Hər kəsin öz taleyi, öz alın yazısı var. Hər kəs öz alnındakıları yaşayır. Hamı kimi onun da taleyini Uca Allah yazdı. Anası Tünzalə Abduləlimovanın dediyi kimi, Allah onu şəhidliklə mükafatlandırdı...
Miqdad Faiq oğlu Abduləlimov 23 mart 2002-ci ildə Quba rayonunda anadan olub. Qısa, amma şərəfli ömür yolu keçib Miqdad.
Miqdad Abduləlimov orta məktəbi doğma Qubada oxuyub. 2019-cu ildə orta məktəbi bitirdikdən sonra Baki Dövlət İqtisad Kollecinə qəbul olub. 4 aprel 2020-ci ildə hərbi xidmətə çagiriş gəldiyi üçün təhsilini donduraraq Vətənin müdafiəsinə yollanıb. Miqdadın əsgər həyatı 4 may 2020-ci ildə başlayıb. pizza
44 günlük Vətən müharibəsi başlayanda Miqdad ilk gündən qanlı döyüşlərə atılıb. O, Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak edib. Tərtərin azadlığı uğrunda gedən döyüşlərdə qəhərmanlıq göstərib. 28 sentyabr 2020-ci ildə Tərtər istiqamətində gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.
Miqdad adını tarixə yazıb. Öz qanı ilə...
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Miqdad Abduləlimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Miqdad şəhadətə yüksəldikdən sonrta "Laçının azad olunmasına görə", "Suqovuşanın azad olunmasına görə", "Vətənə xidmətə görə" orden və medalları ilə təltif edilib.
Miqdadın atası Faiq Abduləlimov oğlu ilə fəxr edir: "Miqdad tək oğlan idi. Onun itkisi bizi çox göynətdi. Tək təsəllimiz odur ki, Miqdad Vətən uğrunda şəhid olub. Belə qəhrəman oğul böyütdüyüm üçün başım uca, alnım açıqdır. Torpaqlarımız Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, Miqdad kimi oğulların qəhrəmanlığı sayəsində azad olundu. Bu gün Miqdadın ruhu şaddır. Çünki Qarabağ azaddır. Allah bu xoşbəxtliyi bizə yaşadan şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!"
Miqdadın anası Tünzalə Abduləlimova da oğlu ilə fəxr edir. Oğlunun şəhadətə yüksəlməsindən sonra "Vətən Naminə" Şəhid Ailələrinə Dəstək İctimai Birliyini təsis edən Tünzalə xanım hazırda şəhid ailələrinin sosial problemlərinin həlli ilə yaxından məşğuldur.
Tünzalə Abduləlimova deyir ki, oğlundan nigaran deyil: "Miqdad indi yaxşı yerdədir. Allah-Təala onu şəhidlik zirvəsi ilə mükafatlandırıb. Oğlumdan nigaran deyiləm".
Tünzalə xanım Azərbaycan xalqının şəhid ailələrinə, müharibə əlillərinə, qazilərə münasibətindən razıdır: "Bir müddət əvvəl tədbirə gedəndə bir maşının Miqdadın şəklinin yanından sürüb keçəndə ona hərbi salam verdiyini gördüm. Ağladım, həttta ona çatıb "sağ ol" demək istədim. Maşını arxasınca sürdük. Bəlkə də bəziləri məni qınayır ki, onların borcudur, etməlidirlər. Amma mən belə düşünmürəm. Mən bunu yüksək qiymətləndirirəm. Bu diqqət təkcə şəhidləri deyil, həm də şəhid ailələrini yaşadır".
A.Zeynalov
Məqalə Jurnalist Araşdırmaları Mərkəzinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Vətən Müharibəsinin 18 yaşlı şəhidləri: Qəhrəmanlarımızı tanıyaq” layihəsi çərçivəsində hazırlanmışdır.
Telegram kanalımız