Kivi son illər sağlam qidalanma tərəfdarlarının ən çox üstünlük verdiyi meyvələrdən birinə çevrilib. Bu meyvə yüksək miqdarda C vitamini ilə seçilir və immun sisteminin gücləndirilməsində mühüm rol oynayır. Mütəxəssislərin sözlərinə görə, kivi tərkibində portağaldan belə daha çox C vitamini ehtiva edə bilir.
"Yeni Sabah" xəbər verir ki, bu xüsusiyyət isə xüsusilə payız-qış aylarında yayılan qrip və soyuqdəymə kimi xəstəliklərə qarşı orqanizmin müqavimətini artırır. C vitamini immun hüceyrələrinin fəaliyyətini gücləndirərək virusların bədənə daxil olmasının qarşısını qismən alır.
Həkimlər bildirir ki, kivi təkcə qripdən qorunmağa deyil, həm də xəstəlik zamanı sağalma prosesinin sürətlənməsinə kömək edir. Antioksidantlarla zəngin olması sayəsində orqanizmdə iltihabi prosesləri azaldır və ümumi sağlamlığı dəstəkləyir.
Bununla belə, mütəxəssislər qeyd edir ki, yalnız kivi yeməklə qripdən tam qorunmaq mümkün deyil. Sağlam qidalanma, kifayət qədər yuxu və gigiyena qaydalarına riayət etmək də vacibdir.
Qeyd edək ki, bazarlarda kivinin qiyməti mövsümə görə dəyişsə də, hazırda təxminən 2-3 manat arasında satılır və əlçatan meyvələrdən biri hesab olunur.
Aytac Əliyeva
Telegram kanalımız