“Bizi cəbhəyə aparırlar, mənə çoxlu dua eləyin”

saytların hazırlanması

Evə çatdırılma

“Bizi cəbhəyə aparırlar, mənə çoxlu dua eləyin”

Sosial

12 Avqust 2024 17:37 30784


Vətən haqda çox deyilib, çox yazılıb. Əlimiz qələm tutmağı öyrənəndə əvvəlcə Ana, sonra isə Ana Vətən yazmışıq. 

Buna görə də Vətən bizə anamız qədər əzizdir... 

Nəcməddin uşaq olanda vətən haqda şeirləri çox sevirdi. Ən böyük arzusu tez böyüyüb vətənə layiq övlad olmaq idi. Amma yaşadığı ömür kimi arzusu da yarımçıq qaldı. 19 yaşlı gəncin hansı arzusu həyata keçər ki?! 44 günlük Vətən Müharibəsinin nakam şəhidlərindən biridir Nəcməddin. Ömrü yarıda qırılan, arzuları sinəsində qalan, canını vətən uğrunda fəda edən igid oğullarımızdan biridir Nəcməddin...  Toyuqlu pizza

Nə olsun ki, cəmi 19 il yaşadı? Dünya durduqca onlar da yaşayacaq. Axı şəhidlər ölmür... 

Nəcməddin Nurəddin oğlu Bədirov 2001-ci il, noyabrın 8-də Tovuz rayonunun Düz Qırıqlı kəndində anadan olub. Orta təhsilini doğulduğu kənddə alan Nəcməddin məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb.

Nəcməddin Bədirov 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Nümunəvi əsgər olduğuna görə 3 tərifnamə alıb. Vətən müharibəmizdə Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. 2020-ci il, oktyabrın 4-də Füzuli rayonunun Qaraxanbəyli kəndi istiqamətində döyüşdə şəhid olub. Bir müddət itkin kimi axtarılıb. Noyabrın 23-də şəhid olduğu təsdiqlənib.Tovuz rayonunun Düz Qırıqlı kəndində dəfn edilib.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Nəcməddin Bədirov ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "İgidliyə görə" medalları ilə təltif edilib.

…Nəcməddingil ailədə üç uşaq - iki bacı, bir qardaş olublar. Evin sonbeşiyi olub Nəcməddin. Anasına “əsgərlikdən qayıdandan sonra səni işləməyə qoymayacağam, özüm işləyib hamınıza baxacağam” deyirmiş…

Müharibəyə aparılan gün Nəcməddin anası ilə telefon əlaqəsi saxlayıb. Ona “bizi cəbhəyə aparırlar, mənə çoxlu dua eləyin” deyib. Şəhidin anası Qərənfil Bədirova virtualaz.org-a açıqlamasında Vətən yolunda canını fəda edən 19 yaşlı balası ilə fəxr etdiyi bildirib: “Sentyabrın 28-də zəng vurub dedi ki, cəbhədəyəm, narahat olmayın. Dedi, "ana, Allaha çoxlu-çoxlu dua elə. İki gün sonra yenidən zəng vurdu. Hamımızla danışdı. Mənə dedi ki, "sən danış, qoy səsinə doyunca qulaq asım, həyatda ən çox sənə görə yaşayıram, heç nədən qorxma, oğlun qəhrəman olacaq". Mənim oğlum ağıllı uşaq olub. Balam fəxr ediləsi oğul idi. Elə dediyi kimi də oldu. Torpaq uğrunda canını verdi balam, qəhrəmanlıq göstərdi, ölümündən sonra oğluma medal da verdilər. Balamla fəxr edirəm”

Ata-anasını bacısı Ayselə əmanət eləyən Nəcməddin telefonda ona “mənə axıracan qulaq as, bizi müharibəyə apardılar, həyatdı, birdən sağ qayıtmasam, oğlun olsa mənim adımı qoyarsan, onunla fəxr eləyərsən. Qorxmayın, hər şey yaxşı olacaq, amma ürəyimə damıb ki, mən sağ gəlməyəcəyəm. Ata-anamı sənə, səni də Allaha əmanət edirəm”,- deyib.

Sentyabrın 30-dan sonra Nəcməddinlə əlaqə saxlamaq mümkün olmayıb. Ailə üzvləri ondan heç cür xəbər tuta bilməyiblər. Bir müddət sonra ailəyə övladlarının itkin düşməsi barədə xəbər verilib. Noyabrın 23-də isə hərbi komissarlıqdan Nəcməddinin şəhid olduğu bildirilib. Ertəsi gün nəşi doğulduğu kəndə gətirilib və Düzqırıxlı kəndindəki məzarlıqda torpağa tapşırılıb. 

Ruhun şad olsun, igid! 

A.Zeynalov 

Məqalə Jurnalist Araşdırmaları Mərkəzinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Vətən Müharibəsinin 18 yaşlı şəhidləri” layihəsi çərçivəsində hazırlanmışdır. 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!