“Yeni Sabah” Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbərin Meydan TV-yə verdiyi müsahibəni qısa ixtisarla təqdim edir:
- Ərdoğan Bakı səfərindən sonra Türkiyədə keçirdiyi mətbuat konfransında Azərbaycanda hərbi bazanın mümkünlüyü haqda fikirlər səsləndirdi. Ardınca Rusiyanın rəsmi şəxslərinin açıqlamalarında etiraz notları oldu...
- Rusiya, ümumiyyətlə, Cənubi Qafqazda Türkiyənin fəallaşmasından o qədər də razı deyil, sadəcə, hesablaşmaq zorundadır. Bir tərəfdən son dövrlərdə Rusiyanın zəifləməsi, digər tərəfdən də Türkiyənin fəallaşması, rəsmən açıqlanmasa da, NATO-nu təmsil etməsi gerçəklikdir və Moskva bununla hesablaşmaq məcburiyyətindədir. Ərdoğan da tamamilə haqlı olaraq bəyan etdi ki, Şuşa Bəyannaməsi onların Azərbaycanda hərbi baza yaratmaq imkanını təşfiq edib. Yəni birbaşa yazılmasa da, bəyannamədə o qədər önəmli müqavilələr var ki, onlar Türkiyənin Azərbaycanda hərbi baza açmaq ehtimalını da ehtiva edir. Sadəcə, Türkiyə prezidentinin dediyi kimi bu, Azərbaycanın da qərarından və proseslərin gedişindən asılı olacaq. Dördpendirli pizza
- Mən Rusiya barədə bir neçə məqama toxunmaq istərdim. Siz mənə 21 oktyabrda verdiyiniz müsahibədə "Rusiya qərar qəbul edə bilmir", "Rusiya çox çətin qərar qarşısındadır, kənarda da qala bilmir", "Faktiki olaraq bu gün Rusiya nəinki 30 il əvvəlki, Birinci Qarabağ savaşındakı ölkə deyil, hətta 7-8 il əvvəlkindən də fərqlidir. Rusiya xeyli zəifləyib" deyə fikirlər səsləndirmişdiniz. Ancaq həmin zəif, yaxud qərar qəbul edə bilmədiyinizi söylədiniz Rusiya ordusu 10 noyabrda yenidən Azərbaycana qayıtdı. 20 iyun seçkilərində qalib gələn Paşinyan da Putinə təşəkkür etdisə, sizin fikirlərinizdə yanıldığını deməyə əsas verirmi?
- Yox, Rusiyanın zəifləməyi göz qabağındadır. 2016-cı ilin aprel savaşı günlərini yadınıza salın. Bir neçə gündən sonra Moskvadan çağırış oldu. Ardınca Azərbaycanın və Ermənistanın rəsmiləri Moskvada toplaşıb savaşın o mərhələsini bitirdilər. İndisə bi səviyyədə bir neçə dəfə Rusiyadan çağırışlar oldu, bəzilərinə ümumiyyətlə cavab verilmədi, bəzilərində isə atəşkəs haqqında razılaşma olsa da, ona əməl edilmədi. Bu, özü də Rusiyanın gücünün məhdudlaşmasından xəbər verir. Sadəcə, Rusiya nə qədər məhdudlaşsa da, regionda ən güclü dövlət və nüvə silahına malik dövlət kimi qalır, təbii ki, onun müəyyən təsiri var. Sadəcə, təsir azalan xətlə gedir, artan xətlə yox. Rusiyanın Azərbaycan torpaqlarına öz əsgərlərini yeridə bilməsi imperiyanın bu istiqamətdə son çırpıntıları kimi də qeydə alına bilər.
- Bir müddət əvvəl Yeltsinlə Klintonun telefon danışıqları ictimailəşəndə bir detal maraqlı gəldi. Rusiya prezidenti deyir ki, Avrasiyanı bizə verin, qalan dünya sizindir. Təsəvvür edirsiniz, defolt vəziyyətində olan Rusiya imperiya iddialarında israrlıdırsa, indiki Putin Rusiyasının qapalı görüşlərdə hansı iddiaları səsləndirdiyini ehtimal etmək çətin deyil və sizin "Rusiya xeyli zəifləyib" fikirinizin müəyyən qədər əsassız olduğunu təsdiqləmirmi?
