Həqiqətən olmur, qardaş. Amma sənin dediyin “yüz iş” bir yana, biz özümüz də gah bir-birimizi, gah da özümüzü yaşamağa qoymuruq. Hələ sən yaxşısan, tanrı qulağına nə zamansa demişdi ki, az yaşayacaqsan. Bizə isə onu da deyən yoxdu, yüzə çatmağa imkan verən də.
Sənə nə var? Hələ sağlığında da bu dünyada olmayacağın günləri vəsf edə bilmişdin:
Çıxıb getdim əcəl gəlcək, pizza sifarişi
Nə peşmanam, nə sevincək.
Min il əvvəl olanlar tək
Doğuldum, yaşadım, öldüm.
Bu gün - iyulun 10-u sənin ad günün idi, Mətləb Nağı. Allah rəhmət eləsin!
Amma o şeirdə bir az “ağ eləmişdin”- deyəsən. Sən min il əvvəl olanlar tək olmadığın kimi, min il əvvəl ölənlər tək də ölməmişdin. Mən sənə bizim iş yerimizdə, dəhlizdə, beş-altı adamın yanında demişdim ki, Mətləb Nağı mənə paxıllıq hissini yaşadan insandır. Çünki mən tutduğum yolun doğru, seçdiyim mövqenin həqiqət olduğunu bildiyimə görə başqa yolla gedənlərin heç birini doğruluğa, həqiqətə dəvət edə bilmir, onları sözlə, qələmlə sancır, doğrayırdım. Sən isə daha ədalətli olmağı bacarırsanmış. Həmin ədalət sənə deyirdi ki, əyri yoldakıları da haqqa çağır, pis mövqedəkilərin də düz mövqeyə cəlb edilməsinə çalış. Sən buna çalışırdın və bacarırdın. Sənin həmin bacarığına paxıllığım tuturdu.
Sən eyni gündə yazdığın şeirlərlə gözəlliyi vəsf eləməklə yanaşı, çirkinliyi, eybəcərliyi ( təbii ki, mənəvi keyfiyyətləri nəzərdə tuturam) islah etməyə də çalışırdın və buna nail olurdun. Sən eyni gündə yazdığın şeirlərlə iqtidarı da tənqid edirdin, müxalifəti də, iqtidarı da müdafiə edirdin, müxalifəti də. Bəlkə elə ona görə deyirdin ki:
Məni sevən az idi,
Mən hamını sevirdim.
Hamını sevmək məsələsində eynilə Mirzə Ələkbər Sabir kimi idin. Nə qədər dərin sətiraltı məramların var idi. Televizor ekranına yayxanıb : “Əgər Mirzə Cəlilin davamçısı mənəmsə...” deyərək, döşünə döyən, millətə minnət qoyan zatları çox görmüşdük. Ancaq sən bircə dəfə də olsun, öz şeirlərin haqqında müsbət fikir səsləndirmədin. Hər halda biz eşitmədik.
Yazırdın ki:
Yüz il yaşamaq olmur –
içindın yüz iş şıxır.
Düz əməldən əyri iş,
əyridən düz iş şıxır.
Yəni düzü də ilahiləşdirmirdin, əyrini də məhv eləmirdin. Eşq olsun, belə ürəyə.
... Sənin sözdə, ədəbiyyatda, müəllimlikdə, yoldaşlıqda sərgilədiyin böyüklük mənim atamın tövsiyələrindən birinə əməl etməməyimə səbəb olmuşdu. Atam həmişə keçmiş atalara istinadən deyirdi ki, çağırılmadığın yerə getmə. “Baş üstdə” demişdim və getmirdim. Ancaq sənin qızın Aygülün ( bəlkə də Gülcahanın xeyir işi idi) toyuna mən çağırılmamış, dəvət olunmadan getdim. O məclisi “dar eləməyimin” əsas səbəbi isə sənin sağlığında gördüyüm insanlıq nümunələrini sənin yoxluğunda da görmək istəyi idi.
O toya iş yoldaşımız İlqar Həsənov da dəvət edilmişdi. Ancaq İlqar Zaqatalada rəsmi tədbirdə iştirak etdiyinə görə toya onun oğlu İbrahimlə getdik. Mən əvvəllər də İbrahimlə bir toyda olmuşdum. Yəni onun məclisdə çörək yemədiyini bilirdim. Özümün isə toy süfrəsindəki bütün nemətlərdən “yaxşı” bəhrələndiyimi də yaxşı bilirdim. Ancaq o toyda...
Təxminən yarım saat, qırx dəqiqə oturandan sonra İbrahimə dedim ki, çörək kəs. O isə mənə qayıtdı ki, bəs siz nə üçün yemirsiniz? Yəni iş o yerə çatmışdı ki, hətta atası da məndən xeyli cavan olan gənc stol yoldaşım mənim çörək kəsə bilmədiyimin fərqinə varmışdı. Mən sanki süfrəni görmürdüm. Çünki gözüm səni axtarırdı. Elə bilirdim ki, toyda görünəcəksən... Görünmədin. Amma şeirlərin görünürdü.
Məni sevən qadın, sevdiyim qadın!
Qızlarını al yanına, qoyma onlara qəm toxunsun.
Axşamlar ürəyindən keçən şeirimi
Aygülə de, səninçün oxusun.
Bax, belə. Bir dəfə Facebookda yazmışdım ki, məni öldürsə, Mətləbin Ərəbqardaşbəylidə yazdığı şeirlər öldürəcək. Çünki onun həmin hissləri mənə doğmadan da doğmadır. Tanışdan da tanışdır. Ancaq o sətirləri mən yaza bilməmişəm:
Açılıb dili, nə yaxşı,
Üstümdə əli, nə yaxşı.
Qayıdıb gəlib, nə yaxşı,
Öz uşaqları bu evin.
........
Dünyadır, sevin, sevinin,
Tərsini, üzünü çevirin.
Ölsəm, üzümü çevirin
Səmtinə sarı bu evin...
1 iyun, 2000-ci il. Ərəbqardaşbəyli.
2007-ci ildə İlham Abbasovun təşəbbüsüylə Mətləb Nağının yazılarından və onun haqqında olan məqalələrdən ibarət “Yaşamaq istəyirdim...” adlı 350 səhifəlik bir kitab ərsəyə gətirilmişdi. O kitabda mənim “Ruhu dinən yerdə sözü uzatmayan şair” adlı geniş yazım verilmişdi. Həmin yazı bu cümlələrlə bitirdi:
“Mətləbin bu yaşda ölümü barədə eşitdiyimiz xəbər sübut etdi ki, həqiqətən də, 1986-cı ildə Tanrı onun quıağına nə isə pıçıldayıbmış. Mətləb həmin il yazmışdı: “Tanrım qulağıma pıçıldayıb ki, mən cavan öləcəm, mən tez öləcəm”. Tanrının ünsiyyət qurduğu adam haqqında isə bizim nəsə yazmağımız...
Bu yerdə yazıya nöqtə qoymaqdan başqa heç bir sözə ehtiyac qalmadı”.
İttifaq MİRZƏBƏYLİ,
Əməkdar jurnalist
Telegram kanalımız