Azərbaycanın beynəlxalq siyasəti: Qarabağ problemində mühüm amil

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanın beynəlxalq siyasəti: Qarabağ problemində mühüm amil

Siyasət

22 Sentyabr 2023 13:09 1109


“Biz dövlət olaraq müstəqillik dönəmimizdə, xüsusilə də Prezident İlham Əliyevin hakimiyyətdə olduğu dönəmdə xarici siyasətimizin əsas prioritetlərindən biri kimi həm ayrı-ayrı dövlətlər, həm də xüsusilə də yüksək nüfuzlu beynəlxalq təşkilatlarla, eləcə də beynəlxalq hüququn digər subyektləri ilə münasibətlərimizi inkişaf etdirmək xəttini tutmuşuq”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov deyib.

Analitik beynəlxalq təşkilatların Qarabağ məsələsi, habelə Ermənistan və Azərbaycan arasında mövcud olan münaqişə fonunda ölkəmizə qarşı yürütdüyü ikili standartların pərdəarxası məqamlarına toxunub. Sezar pizza

SHAM sədri düşünür ki, Azərbaycan dövləti bu istiqamətdə atdığı addımlarda, əslində, bərabər hüquqlu əməkdaşlığı daha çox üstünlük verdiyinə görə bu, bəzi dövlətlərin və təşkilatların xoşuna gəlməyə bilər:

“Lakin hər bir halda beynəlxalq hüququn tələbləri bundan ibarətdir ki, beynəlxalq aləmdə bütün dövlətlər və təşkilatlar, xüsusilə də sayı 200-ə qədər olan dövlətlər bərabərhüquqlu dövlətlərdir və ərazisinin böyüklüyündən-kiçikliyindən, əhalisinin çoxluğundan və azlığından, eyni zamanda müstəqillik tarixinin böyük olub-olmamasından asılı olmayaraq, beynəlxalq hüququn tam bərabərhüquqlu üzvü kimi hamısı eynidir və münasibətlərdə hər hansı bir tərəfə üstünlük verilməsi hüquqa zidd hesab olunur”.

Onun sözlərinə görə, prioritetimiz olan beynəlxalq təşkilatlarla münasibətlərimizin inkişaf etdirilməsi məsələsi əməli addımlarımızda da özünü göstərir:

“Biz dünyanın ən nəhəng təşkilatı olan BMT ilə münasibətlərimizə nəzər yetirsək, həm bu təşkilatın, həm də onun ayrı-ayrı aparıcı orqanları ilə münaisbətlərimiz çox yüksək səviyyədədir. Eyni zamanda Azərbaycan BMT-dən sonra dünyanın ikinci ən nəhəng təşkilatı olan, 120 dövləti öz çətiri altında birləşdirən Qoşulmama Hərəkatındakı fəaliyyətinə görə daim təqdir olunub və eyni zamanda Azərbaycana buna görə hər zaman “sağ ol” deyilib. Təbii ki, bu müsbət fəaliyyətimizin nəticəsidir ki, Azərbaycan həmin təşkilata uzun illərdir ki, uğurla rəhbərlik edir. Bunun nəticəsi olaraq, Azərbaycanın həmin quruma rəhbərliyi 1 il səs çoxluğu ilə uzadılıb”.

“Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlığı Təşkilatı, hətta Azərbaycanın beynəlxalq aləmdə nüfuzun artması onun inkişaf səviyyəsindən xəbər verir ki, ölkə başçısı İlham Əliyev İkinci Qarabağ müharibəsindən sonra bir sıra beynəlxalq təşkilatların görüşlərində fəxri qonaq kimi iştirak edib. Hansı ki, biz o təşkilatlara üzv deyilik. Biz buraya Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin, Ərəb Dövlətləri Liqasının, Asiyada Əməkdaşlıq və Fəaliyyət Tədbirləri üzrə Qurumun toplantılarını aid edə bilərik. Eyni zamanda bu günə qədər Avropa Siyasi Birliyinin 2 zirvə toplantısı keçirilib ki, bu tədbirlərdə də Azərbaycan lideri fəxri qonaq qismində iştirak edib”, – müsahibimiz əlavə edib.

