“Dövlət başçısının səfərinin nəticəsi olaraq Rusiya Ermənistanı sülh razılaşmasına məcbur edəcək”   - ŞƏRH

saytların hazırlanması

Evə çatdırılma

“Dövlət başçısının səfərinin nəticəsi olaraq Rusiya Ermənistanı sülh razılaşmasına məcbur edəcək” - ŞƏRH

Siyasət

22 İyul 2021 18:31 832


"44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz regionda yeni reallıqlar yaratdı. 10 noyabr 2020-ci il tarixində imzalanmış üçtərəfli Bəyanatda, eyni zamanda, 11 yanvar 2021-ci ildə Moskvada üçtərəfli görüş zamanı əldə olunan razılaşmada regionda sülhün, təhlükəsizliyin təminatı üçün vacib olan məsələlər öz əksini tapıb. Azərbaycan istər Vətən müharibəsinin gedişində, istərsə də postmüharibə dövründə təkmil sülh modelini ortaya qoyaraq birgə səylərin göstərilməsi əsasında münasibətlərdə  yeni səhifəni açmağın yollarını təqdim edir. Lakin 10 noyabr 2020-ci il Bəyanatından 8 aydan artıq vaxt keçməsinə baxmayaraq işğalçı Ermənistan hələ də sülh razılaşması ilə bağlı  irəli sürülən təklifə münasibətini bildirmir, bir az da irəli gedərək  belə bir razılaşmanın zamanı olmadığını iddia edir. Ermənistan tərəfi belə sərsəm bəyanatları ilə, həmçinin atəşkəsi pozmaqla,  təxribatlar törətməklə Dağlıq Qarabağ münaqişəsinin hələ də davam etməsi barədə  görüntü yaratmağa  çalışsa da, artıq bunun utopiyadan başqa bir şey olmadığının fərqindədir.  Bu günlərdə dövlət başçısı İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin  dəvəti ilə Moskvaya işgüzar səfəri zamanı rusiyalı həmkarı ilə keçirdiyi görüşdə Azərbaycanın postmüharibə dövründə regionda sabitliyin, təhlükəsizliyin təminatı istiqamətində səylərinin yüksək dəyərləndirilməsi bu reallığı bir daha təsdiq etdi".

Yenisabah.az xəbər verir ki, bu fikirləri "İki sahil" qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

V.Rəhimzadə qeyd edib ki,  bu səfər iki dost ölkənin münasibətlərinin hazırkı səviyyəsinə işıq saldı: "Azərbaycan özünün ikitərəfli əməkdaşlıq siyasətində daim qonşu ölkələrlə münasibətlərin inkişafına xüsusi diqqət yetirir. Azərbaycan-Rusiya dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı dövlət başçılarının birgə səyi və siyasi iradəsi sayəsində hazırda strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Cənab İlham Əliyevin Rusiyaya işgüzar səfəri zamanı Vladimir Putinlə görüşündə də əsas müzakirə mövzusu iki dövlət arasında əməkdaşlığın bundan sonra da genişləndirilməsi oldu. Ümumiyyətlə, son illərdə aydın müşahidə olunur ki, Rusiya Cənubi Qafqaz regionunda yeganə siyasi və iqtisadi güc kimi məhz Azərbaycanı görür". Pepperoni pizza

"Azərbaycan-Rusiya əlaqələrinin hazırkı yüksək inkişaf səviyyəsini digər amillərlə yanaşı, həm də iki ölkə liderlərinin yaxın dostluq münasibətləri şərtləndirir" söyləyən baş redaktor bildirib ki, bunu prezidentlər İlham Əliyev və Vladimir Putin dəfələrlə çıxışlarında, müsahibələrində xüsusi qeyd ediblər:  "Qarşılıqlı səfərlər münasibətlərin daha da gücləndirilməsində, həmçinin əməkdaşlıqda  yeni istiqamətlərin müəyyənləşdirilməsində stimulverici amil rolunu oynayır.  Bir mühüm məqamı da xüsusi qeyd edək ki,  Rusiya Prezidenti tərəfindən Mehriban xanım Əliyevanın iki ölkə arasında münasibətlərin inkişafında və möhkəmlənməsində xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif olunması, eyni zamanda, Azərbaycanın Birinci vitse-prezidentinin bu sahədə səmərəli fəaliyyətinin bariz ifadəsidir".

