Peşə təhsili səviyyəsi əmək bazarına gedən ən kəsə, qısa yol sayılır. 6 aya, bir ilə hər hansı yeni peşə ilə bağlı ilkin biliyə sahib olub həmin peşə üzrə əmək bazarına daxil olmaq mümkündür. Əlbəttə ki, bu təhsil səviyyəsini seçənlər üçün daha qısamüddətli təlimlərlə müəyyən bacarıqlar əldə etmək imkanı da var. Hətta bəzi peşə ixtisaslarını bitirdikdə subbakalavr dərəcəsi əldə edərək ali təhsil müəssisələrinə qəbul olmaq mümkündür.
Bəs görəsən, istənilən peşə məktəbini bitirib sonra universitetdə oxumaq olarmı? Mövzu ilə bağlı Yenisabah.az-a danışan təhsil məsələləri üzrə ekspert Elçin Əfəndi bildirib ki, bu peşələr daha çox İT yönümlü ixtisaslarla bağlıdır:
“Bu peşələr daha çox İT yönümlü ixtisasları əhatə edir. Həmin ixtisaslarda tələbələrin hazırlanması, o cümlədən həmin kadrlara subbakalavr dərəcəsinin verilməsi nəzərdə tutulur. Belə olan təqdirdə onlar gələcəkdə ali təhsil müəssisələrinə birbaşa və imtahan vermədən müsabiqədə iştirak etmək hüququ qazanırlar. Əlbəttə, yüksək ixtisaslı peşə təhsili istiqamətində olan tələbələrə bu hüquq tanınır”. pizza mizza
Ekspert bu kimi addımların peşə təhsilinin inkişafı üçün olduqca müsbət nəticələr verdiyini qeyd edib:
“Əvvəlki dövrlə müqayisə etsək, əvvəllər daha çox aşpaz, saç ustası kimi ixtisaslara maraq daha çox idisə, indi konkret olaraq komputer biliklərinin öyrədilməsi və yaxud nəqliyyat vasitələrinin mühəndisliyi istiqamətində müəyyən bilik və bacarıqların onlara öyrədilməsi, gələcəkdə tələbələrə yüksək ixtisaslara sahib olmalarını təmin edir. Nəticə etibarı ilə onlar ali təhsil müəssisələrində kompüter elmləri və yaxud nəqliyyat mühəndisliyi ixtisasları istiqamətində subbakalavr kimi iştirak edə bilirlər. Düşünürəm ki, bu kimi addımlardan sonra cəmiyyətdə peşə təhsilinə maraq olduqca artır. Bu özündə olduqca müsbət haldır. Fikrimcə, gələcəkdə bir çox ixtisasla bağlı da bu istiqamətdə addımlar atıla bilər”.
Nazim Hacıyev
Telegram kanalımız