X. Bəşirova görə, bütün bunları deməkdə əsas məqsəd odur ki, Azərbaycan dövləti bu gün bütün nüfuzlu beynəlxalq təşkilatlarla öz münasibətlərini inkişaf etdirmək strategiyasını üstün tutur:

“Biz qoşulduğumuz bütün beynəlxalq konvensiyalara, müqavilələrə, nəzərdə tutulmuş öhdəliklərə bir sıra dövlətlərdən fərqli olaraq tam riayət edirik, öhdəliklərimizi icra edirik. Təəssüflər olsun ki, bizim bu fəaliyyətimiz lazım olan məqamlarda təqdir olunsa da, digər məqamlarda Azərbaycana qarşı ikili standartlar özünü göstərir. Fəaliyyətimizin bu şəkildə olmasına rəğmən, yenə də biz ikili standartlar, ikiüzlü siyasətlə, qərəzli və ədalətsiz yanaşma ilə rastlaşırıq”.

O, əlavə edib ki, xüsusilə də bu, Ermənistanla olan keçmiş münaqişə məsələləri ilə bağlıdır:

“Ermənistanla Azərbaycan arasında münaqişə Ermənistanın Azərbaycan ərazilərinə təcavüzü, onu işğal etməsi, xalqımıza qarşı soyqırımı, müharibə və insanlıq əleyhinə olan bütün cinayətlər törətməsi, o cümlədən 20% ərazilərimizdə terrorun bütün növlərini törətməsi ilə müşayiət olunub. Bu məsələdə beynəlxalq ictimaiyyət, ayrı-ayrı təşkilatlar, dövlətlər haqlı olan Azərbaycanın yer almaq əvəzinə, bəzi məqamlarda əsassız olaraq, bizi ittiham belə edirlər”.

Analitik bəyan edib ki, bu düşüncələr bizdə təəssüf hissi doğurur:

“Lakin hər bir halda bu məqamlar Azərbaycandan daha çox həmin o təşkilatların, ümumilikdə isə beynəlxalq hüquq və ictimaiyyətin nüfuzuna xələl gətirir. Çünki digər xalqlar və dövlətlər də bu prosesin şahidi olurlar və gələcəkdə baş verəcək istənilən münaqişədə beynəlxalq ictimaiyyətin ikili yanaşmasını görəcəklərini bildiyi üçün onlar beynəlxalq əməkdaşlıq səviyyəsinə o qədər də ciddi baxmayacaqlar. Çünki Azərbaycan nümunəsində bu tendensiyanı açıq şəkildə görürlər ki, Azərbaycana qarşı ikili standartlar müvafiq təşkilatlarla əməkdaşlıq səviyyəsinə baxmayaraq, yenə də özünü büruzə verir”.

Mütəxəssis hesab edir ki, Ermənistanın 30 ilə yaxın bir müddət ərzində Azərbaycan ərazilərini işğal altında saxlaması, xalqımıza və dövlətimizə qarşı terrorun bütün növlərini törətməsinə baxmayaraq, Azərbaycana qarşı bu münasibətin sərgilənməsi təbii ki, bir daha ondan xəbər verir ki, Azərbaycan xalqının və o cümlədən bu prosesi müşahidə edən digər dövlətlərin və xalqların gələcəkdə bu təşkilatlara etimadı getdikcə azalacaq.

Həmsöhbətimiz onu da vurğulayıb ki, əslində, bu təşkilatlar nümunəvi fəaliyyət göstərib münasibət sərgiləməlidirlər ki, qeyd etdiyim dövlətlər və xalqlar belə təşkilatlara etimadlarını qoruyub saxlasınlar:

“Azərbaycana qarşı hansısa qətnamələrin, yaxud sənədin qəbul edilməsi məsələsinə gəldikdə isə fikrimcə, bu fikirlərin səsləndirilməsi bizdə heç bir narahatlıq doğurmur. Çünki qətnamələrin və qərarların qəbul edilməsinin də ikili standartlara xidmət etdiyinin dəfələrlə şahidi olmuşuq. Məsələn, 1990-cı illərdə Azərbaycan ərazilərində olan qanunsuz erməni silahlı birləşmələrinin qeyd-şərtsiz Azərbaycan torpaqlarından çıxarılması ilə bağlı 4 qətnamə çıxarılsa da, bunların heç biri icra edilmədi. Yekunda Azərbaycan ordusu öz gücünə həmin o qanunsuz silahlıları Azərbaycan ərazisindən çıxardı. Əslində, bu, tarixin və beynəlxalq hüququn özündə olan bir ironiyadır ki, Azərbaycan bu gün həmin o qətnamələrin icrasını özü davam etdirir”.

Rafi MÜSLÜMOV

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!