“Azərbaycan rəsmilərinin Ermənistana səfəri tarixi hadisə idi”

saytların hazırlanması

Evə çatdırılma

“Azərbaycan rəsmilərinin Ermənistana səfəri tarixi hadisə idi”

Siyasət

01 May 2026 15:54 98


Qarabağda yeni həyat və dirçəliş prosesi gedir.

“Yeni Sabah” xəbər verir ki, bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Qarabağ Universitetində diplomatik korpusun nümayəndələri qarşısında çıxışı zamanı deyib.

O bildirib ki, bu, diplomatik korpusun Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə təşkil olunan 21-ci səfəridir:

“Diplomatik korpusun azad edilmiş ərazilərə ilk səfərləri 2020-ci ilin noyabr ayında başlayıb. Bu gün burada əvvəlki səfərlərdə iştirak etmiş veteran səfirlər də var və onlar Qarabağın zamanla necə tam dəyişdiyini və transformasiya olunduğunu görə bilirlər”.

Hikmət Hacıyev qeyd edib ki, səfərin əsas məqsədi Qarabağdakı reallıqları və bölgədə aparılan yenidənqurma işlərini nümayiş etdirməkdir:

“Qarabağda yeni həyat və dirçəliş prosesi gedir. Təəssüf ki, son 30 ildə Qarabağ müharibə və münaqişələrlə assosiasiya olunurdu. Bəli, arxada çətin tarix var. Biz tarixi və keçmişi inkar edə bilmərik”.

O vurğulayıb ki, Azərbaycan keçmişin ağrılarını, o cümlədən Xocalı faciəsini unutmadan gələcəyə və sülhə fokuslanır.

Prezidentin köməkçisi qeyd edib ki, rəsmi Bakının xarici siyasət konsepsiyasında bütün qonşularla yaxşı qonşuluq və sülh münasibətləri Azərbaycanın bir nömrəli prioritetidir.

Hikmət Hacıyev vurğulayıb ki, müharibə vəziyyətinə görə bu tam şəkildə həyata keçməmişdi.

“Lakin bu gün məmnuniyyətlə deyə bilərəm ki, Azərbaycan bütün qonşuları ilə, o cümlədən Ermənistan Respublikası ilə dostluq və yaxşı qonşuluq münasibətlərinə malikdir”, - Prezidentin köməkçisi əlavə edib.

“Azərbaycan nümayəndə heyətinin Ermənistana səfəri tarixi hadisə idi”, - deyə Prezidentinin köməkçisi vurğulayıb.

O bildirib ki, Azərbaycan və Ermənistan sülhə doğru irəliləyir və beynəlxalq tərəfdaşlar regionu köhnə narrativlərə qaytarmamalıdır:

“Biz bütün tərəfdaşlarımızı sülh gündəliyimizi dəstəkləməyə çağırırıq. Regionu köhnə narrativlərə qaytarmaq cəhdləri faydalı deyil və əks nəticə verir”.

Hikmət Hacıyev qeyd edib ki, Cənubi Qafqazda yeni status-kvo formalaşıb və bu reallıq beynəlxalq hüququn norma və prinsiplərinə, həmçinin tarixi ədalətə əsaslanır.

O, xüsusilə Azərbaycan nümayəndə heyətinin Ermənistana səfərini diqqətə çatdırıb.

“Həmin gün Ermənistan-Azərbaycan münasibətlərində növbəti tarixi an yaşandı. Azərbaycanın Baş nazirinin müavini yarı rəsmi səfərlə Ermənistan Respublikasına getdi. Hər iki tərəf müxtəlif istiqamətlər üzrə hökumətlərarası müzakirələr apardı”.

Prezidentin köməkçisinin sözlərinə görə, müzakirələr iqtisadi-ticarət əlaqələri, siyasi dialoq, sərhədlərin delimitasiyası və sərhəd əməkdaşlığı məsələlərini əhatə edib.

Hikmət Hacıyev əlavə edib ki, artıq Azərbaycan üzərindən tranzit yüklərin Ermənistana çatdırılması yeni reallığa çevrilir: “Dünən müəyyən mallar Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana çatdırıldı. Bu, artıq yeni norma və yeni reallıqdır”.

O qeyd edib ki, iki ölkənin biznes dairələri də müəyyən məhsulların idxalı istiqamətində əməkdaşlıq üzərində çalışırlar: “Ermənistan və Azərbaycan arasında münaqişənin həlli hər iki ölkə üçün daha geniş mənada təhlükəsizlik və sabitlik təmin edir”.

Hikmət Hacıyev vurğulayıb ki, Qarabağda yeni həyat qurulur və bölgə sürətlə inkişaf edir: “Bu gün biz Qarabağ Universitetindəyik. Burada gənc simaları görürük. Xankəndi yeni sima və yeni həyat qazanır”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!