Azərbaycanda yeni seçki dairələri yaradılır - RƏSMİ

Azərbaycanda yeni seçki dairələri yaradılır - RƏSMİ

Siyasət Veb saytların hazırlanması

19 Sentyabr 2023 17:32 390


Bu gün Mərkəzi Seçki Komissiyasının iclası keçirilib. 

Yenisabah.az xəbər verir ki, iclasa MSK sədri Məzahir Pənahov rəhbərlik edib. 

O deyib ki, iclasın gündəliyinə seçki dairələrinin yaradılması sxemi və onun qrafik təsvirinin yenidən təsdiq edilməsinə dair məsələ daxil edilib.

MSK sədrinin müavini Rövzət Qasımov bildirib ki, Seçki Məcəlləsinə əsasən, seçki dairələri ölkə üzrə seçicilərin sayının 125-ə bölünməsi yolu ilə formalaşdırılır. Bu məqam nəzərə alınaraq dövrü olaraq yeni seçki məntəqələri yaradılır: “Bu ilin mayından seçki dairələri üzrə seçicilərin orta təmsilçilik normasının yenidən müəyyənləşdirilməsinə ehtiyac yaranıb. MSK seçki dairələrinin hüdudlarının müəyyənləşdirilməsi üçün ekspertlərdən ibarət müvafiq komissiya yaradılıb. Orta təmsilçilik norması nəzərə alınaraq, seçki dairələrinin yaradılması sxemi və onun qrafik təsvirinin yenidən təsdiqlənməsi təklif olunub. Seçki dairələrinin yaradılması və qrafik təsvirinin yenidən müəyyənləşdirilməsi zamanı bələdiyyələrin bölünməməsi kimi bir sıra məqamlar nəzərə alınmalıdır. Çalışmışıq ki, dairələr üzrə seçicilərin orta təmsilçiliyi bir-birinə yaxın olsun. Dairələr yenidən formalaşdırılarkən aktiv və passiv seçki hüququndan istifadənin daha optimal olması diqqət mərkəzində olub”. 

Rövzət Qasımov sonra MSK-nın seçki dairələrinin yaradılması sxemi və onun qrafik təsvirinin yenidən təsdiq edilməsinə dair qərar layihəsini təqdim edib. Qeyd edilib ki, seçki dairələrinin yaradılması sxemi və onun qrafik təsvirinin yenidən təsdiq edilməsi üçün hüquqi əsas yaranıb: “Bununla əlaqədar qərara alınır ki, seçki dairələrinin yaradılması sxemi və onun qrafik təsviri yenidən təsdiq edilsin, seçki dairələrinin yeni siyahısı dərc olunsun”. 

Qərar layihəsi səsverməyə çıxarılaraq qəbul edilib. 

MSK sədri qeyd edib ki, növbəti mərhələdə dairə seçki komissiyaları yenidən formalaşdırılacaq: “Biz çalışmışıq ki, mümkün qədər dairələrin sayı və sıra sayı ardıcıllığı dəyişməsin. Ancaq bəzi dairələrin sıra sayı fərqli olduğu üçün həmin dairələrdə seçki komissiyaları yenidən formalaşdırılacaq. Bəzi dairələrin adı başqa cür təsdiq ediləcək, bəzi dairələrin adı və sırası da dəyişib. Ümumilikdə, əksər seçki dairələrin adı və sıra sayı dəyişməyəcək. Növbəti iclasımız DSK üzvlərinin təyin edilməsi ilə bağlı olacaq. Adı və sıra nömrəsi dəyişməyən dairələrin seçki komissiyalarının tərkibi olduğu kimi təsdiqlənəcək. Sıra sayı və adı dəyişən seçki dairələrinin komissiyalarının tərkibi isə yenidən formalaşacaq”. 

Məzahir Pənahov onu da nəzərə çatdırıb ki, seçicilərin orta təmsilçilik norması 41 mindən 50 minə qədər artığı üçün seçki dairələrinin yaradılması sxemi və onun qrafik təsvirinin yenidən təsdiq edilməsinə ehtiyac yaranıb. 

MSK sədri bildirib ki, əsasən Bakı, Sumqayıt və Abşeronda seçici sayı çox olduğundan yeni seçki dairələri formalaşdırılır. 

Qeyd edək ki, seçki dairələrinin yenidən formalaşdırılması, bəzi seçki dairələrinin ləğv olunması, yeni seçki dairələrinin yaradılması nəticəsində seçki dairələrinin ümumi sayı dəyişmir. Azərbaycanda yenə ümumilikdə 125 seçki dairəsi olacaq. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!