Erməni polkovnik Koryun Qumaşyan ötən gün sensasiyalı açıqlama ilə çıxış edib. O, kontingenti ilə birlikdə təkcə Laçın və Kəlbəcərə 17 yük maşını mina basdırdıqlarını deyib. Həmçinin Azərbaycanın erməni diversantları qaytaracağı təqdirdə, həmin ərazilərin xəritəsini verəcəyini bildirib.
Məsələ ilə bağlı Yenisabah.az-a danışan ehtiyatda olan polkovnik-leytenant Ədalət Verdiyev ermənilərin ən vandal hərəkərləri etməyə qadir olduğunu vurğulayıb:
“Dəqiq miqdarı demək çətin olsa da, orada basdırılan minaların az olduğunu qətiyyətlə iddia etmək doğru deyil. Arxayınlaşmaq olmaz. Ermənilər mümkün ola biləcək hər yerə, o cümlədən əlaqə, təminat yollarına, qəbiristanlıqlara, obyektlərə mina yerləşdirə bilər. Bu elə də çox deyil. Bunları nəzərə almalıyıq. 17 yük maşını mina sadəcə bir erməni polkovnikin basdırdığıdır. Qarabağda tapılan minaların miqdarına baxdıqda bu, son rəqəm hesab olunmaz”. Sezar pizza
Hərbi ekspert qeyd edib ki, ermənilər yerli mina istehsalı ilə məşğul olmaqla yanaşı, ruslardan da çoxlu sayda mina əldə edib:
“Onların hamısı Ermənistan ərazisində saxlanılırdı. Odur ki, bu bəyanatlar ciddi qəbul edilməli, beynəlxalq təşkilatlara müraciət olunduqda həmin polkovnikin səsləndirdiyi fikirlər sənədlərə əlavə olunmalıdır. Bu, bir daha Ermənistanın Azərbaycana qarşı təcavüzünü, hətta ətraf rayonların belə minalanmasını sübut edir. Həmçinin bizim jurnalistlərimizin minaya düşməsində günahkar tərəfin məhz Ermənistan olduğunu açıq şəkildə göstərir”.
Sayad HƏSƏNLİ
Telegram kanalımız