- Hərəmiz öz fikrimizdə qala bilərik, amma gözlə görünən şəkildə Rusiya zəifləyib. Rusiyanı hazırda ən böyük nüvə dövlətlərindən biri olması o statusda saxlayır. Amma ABŞ da Rusiyanı fövqəl dövlət yox, regional dövlət kimi qəbul edir. Baydenin də Putinlə görüşmək fikri onunla bağlıydı ki, Rusiyaya həddini göstərsin, onlara təklif etsin ki, özünüzü proqnozlaşdırılan şəkildə aparın, bizim hədəfimiz siz deyilsiniz, biz Çini məhdudlaşdırmaq fikrindəyik. Yəni dünya miqyasında rəqib kimi Çini qəbul edirik və bu prosesdə də ya bizimlə bir yerdə olun, ya da neytral qalın, problem yaratmayın. Bayden-Putin görüşünün əsas mahiyyəti bundan ibarət idi. Həmin görüşdən əvvəl və sonra Rusiyanın davranışlarına diqqət etsəniz, bu, mesajın Moskva tərəfindən ciddiyə alındığını görərsiniz.
- Məsələn, hansı əlamətləri göstərə bilərsiniz, arzumentlərinizi deyə bilərsiniz?
- Açıq-aydın Rusiya təzyiqlərini azaldıb. Aydın məsələdir ki, Rusiya Azərbaycanla Ermənistan arasında seçim edərkən ikincinin tərəfindədir. Çünki Ermənistan Rusiyanın yaratdığı bir dövlətdir. Ancaq Rusiya çalışır ki, Azərbaycanla Ermənistan arasında moderator rolunu oynasın, neytral bir qüvvə kimi görünsün. Açığı bəzi hallarda hətta Fransadan fərqli olaraq Rusiya özünü neytral qüvvə kimi nümayiş etdirməyə çalışa bilir. Digər tərəfdən, Rusiya Köçəryanın tərəfindədir, Paşinyanın yox, bunu bütün Rusiya mətbuatından və sözçülərinin çıxışlarından gördük və ciddi dəstək verdilər. Eyni zamanda, bir məqamı da qeyd etmək istəyirəm ki, elə təbliğat apardılar ki, guya Köçəryan reytinqdə Paşinyana çatıb və onu keçib. Çox təəssüf ki, həmin təbliğat Azərbaycanda da öz təsirini göstərməyə başlamışdı. Azərbaycanın da nəinki Rusiyayönümlü mətbuatı, hətta müstəqil mətbuatı da müəyyən mənada bu yalan xəbərlərə uyaraq yazırdılar ki, Köçəryan reytinqdə keçib. Bunu mən bir təhlükə olaraq görürəm, istəyirəm ki, Azərbaycan mətbuatı da bir qədər daha diqqətli davransın və Rusiyanın yalan mexanizminə, “fake” informasiyalar istehsalına daha tənqidi yanaşsın. Nəysə suala qayıdaq, Rusiya Köçəryanın tərəfində olsa da, bunu çalışırdı ki, açıq şəkildə ortaya qoymasın. Erməni xalqına nümayiş etdirirdilər ki, bu, sizin seçimdir, qarışmırıq. Əminəm ki, Rusiya Ermənistan daxilindəki resurslarının çox az qismini ortaya qoydu. Tamamilə mümkündür ki, bu istiqamətdə Rusiyaya xalqların işinə qarışmamaq xəbərdarlığı da ediblər.
- Azərbaycanda narahatlıq doğuran məsələlərdən biri Rusiya ordusunun yaxın 5 ildə Qarabağdan çıxıb-çıxmamasıdır. Bugünlərdə Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun direktor müavini Skakov deyib ki, sülhməramlılar Qarabağda 30 il qalacaqlar və Zəngəzur dəhlizindən getməyə yalnız yük maşınlarına icazə veriləcək. Bu, Kremlin bu cür adamların diliylə mesajını çatdırması anlamına gəlmirmi?
