Ötən gün "Yeni Sabah" oxucularına maraqlı bir yazı təqdim etmişdi. Bizim saytda maraqlı yazılar çox olduğu üçün ayrıca izahat vermək istəyirəm: söhbət "Zakir Qaralov bir şillə ilə yerə yıxıldı" adlı məqalədən gedir.
Həmin məqalə mərhum Baş prokuror Murad Babayevin 1990-cı ildə keçirilən parlament seçkilərində vəkili olmuş yazıçı-jurnalist Sərməst Seyidəliyevin xatirəsi əsasında hazırlanmışdı. Sərməst müəllimin sözlərinə görə, Murad Babayev 31 il əvvəl Baş prokuror olanda həmin vaxt Nəsimi rayon prokurorluğunda çalışan Zakir Qaralovla qarşılaşıb. Qaralov içkili vəziyyətdə olduğu üçün Baş prokurorunun sözünü qaytarıb, artıq-əskik danışıb. Murad müəllim də tənbəllik eləməyib onun qulağının dibinə yağlı bir şillə ilişdirib. Müvazinətini saxlaya bilməyən Qaralov ağzı üstə yerə yıxılıb...
Sözümün canı başqadır, bu yazı maraqla qarşılandı. Minlərlə insan oxudu, yüzlərlə insan rəy yazdı. Qulp qoymaq köhnə adətimizdir axı. Təbii ki, ağız əyən, dodaq büzənlər də oldu. Narazıların bircə iradı vardı. Hamısı bir ağızdan soruşurdu ki, niyə bu hadisəni Zakir Qaralov Baş prokuror olanda yazmırdınız. Sezar pizza
Mənim xəmirim sözlə yoğrulub, onların nəyə eyham vurduqlarını yaxşı anlayıram. Demək istəyirlər ki, Baş prokurordan qorxduğunuz üçün o vaxt deyil, indi yazırsınız...
Saxta adla yazan biri canımı lap boğazıma yığdı. Söhbətə nöqtə qoymaq üçün ona eşitmək istədiyi cavabı verdim: Zakir Qaralov Baş prokuror olanda bir şillə ilə yıxıldığını yazsaydıq, bizim özümüzü bir çırtma ilə yıxardılar...
Zarafatla deyilmiş bu sözlərin arxasında deyə bilmədiyimiz böyük bir həqiqət gizlənir. Elə bilirsiniz, Baş prokurorun əleyhinə yazmaq asandır?
Yaxşı olardı ki, bütün vəzifəli şəxslərdən, o cümlədən Baş prokurordan zamanında yaza bilək. Onun işi cinayətkarları tutmaq, bizim işimiz isə həqiqətlərə işıq tutmaqdır.
Seymur VERDİZADƏ
Telegram kanalımız