İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan torpaqlarının azad edilməsi 30 illik işğal dövründə həmin ərazilərdə erməni vandalizminin bariz nümunəsini gün üzünə çıxardı.
Qarabağ və Şərqi Zəngəzurda “bufer zona” kimi ermənilər tərəfindən yaradılmış müdafiə xətləri, dağıdılmış kənd və şəhərlərin beton qəbiristanlığına çevrilməsi, onların “Ohanyan xətti”ndə Azərbaycana qarşı istifadə olunması və s. torpağımıza qarşı olunan qəsdi sübut edir.
Lakin burada təkcə torpağımız yox, elə millətimiz də erməni terrorizminin qurbanına çevrilib. Torpaqların azad olunmasından sonra tapılan kütləvi məzarlar və onların kimliyinin müəyyən edilməsi 30 ildən çox itkin şəxslərin aqibətinin necə faciəvi olduğunu göstərir. Dominos pizza
Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov Yenisabah.az-la söhbətində bildirib ki, İkinci Qarabağ müharibəsindən sonra biz öz torpaqlarımızı işğaldan azad etdikdən və həmin ərazilərdə araşdırmalara başladıqdan sonra məlum oldu ki, əslində, I Qarabağ müharibəsi dönəmində itkin düşmüş 4 minə yaxın insanımızın müqəddəratı çox ağır formada nəticələnib və onların taleləri faciəvi sonluqlarla yekunlaşıb.
Onun sözlərinə görə, bu da həmin o insanlara qarşı vəhşi cinayətlərin törədilməsi və onların kütləvi şəkildə öldürülərək dəfn edilməsi ilə bağlıdır:
“Buraya həm mülki insanlar, həm də hərbçilər aiddir. Əslində, bununla bağlı biz Ermənistan qarşısında beynəlxalq tribunalarda və platformalarda dəfələrlə sual qaldırmışıq, amma buna cavab olmayıb. Artıq bizə məlumdur və söhbət bir və yaxud bir neçə insandan getmir, əksinə, minlərlə insandan gedir ki, bu insanlara qarşı etnik təmizləmə aparılıb, soyqırımı, sülh və insanlıq əleyhinə olan cinayətlər törədilib. Eyni zamanda bu insanlar əzab-əziyyətə dözüb, çünki onlara qarşı ağır işgəncələr törədilib”.
Mütəxəssisin fikrincə, burada Azərbaycan xalqına törədilmiş cinayətlərdən söhbət gedirsə, o halda, təbii ki, beynəlxalq hüquq da daxili hüquqdan hər hansı bir ciddi formada fərqlənən məqamları özündə ehtiva etmir:
“Beynəlxalq hüquqda da bu addımlar cinayətdir və buna görə məsuliyyət müəyyənləşdirilməlidir. Əslində, bu cinayətlərin mütləq əksəriyyəti Azərbaycanın öz ərazilərində törədilib. Yəni bu insanların yaşadıqları ərazi işğala məruz qaldığına və həmin ərazilərə Azərbaycan dövlətinin nəzarəti itdiyinə görə, o cinayətkarların əlinə düşüblər və Ermənistana rəhbərlik etmiş cinayətkar xunta bu cinayətləri ölkəmizin ərazilərində törədib”.
Müsahibimiz deyir ki, biz torpaqlarımızı işğaldan azad etdikdən sonra gördük ki, həmin şəxslərə məxsus olan cəsədlərə qarşı zorakılıq tətbiq edilib:
“Yəni onların cəsədləri normal qaydada deyil, kütləvi şəkildə məftillə və yaxud digər formalarda bağlanmış şəkildə aşkar edilib. Bu da ondan xəbər verir ki, həmin şəxslərin bir qismi diri-diri, hətta yandırılaraq dəfn edilib. Qısası, onlara qarşı vəhşiliklər Azərbaycan ərazilərində vətəndaşlarımıza qarşı törədilib.
Əslində, beynəlxalq hüquq bu məsələyə münasibəti uzun illər öncə qoymalı idi. Yəni, ilk öncə, dünyada fəaliyyət göstərən təşkilatlar, ayrı-ayrı dövlətlər – hansılar ki, dünyanın digər regionlarda belə hallara görə dərhal səfərbər olunurlar və həmin halların müəyyənləşdirilməsi və bunu törədən şəxslərin məsuliyyətə cəlb edilməsi istiqamətində addımlar atırlar. Biz bu kimi situasiyaların şahidi olmuşuq.
Məsələn, bu günə qədər Almaniya Federativ Respublikası İsrail dövləti və yəhudi xalqı qarşısında gözükölgəli olduğunu hələ də göstərməyə çalışır. Milyonlarla insanın həlak olduğu İkinci Dünya müharibəsində çoxlu sayda yəhudilər də öldürülmüşdü. Yəhudilərə qarşı törədilmiş holokosta görə Almaniya İsraildən üzr istəyib, onlara kompensasiya da ödəyib. Bu gün də həmin o “qara səhifələr”ə görə Almaniya yəhudi xalqı qarşısında gözükölgəli olduğunu isbat etməyə çalışır”.
