həmişə belə olub. Hətta sovet dövründə də eybəcər siyasət əleyhinə çox az adam çıxırdı. Çıxanları da məcbur edirdilər ya xaricə qaçsın, ya dəlixanaya düşsün, ya da həbsxanaya. 

Hamı ayağa qalxıb "Yox, Putin düz etmir, gəlin, onu taxtdan salaq" deyə bilməz. Rusiya siyasətinin pərəstişkarları çoxdur. Onlar da həmişə rus ictimai mühitində üstünlük təşkil edirlər.

- Azərbaycan olaraq Jirinovski, Milonov, Delyaqin kimilərin siyasi təhdidlərinə necə cavab verə bilərik? Yalnız şifahi formada?

- Belə şeyləri boş buraxmaq olmaz. Bu gün biri deyib, sabah başqası kəskin və axmaq bir şəkildə çıxış edə bilər. Ona görə də, parlamentimiz buna cavab verməlidir. Bu cür təhdidkarlarla var gücümüzlə mübarizə aparmalıyıq.

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!