“Məncə, Zərdabinin 150 illiyi münasibətilə ona ən böyük töhfə o olardı ki, abidəsi İçərişəhərin qala divarları arasından çıxarılıb daha görünən bir məkanda – dediyim kimi, maarif və təhsil ocaqlarının, teatrların və ya xeyriyyə cəmiyyətlərinin qarşısında ucaldılsın”.
Bu fikirləri “Yeni Sabah”a Zərdabi şəxsiyyətinə və irsinə dair bir sıra əsərlərin müəllifi, ədəbiyyatşünas-alim və diplomat Vilayət Quliyev açıqlayıb.
Onun sözlərinə görə, məsələyə hər bir ziyalı, hər bir azərbaycanlı öz münasibətini bildirməlidir: pizza
“Hesab edirəm ki, Anar müəllim düzgün fikir bildirib. Yəni təkcə ona görə yox ki, orada restoran var, ümumiyyətlə, İçərişəhər qapalı bir ərazidir və orada Zərdabinin abidəsi elə də görünmür.
İkincisi, Zərdabi həm Azərbaycan teatrının, həm müasir təhsil sisteminin, həm Azərbaycan mətbuatının, həm qadın təhsilinin, həm də ilk xeyriyyə cəmiyyətinin yaradıcısıdır. Ona görə də onun abidəsinin bu sahələrlə bağlı qurumların yaxınlığında yerləşdirilməsi daha məqsədəuyğun olardı.
Təbii ki, abidənin yeri barədə qərar vermək müvafiq icra orqanlarının vəzifəsidir. Sifarişlə “mütləq burada qoyulsun” demək olmaz, amma dediyim sahələrlə – təhsil, teatr, maarif və ya orta məktəb kimi məkanlarla əlaqəli bir yerdə ucaldılması daha məntiqli görünərdi. Bu halda o, qurucusu olduğu sahələrin öncülü kimi daha görünən və daha layiqli bir məkanda olar”.
V. Quliyev qeyd edib ki, Zərdabiyə ucaldılmış abidənin yer dəyişməsu həlli çətin olmayan bir məsələdir:
“Yəqin ki, münasib qərar veriləcək və mən də bu fikrin tərəfdarıyam".
Ədəbiyyatşünas-alim Həsən bəy Zərdabinin məzar yerinin 3 dəfə dəyişdirilməsi iddialarını da cavablandırıb:
"3 dəfə yox, 2 dəfə dəyişdirilib. Əvvəlcə o, Salyan şossesi istiqamətində, Şıx kəndində o dövrün mötəbər məzarlığında dəfn olunub. Bu barədə mən yeni çıxan “Yorulmaz Əkinçi Həsən bəy Zərdabi” kitabımda da yazmışam”.
“Ümumiyyətlə, XIX əsrin sonlarından etibarən Bakı şəhər Dumasının üzvü kimi Bakını Azərbaycanın və azərbaycanlıların mərkəzinə, baş şəhərinə, nəhayət paytaxtına çevrilməsi məsələsində Həsən bəyin müstəsna rolu olmuşdu. Bu mənada şəhərimiz onun ruhu qarşısında borcludur. Yaradıcısı olduğu milli mətbuatın 150 illiyinin bayram edildiyi indiki günlərdə ən azı abidəsinə daha diqqətli münasibət göstərməklə həmin borcu qaytarmaq yerinə düşərdi”, - deyə sonda Vilayət Quliyev əlavə edib.
Xatıladaq ki, dekabrın 8-də AYB sədri Anar Rzayev Esiklopediya binası qarşısında milli mətbuatımızın banisinə ucaldılmış abidənin yerinin dəyişdirilməsini təklif edib. O bunu binanın birinci mərtəbəsində "La Quzu" restoranının yerləşməsi, buna görə də mənfi təəssürat yaranması ilə əsaslandırıb. Lakin onun heykəli Dövlət Pedaqoji Universitetinin arxasındakı bağda yerləşdirmək təklifi rəsmi qurumlarda biganəliklə qarşılanıb.
Aytac Əliyeva
Telegram kanalımız