“Lakin Ermənistan dövlətinin də analoji addımı atmasına baxmayaraq, beynəlxalq təşkilatların və ayrı-ayrı dövlətlərin bu istiqamətdə Ermənistana qarşı heç bir hərəkətin, hətta çağırışın belə edilmədiyinin şahidi olmuşuq. Ona görə də biz beynəlxalq hüquqi platformada Ermənistana və onun ayrı-ayrı cinayətkar ünsürlərinə qarşı məsuliyyətin müəyyən edilməsi üçün müraciət etməliyik. Biz beynəlxalq hüququ bir kənara qoysaq, bu gün Azərbaycanın daxili hüququ ilə – bu, elə beynəlxalq hüquqa da uyğundur və orada hər hansı bir ziddiyyət yoxdur– həmin şəxslərin məsuliyyətə cəlb edilməsi istiqamətində addımlar ata bilərik ki, artıq belə addımlar atılıb”, – deyə o, əlavə edib.
Həmsöhbətimizin qənaətinə görə, İkinci Qarabağ müharibəsindən sonra biz lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycan ərazilərində terrorçuluqla məşğul olan, ölkənin ərazi bütövlüyünə və suverenliyinə təhdid olan cinayətkar ünsürlərin bir hissəsini həbs etmişik:
“Hansı ki, Azərbaycan qanunvericiliyi buna kifayət qədər imkan verir. Eyni zamanda beynəlxalq hüquq da buna imkan verir və Azərbaycan ərazilərində azərbaycanlılara qarşı törədilmiş cinayətlərə görə Azərbaycan hüququnun işə düşməsi və bu istiqamətdə müvafiq qanunların və addımların atılması tam legitimdir”.
O, hesab edir ki, bu proses bu gün davam edir:
“İlk öncə, Azərbaycan həmin ərazilərdə araşdırmalar aparır. Yəni biz orada təkcə quruculuq-bərpa işlərini həyata keçirmirik. Biz buna paralel olaraq orada minatəmizləmə prosesini həyata keçiririk. Bu fəaliyyət həm də Azərbaycana qarşı vurulmuş cinayətlərin miqyasının müəyyənləşdirilməsi istiqamətində atılır. Burada söhbət təkcə maddi ziyandan getmir, eyni zamanda araşdırmalar nəticəsində kütləvi məzarlıqların da araşdırmalar nəticəsində aşkar olunmasının şahidi olmuşuq. Bu istiqamətdə sübutlar toplanılıb və bununla paralel olaraq həbs olunan separatçı-cinayətkar ünsürlər də birbaşa həmin cinayətlərdə iştirak ediblər. Məncə, onların ifadələri bu istiqamətdə ciddi sübutların tapılmasını özündə ehtiva edir”.
“Biz ümid edirdik ki, Ermənistan Azərbaycanla sülh sazişini imzalayacaq və bu istiqamətdə Azərbaycanla əməkdaşlıq aparacaq. Çünki cinayət cinayətdir və bütün insanlığa, eləcə də dövlətlərə qarşıdır. Əgər biz gələcəkdə 2 qonşu kimi sülh şəraitində yaşamaq istəyiriksə, bütün məsələlərdə, o cümlədə hüquqa və qanuna zidd cinayətlərin törədilməsi məsələsində də əməkdaşlıq etməliyik. Təbii ki, bu prosesi daha da qısaldacaq idi. Lakin Ermənistan bu gün sülh prosesini hələ də uzadır və bununla paralel olaraq analoji cinayətlərin aşkar edilməsi onların qısa müddətdə öz hüquqi həllini tapmasına maneçilik törədir”, – SHAM sədri qeyd edib.
Analitik onu da vurğulayıb ki, bizim kifayət qədər sübutlarımız olsa da, tam sübutlarımız hələlik yoxdur:
“Bu məzarlıqların aşkar edilməsi ilə yanaşı biz itkin düşən həmyerlilərimizin hansılarının bu məzarlıqlarda dəfn edilməsinin müəyyənləşdirilməsini istəyirik. Hələlik Ermənistan tərəfindən bizə o insanlarla bağlı məlumatlar verilməyib. Buna görə də müvafiq araşdırmanı özümüz aparmaq məcburiyyətində qalırıq. Mənə elə gəlir ki, əgər beynəlxalq hüquq bu istiqamətdə işə düşməyəcəksə və azərbaycanlılara qarşı törədilmiş kütləvi cinayətlərin səbəbkarların məsuliyyətə cəlb edilməsi prosesi həyata keçirilməyəcəksə, ölkəmiz bu məsələni həll etməyə hazırdır, hansı ki, artıq bir çox cinayətlər açılıb. Həmin cinayətkar ünsürlər bu gün Azərbaycan ədalət məhkəməsinin qərarını gözləyirlər. Məncə, istənilən mərhələdə beynəlxalq hüquq buna müdaxilə edə bilər”.
Rafi MÜSLÜMOV
Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” istiqaməti üzrə hazırlanmışdır.

Telegram kanalımız