Premyer Liqamızda 27-ci turun oyunları ilə demək olar ki, hər bir şeyə aydınlıq gəldi. Təkcə “Keşlə”nin vəziyyətindən başqa.
Bir az əvvələ qayıdaq. Yəni, 27-ci turun keçirilmədiyi və başlamadığı zamana.
26-cı turdan sonra “Keşlə”nin 20, “Sumqayıt”ın isə 23 xalı var idi. Sonuncu pillədən qurtulmaq üçün “Keşlə” “Zirə”yə qalib gəlməli idi. Söz yox ki, “Sumqayıt” “Sabah”ı udsa, arada 3 xallıq fərq yenə qalacaqdı. Amma ən azından 6 xallıq fərq yaratmadan son turda da “Səbail”ə qalib gəlib çempionatın “alovunun” istiqamətini dəyişdirə bilərdi, amma bilmədi. Dördpendirli pizza
“Zirə”yə doğma meydanda 1:3 hesabı ilə uduzaraq öz əlləri ilə “sonuncu pilləni öpüb gözünün üstünə qoydu”. Mövsüm əvvəlində “Sumqayıt” futbol camiəsinin gözündə autsayder görünsə də, “kimyaçılar” bu adı özlərinə layiq bilmədilər. Əvvəlcə yaxın rəqibi “Keşlə” ilə 1, sonra 3, daha sonra 6 xallıq fərq yaradan Sumqayıt təmsilçisi axırıncı matçda da “Sabah”ı udub sonunculuqdan “yaxasını çəkdi”.
Beləliklə, son tura nə isə qalmadı. “Keşlə” son matçda “Sabah”ı udsa, “Sumqayıt” “Qəbələ”yə məğlub olsa belə, vəziyyət dəyişməyəcək.
Şərtlərə əsasən, “Keşlə” gələn mövsüm diviziona yuvarlanmalıdır. Onun yerinə isə aşağı divizion çempionu MOİK çempionatımıza təşrif buyurmalıdır. Amma belə görünür, “Keşlə” çempionatı tərk etməyəcək. Klubun mətbuat xidmətindən saytımıza verilən açıqlamada da divizona düşüb-düşməmək barədə dəqiq nəyinsə olmadığı bildirildi: “Hələ heç nə məlum deyil. Bu məsələni AFFA-ın İcraiyyə Komitəsi həll etməlidir”.
Sual. Hansı qərarla, nəyə əsasən “Keşlə”yə belə şans tanınır? Bu “şirin” şansdan keçən mövsümdə Gəncə futbolunu təmsil edən “Kəpəz”ə niyə verilmədi? “Keşlə” Bakı klubudur, “Kəpəz” region ona görə, ya “cibəgirmələ” daha yaxşı rol “oynayır”?
Söz yox, çempionatda son dağıdılan klublar içərsində eyni ildən olan yeganə qalan “Keşlə”dir. Dağılması Azərbaycan çempionatına vurulan zərbədir, yaxşı hal deyil. Biz də istəmərik. 2004-cü ildən yaranan klub “İnter” adı ilə sevilib, azdan-çoxdan ətrafına azarkeş toplaya bilib. Amma bəs qaydalar-qanunlar? Qanun hamı üçündür, düzdürmü? “Keşlə”də qara qaş, qara göz yoxdur ki. Çempionatdakı komandalar çoxalsın, “Keşlə” də dağılmasın. İstəyimiz klubun yerli-dibli silinməsi, yox olması, divizona getməsi deyil. Sadəcə olaraq, ədalət axtarırıq. Bəs, komanda çoxalması AFFA-nın ürəyincədirmi, o gözəl könlünü şad edirmi?
Elxan Məmmədovun bu barədə açıqlamasını oxusaq, hə, o bizdən daha çox istəyir. O açıqlamadan sonra bir də çempionatdakı komandaların sayına, haranı təmsil etdiyinə baxsaq, bəli, bu zaman vəziyyət bir az kritikləşir. Elxan Məmmədovun danışığı hara, bizim nəzər yetirdiyimiz məsələ hara. Tərs mütənasib deyilmi sizcə də?!
İndi qayıdaq yenə əsas mövzu dairəmizə-“Keşlə”yə. “Keşlə” barədə qısa bir araşdırmaya nəzər yetirək. Kimlərindir, kimlərdəndir?
“Keşlə”nin ən məsul şəxsi Zaur Axundovdur. Axundov həm də AFFA-nın İcraiyyə Komitəsinin üzvüdür. Əldə etdiyimiz digər mənbədə Axundovun Rövnəq Abdullayevin qohumu olduğu da göstərilir. Rövnəq Abdullayev də AFFA-nın prezidenti. Aha. Qaranlıq məqamlara deyəsən, bir az işıq gəlir. Səbəblərin görünməyən tərəfləri görünməyə başlayır. “Keşlə” çempionatda qalır, ya saxlayırlar?
Bu qədər faktdan sonra, məncə 2-ci variant. Sənin maliyyə problemlərin yaxşıdırsa, daha doğrusu, gəlir yerin yaxşıdırsa, sən “göz üstündə” saxlanmağa layiqsən, “Keşlə”! Bu qədər dərinə də getmək lazım deyildi. Səhv etdik. Alan razı, satan razı, region klublarının “atasının goruna salavat çevirən” hamıdan razı. Bunların müzakirəsi də bizə düşməz.
Yenə də qeyd edirəm, bu gedişlə hələ çox qeyd edəcəm: Azərbaycan futbolunda xoş gördük sizləri!
Naibə Məmmədova
Telegram kanalımız