"Keçirilən görüşdə də qeyd olunduğu kimi, bugünümüzün əsas məsələsi  regionda münaqişədən sonrakı vəziyyətdir" söyləyən baş redaktor vurğulayıb ki, dövlət başçısı İlham Əliyev bu məsələni  daim diqqətdə saxladığına, çox vacib və həssas məsələlərin həllində şəxsən iştirak etdiyinə  görə Rusiya Prezidentinə  təşəkkürünü bildirib:  "Bir daha bəyan edilib ki, Azərbaycan  qətiyyətlə münaqişədən sonrakı dövrün maksimum ağrısız keçməsi əzmindədir. Hər iki ölkə başçısı 10 noyabr  2020-ci il  tarixli birgə Bəyanatda nəzərdə tutulmuş məsələlərin icrası ilə bağlı vahid mövqe nümayiş etdirir, bu razılaşmanın, həmçinin  bütün kommunikasiyaların, o cümlədən Azərbaycanın əsas hissəsi ilə Naxçıvan MR arasında nəqliyyat dəhlizinin  - Zəngəzur dəhlizinin açılmasını vacib sayır. Belə bir şəraitdə Ermənistan tərəfindən Zəngəzur dəhlizinin yaradılması ilə bağlı məsələlərin reallaşdırılmasına süni əngəl törətmək cəhdi  yolverilməzdir.  10 noyabr razılaşmasının icrasına əngəl törətmək istəyən kənar qüvvələr də mövcuddur. Onlar  regionda sabitliyin, təhlükəsizliyin və sülhün bərqərar olmasında, qarşılıqlı etimad mühitinin yaradılmasında maraqlı deyillər. Bu qüvvələr 30 ilə yaxın dövrdə Ermənistana dəstək göstərib danışıqlar prosesinin uzanmasına səbəb olsalar da sonda hansı nəticə ilə üz-üzə qaldıqlarını anlayır və  postmüharibə dövrünün reallıqları ilə barışmamaqla, Dağlıq Qarabağ münaqişəsinin həll olunmadığı barədə işğalçı dövlətin xülyalarına yardımçı olmaqla heç nə əldə edə bilməyəcəklərini çox yaxşı bilirlər. Ermənistan və ona havadarlıq edənlər Azərbaycanın bütün dünyanı heyran edən "dəmir yumruq" əməliyyatını unutmamalıdırlar".

Vüqar Rəhimzadə qeyd edib ki, qlobal güc mərkəzi olan Avropa İttifaqının da Azərbaycanla əlaqələri yüksələn xətlə inkişaf edir: "Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin ölkəmizə səfəri çərçivəsində dövlət başçısı İlham Əliyevlə birgə mətbuata bəyanatında səsləndirdiyi fikirlər də bunun təsdiqidir. Quruma üzv dövlətlərin üçdəbiri ilə Azərbaycan arasında  strateji tərəfdaşlıq haqqında  sənədlər və bəyannamələr imzalanmışdır. Avropa İttifaqı həmişə Azərbaycanı etibarlı tərəfdaş kimi qəbul edir,  ölkəmizlə əlaqələrin inkişafına dəstək göstərir. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin təmsil etdiyi qurumun Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası prosesinin, iki ölkə arasında etimad quruculuğu tədbirlərinin başlanmasına dəstək verməyə hazır olduğunu bildirməsi də Ermənistana və onun havadarlarına ciddi mesajdır. Reallıq budur ki, artıq Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşub, yeni səhifənin açılması zamanıdır. Həqiqətən Ermənistan düşdüyü ağır vəziyyətdən xilas olmaq istəyirsə, Azərbaycanın təklif etdiyi sülh sazişini təqdir etməli, bölgədə əməkdaşlığın bərpa olunması ilə bağlı təşəbbüslərə qoşulmalıdır".

Baş redaktor ümidvar olduğunu bildirib ki, dövlət başçısının Rusiyaya işgüzar səfərinin nəticəsi olaraq Rusiya Ermənistanı sülh razılaşmasına məcbur edəcək, bununla da bölgədə dayanıqlı sülhün təmin olunması imkanları artacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!