“Avropalı və iranlı rəsmilərin Azərbaycanı Ermənistana ərazi iddiasında ittiham etməsi bizə qarşı olan yeni böhtan kampaniyasıdır”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.
O, Avropa İttifaqı Şurası prezidenti Şarl Mişelin Qranadada keçirilən sammitdə səsləndirdiyi məlum fikirlərə münasibət bildirib. pizza
Ş. Mişel Azərbaycanı ərazi iddiasında ittiham edərək, bunun qəbuledilməz olduğunu dilə gətirib.
Siyasi təhlilçinin sözlərinə görə, əsas məsələ Qarabağ və Azərbaycanın ərazi bütövlüyü məsələsi idi:
“Ermənistana ərazi iddiamız yoxdur. İstər Zəngəzur, Göyçə mahalı, istərsə də Dərələyəz olsun, doğrudur, tarixi Azərbaycan torpaqlarıdır, amma müasir reallıqlar tələb edir ki, Ermənistanın ərazi bütövlüyünü tanıyaq. Ermənistanın ərazi bütövlüyünü tanımışıq”.
O xatırladıb ki, baş verən hadisələr fonunda İran tərəfi də müəyyən proseslərə müdaxilə edir:
“İndi İran da özündən müəyyən hoqqalar çıxarır, Avropa İttifaqındakı müəyyən erməni ideoloqları da bu məsələni şişirdirlər ki, guya Azərbaycan Zəngəzura hücum edib həmin bölgəni almaq istəyir. Halbuki bizim bundan sonra müharibə aparmaq fikrimiz yoxdur, sülh müqaviləsini imzalamaq istəyirik. Qranadada sülh müqaviləsinin imzalanmamasına səbəb isə orada Fransa prezidenti Emmaneul Makronla yanaşı, Almaniya kansleri Olaf Şolzun iştirakı idi”.
İstəyirik ki, başda Şarl Mişel olmaqla, Aİ tərəflər arasında vasitəçilik etsin, amma orada Makron, Şolz və digərləri olmasın. Çünki aranı qatan, suyu bulandıran Fransa lideridir. Buna görə də Şarl Mişel Azərbaycan rəhbərinə zəng vurub. Zənnimcə, Brüssel prosesi indiki perspektivdə xeyli uğur qazanıb və bundan sonra da məlum proses davam edəcək. Böyük ehtimalla, yaxın bir neçə gündə Ermənistanın Baş naziri Nikol Paşinyanla Azərbaycan Prezidenti İlham Əliyevin görüşü baş tutacaq”.
Müsahibimiz iddia edib ki, bu məsələlərin qızışdırılmasında əsas səbəbkar Rusiyadır:
“Moskva istəyir ki, Zəngəzur dəhlizi olsun, ona Rusiya ordusu və gömrük xidməti nəzarət etsin. İrəvan isə bildirir ki, bu, Ermənistanın suverenliyinə ziddir və düz də deyir. Ona görə də Ermənistan Zəngəzur dəhlizi məsələsində özünün suverenliyinə hörmət edilməklə, prosesin həyata keçirilməsi haqqında tez-tez bəyanatlar verir. İran isə bir stəkan suda fırtına qoparmağa çalışır. Tehran Azərbaycana qarşı istənilən ən kiçik faktdan yararlanaraq, böyük fikir gəzişmələri edir. Əminəm ki, aranı qızışdıranlar məqsədlərinə nail ola bilməyəcək və biz Ermənistanla sülh müqaviləsini imzalayacağıq”.
Rafi MÜSLÜMOV
Telegram kanalımız