- Rusiyanın o qədər mütəxəssisi, blogeri, jurnalisti, rəsmi və qeyri-rəsmi şəxsləri bu mövzuda danışırlar ki, bunların hamısının Kremlin rəsmi mövqeyi olub-olmaması ayrıca bir mövqedir. Bilirsiniz, çox adam danışır və hansısa bir dövrdə proses gedir. Altı aydan, yaxud bir neçə ildən sonra sizin kimi jurnalistlər qaldırıb deyəcəklər ki, 3 il əvvəl filankəs belə demişdi. Ancaq 3 il əvvəl başqa biri də başqa bir söz demişdi. Ona görə də o sözləri Rusiyanın rəsmi mövqeyi kimi qəbul etmək lazım deyil. Rusiyanın sözçülərinin dediklərinə yox, konkret qəbul etdikləri qərarlara diqqət etmək lazımdır. Məsələn, mənin üçün ən maraqlı göstəricilərdən biri Zəngəzur yoludur, bu yolun açılması 10 noyabr bəyanatında qeyd olunmuşdu. 11 yanvar üçtərəfli bəyanatda isə konkret müddətlər qoyuldu. Xeyli vaxt keçib, amma görmürəm ki, kimsə onu araşdırıb 11 yanvar bəyanatında müddətlərin keçdiyini qeyd etsin. Faktiki olaraq, 3 ölkənin rəsmilərinin görüşüb müzakirələr apardığı haqda yalnız məlumatlar yayılır. Azərbaycan tərəfindən müəyyən hazırlıq işləri gedir, gərəkən işlər görülür, amma hələlik Zəngəzurda yollarına açılmasına nə qədər yaxınlaşmışıq, onu demək çətindir. Mənim üçün ən böyük göstərici bu olacaq ki, Rusiya bu məsələdə dediyi kimi, hətta özünün tərtib etdiyi sənədlərdə Zəngəzurda yolların açılmasına kömək edəcək, maneçilik törədəcək, yoxsa neytral müşahidəçi kimi qalıb gözləyəcək ki, Azərbaycan və Ermənistan məsələni necə həll edirlər. Buna diqqət etmək lazımdır.
- Sizin bu məsələdə ehtimalınız nədir?
- Bilirsiniz, məntiqlə Rusiya bu yolun açılmasına çalışmalıdır. Amma avtoritar rejimli ölkələrin qərarları o qədər qəribə olur ki, bəzən qərarların bu ölkələrin maraqlarına uyğun olmadığı üzə çıxır. Ona görə Rusiya həmin yolun açılmasını ləngitsə, təəccüblənmərəm.
- Nə gözləyirsiniz, 4-5 il sonra Rusiya sülməramlıları çıxacaq, yoxsa Azərbaycan desə ki, ermənilərlə razılığa gəlirik və şimal ölkə təxribat törədəcək?
- Biz Milli Strateji Düşüncə Mərkəzi olaraq 44 günlük savaş bitəndə verdiyimiz açıqlamalarda qeyd etmişdik, erməni elitasını başa salmaq lazımdır ki, bölgədə normal münasibətlər üçün Azərbaycan-Ermənistan və Ermənistan-Türkiyə münasibətləri yoluna qoyulmalıdır. Yalnız bu qarşılıqlı anlaşmalar olduğu təqdirdə rus əsgərinin Azərbaycan ərazisindən çıxmasına nail olmaq daha real görünür. İndi də həmin mövqedə qalırıq. “Yaxın gələcəkdə nə olacaq” sualını verirsiniz, gələcək öncədən müəyyənləşdirilməyib, gələcəyi müəyyənləşdirən amil bu prosesdə iştirak edən qüvvələrin qəbul etdiyi qərarlar və atdıqları addımlardır. Azərbaycan, Ermənistan nə cür davranacaq, Türkiyənin mövqeyi necə olacaq, Rusiya hansı addımlar atacaq? Mən ən üzdə olan istiqamətləri deyirəm, burda maraqlı olmayan İran tərəfi var, Qərbin öz yanaşmaları var, orda da yekdil mövqe yoxdur, çox mürəkkəbdir. Məni narahat edən odur ki, son dövrdə Azərbaycan dövlət başçısı və rəsmiləri çıxışlarında hər şeydən danışılır, Xankəndinin adı çəkilmir, Xocalının, Əsgəranın adı çəkilmir, yəni bu məsələdən elə bil məsafələnməyə çalışırlar, tez-tez də problemin bitdiyini deyirlər. Amma problem o zaman bitəcək və həll olunacaq deyə biləcəyik ki, Xankəndində Azərbaycan bayrağı dalğalansın və rus əsgərinin olduğu ərazilər bizim nəzarətimizə keçsin. Orada Azərbaycan Konstitusiyanına uyğun hakimiyyət orqanları formalaşsın. Yalnız bundan sonra məsələnin həll olunduğunu deyə bilərik.
