Zevsin otuz sutkası

Zevsin otuz sutkası

Yazar

17 İyun 2021 09:42 3180


Zevs yunanların Olimpində baş allah olmaqla yanaşı, arvadbazın da birisiydi. Sözün hər mənasında uçana-qaçana aman verməzmiş. Bu mənada, xəbər lentində “Zevs” 30 sutka həbs edildi" başlığını görəndə ləzzətlə güldüm. Sən demə, Yutub-un milli sektorunda bir sarsaq cavan oğlan vardır, özünə “Zevs” ayaması qoşub, qarabağlılar demişkən, səydəşlik edirmiş. Məsələn, keçən il pandemiya münasibətilə hökumət buna 190 manat yardım eləyib ki, acından ölməsin, lakin həmin pulu qarpıza verib təpikləyibmiş.

Düzdür, sonra əlaqədar orqanlar tərəfindən aşkar edilib götürüləndə üzr istəyibmiş, ancaq nə dəxli? Camaatın Zevsi ildırım oynadır, bizimki qarpıza şıllaq atır. Dövlətimizin müsbət imicinə yaraşmazdı. Elə axırıncı (axırıncımı? güman eləmirəm) axmaqlığı da qarpız əhvalatından geri qalmır: bir nəfəri “efirə” çağırıb, başına-gözünə yumruq atıb, süpürləşiblər.

Hərçənd bu niyə gündəm olur, anlamıram. Bizim bu saat Zevsi yox, Aresi, Afina Palladanı, lap bəd ayaqda Hermesi müzakirə eləyən vaxtımızdır.

Örnək üçün, Hermes qədim yunan mifologiyasında həm alimləri, həm də oğruları himayə eləyərmiş. Mən uzun müddət bu məsələdəki hikməti qanmaqda çətinlik çəkdim, ta hörmətli Ramiz müəllimi AMEA prezidenti qoyana qədər. Ondan sonra bütün daşlar yerinə oturdu.

Yaxud Dionis eyni zamanda teatrın və şərab içib keflənənlərin tanrısı sayılardı. Aydın məsələdir ki, bizdə ayıq başla tamaşaları, teatrlarımızı izləmək mümkün deyildir. Hətta məsləhətdir o qədər içəsən, göz açıb səhnədə çıxarılan oyunları görə bilməyəsən.

Zevs qoduqluqda olsun, sizə nəql eləyim başqa orijinal əhvalatdan. Bu da çox ləzzətli və gülməli iş idi. Deyir ölkəmizin hansısa guşəsində bir quzu quyuya düşübdür, fövqəladə hallar gəlib quzunu xilas etmişdir. Bah-bah-bah... Adamın ağlamağı əlir. Mirzə Cəlilin “Quzu” hekayəsini yada salırsan. Bosxun ünlü tablosunun mərkəzindəki tanrı quzusunu göz önünə gətirirsən. Abdulla Şaiqin “Quzu” şeirindən sitatın da yeri vardır:

“Gün əyildi, çökdü duman,

Sürü qayıtdı otlaqdan;

Səs-küy ilə doldu hər yan.

Dedim: - Qaçma, gözəl quzum,

Səni mən bəslərəm özüm.

Qoyunları çoban yığar,

Fatı xala gəlib sağar" və sairə.

Jurnalist xəbərdə yazmışdı ki, sən demə, belə heyvan xilasetmə əməliyyatları dünyanın hər yerində olur, indi sıra bizə də çatıbdır, şükür, ilahi, əlhəmdüllah, maşallah və sairə.

Doğrudan da, qabaqlar mən hərdən Türkiyə telekanallarına baxardım və həmişə orada belə süjet görmək olardı: pişik çıxıb qalıb ağacın başında, bir dəstə şəhər adamı onu düşürməyə çalışır. Nəqliyyatın işi dayanıb, zavodlar-fabriklər durub, nə bilim, prezident tətil elan eləyib. Təki pişik aşağı düşsün, ağacda qalıb acından ölməsin. İnsafən, Türkiyədə, özəlliklə İstanbulda xalqın pişik sevdası bütün dünyaya məlumdur (bu sırada 18 yaşdan yuxarı şəxslərə “Kötü kədi Şərafəddin” türk animasiya filmini məsləhət görərdim).

Lakin quzunu quyudan çıxarıb qəssaba verəcəyiksə, bunun mənası nədir? Bəlkə quzu FHN-də hansısa vəzifəyə, misal üçün, rəsmi talisman görəvinə alınmışdır, onu deyə bilmərəm. Bizim məktəbin düz qabağında bir qəssab qardaş var, hər gün səhər çalışır ki, məktəb açılmamış quzu və danaları kəssin, onların kəlləsini yola düzsün, qanı magistrala şoralansın, uşaqlar məktəbə gedəndə bu mənzərədən agah olsunlar. Sonuncu məzun törənində həyata atılan uşaqları sarı dananın kəlləsi məhzun baxışlarla müşayiət edirdi.

Bu da özünə Zevs adı qoyub... Sarsağın biri. İndi sənə Femida xalanın Binəqədi Olimp sistemində həyatı anladarlar. Oyun çıxarırmış. Ondansa bilet al, get Olimpiya stadionuna, oyunlara bax də.  

Zamin Hacı

Musavat.com


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!