- Təsəvvür edək ki, Yerevanla Bakı sülh sazişi imzaladı, amma Qarabağ erməniləri sənədlə razılaşmadı, müstəqilliyi əsas götürəcək, o zaman necə olacaq?
- Yəqin ki, Ermənistan Azərbaycanla sülh sazişi imzalasa, sərhədlər təsdiqlənsə, ərazi bütövlüyü tanınsa, burda yaşayan ermənilər gerçəklərlə hesablaşmaq zorunda qalacaqlar. Bunun üçün Azərbaycan tərəfinin öz iradəsini göstərməsi önəmlidirsə, digər tərəfdən də, demokratik qaydada bu məsələləri həll etməyə hazır olduğunu nümayiş etdirməlidir. Belə olanda, Azərbaycanın özündə demokratiya məsələləri aktuallaşır. Bütövlükdə isə mən Milli Strateji Düşüncə Mərkəzinin yanaşmasına əsaslanaraq deyə bilərəm ki, bu məsələnin həlli yolu Ermənistandan çıxarılan 100 minlərlə soydaşımızın ora getməsini, orda yerləşə bilməsini həll etmək lazımdır. Burda bir simmetriyaya, paralelliyə ehtiyac var, erməni tərəf Qarabağda yaşayan ermənilər üçün hansı statusu istəyirsə, soydaşlarımızın Ermənistana dönüb öz yurdlarında eyni qaydada və statusda imkanlara, imtiyazlara sahib şəkildə yaşamasına imkan yaradılmalıdır. Bu məsələ həm də haqq-ədalət məsələsidir, avropalılar tez-tez insan haqlarını və xalqların hüquqlarını qabardırlar, amma bu hüquqlar yalnız 40-50 min erməniyə aid deyil, 100 minlərlə azərbaycanlılara da aiddir, onların da hüquqları da daha ciddi və fundamental şəkildə pozulub. Ona görə də bu bir hüquq və sülh, əmin-amanlıq məsələsidir. Məhz azərbaycanlıların Ermənistanda öz doğma yurdlarına da yerləşməsi, bütün hüquqlara sahib olması iki ölkənin normal qonşuluq münasibətlərinə sövq edən, hazırlayan, şərtləndirən hadisələr ola bilər.
- Demokratiya məsələsinə toxundunuz, bilirik ki, Azərbaycan müxalifəti İlham Əliyevin legitimliyini tanımır. Sizcə, II Qarabağ savaşı Əliyevi legitimləşdirdimi?
- Faktı olduğu kimi qiymətləndirmək lazımdır, torpaqlarımızın önəmli hissəsi işğaldan azad edilib və bu da indiki hakimiyyət dönəmində baş verib. Biz bunu olduğu kimi qiymətləndiririk.
- Yəni siz onu legitim prezident kimi qəbul edirsinizmi?
- Bunun demokratiya və seçki məsələsinə aidiyyatı yoxdur axı. Bu, Qarabağ, ərazi bütövlüyü məsələsidir. Biz həmişə demişdik ki, ərazi bütövlüyü, Qarabağ məsələsində iqtidar-müxalifət məsələsi olmamalıdır, bütün qüvvələr yekdil mövqedə olmalıdırlar, savaşın gedişində də onu nümayiş etdirdik. Dövlətimizə, ordumuza tam dəstək verdik və dəstək davam da edəcək. Sadəcə, demokratiya, insan haqları, seçki məsələləri aktuallığını saxlayır, bəlkə də daha da artırır. Bir qədər əvvəl dedik ki, ermənilərin Qarabağda yerləşməsi ilə bağlı Azərbaycan dövlətinin mövqeyi çox önəmlidir, amma o mövqe yalnız ermənilərə yox, bütün vətəndaşlara aid olsun ki, inandırıcı olsun.
Telegram kanalımız