Sentyabrın 21-də BMT Təhlükəsizlik Şurası (TŞ) Ermənistanın və onun əsas dəstəkçisi rolunda çıxış edən Fransanın təkidi ilə Qarabağdakı vəziyyətlə bağlı iclas keçirdi. Onu da qeyd edək ki, hələ ötən ay Ermənistan və Fransa BMT-nin Təhlükəsizlik Şurasında Azərbaycanın Laçın-Xankəndi yolunu “bağlamasından” sonra guya Qarabağın ermənilər yaşayan hissəsində yaranmış “humanitar böhran”ın müzakirəsinə nail olmuşdular. Şübhəsiz, eyni dəyərlərin birləşdirdiyi Ermənistan və Fransanın fürsət düşdükcə Azərbaycana qarşı əsassız iddialarla çıxış etmələri, bu yalanlarına, böhtanlarına dəstək qazanmaq üçün BMT-yə üz tutmaları müxtəlif sualların yaranmasına səbəb olmaya bilməz.
Yenisabah.az xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
O qeyd edib ki, sözügedən iclas Ermənistanın və onun havadarlarının beynəlxalq hüquqa zidd, ikiüzlü siyasətlərinin iç üzünü açıb bütün dünyaya göstərdi. İclasda Fransa, Almaniya və Avropa İttifaqı (Aİ) Azərbaycana qarşı çox haqsız və ədalətsiz ittihamları ilə diqqətdə oldular. Sezar pizza
YAP Xətai rayon təşkilatının sədri onu da əlavə edib ki, BMT TŞ-nin Azərbaycanın öz ərazisində apardığı lokal xarakterli antiterror tədbirləri ilə bağlı iclas keçirməsi beynəlxalq hüququn norma və prinsiplərinə zidd olmaqla yanaşı, həm də dövlətlərin daxili işinə müdaxilədir. Azərbaycanın bir sutkadan az müddət ərzində həyata keçirdiyi lokal antiterror tədbirləri hər zaman ədalətin və beynəlxalq hüququn yanında olan dövlətlər tərəfindən dəstəkləndi. Ən əsası, bildirildi ki, bu addım Azərbaycanın daxili işidir. Hətta BMT Təhlükəsizlik Şurasının iclasından öncə Ermənistanın baş naziri Nikol Paşinyan həyata keçirilən lokal antiterror tədbirlərinin Qarabağda yaşayan mülki erməni əhalisinə təhlükə törətmədiyini bildirdi. Bu açıqlamanın ardınca BMT Təhlükəsizlik Şurasında Qarabağdakı vəziyyətlə bağlı iclasın keçirilməsi, Ermənistan rəhbərliyinin əvvəlki açıqlamalarının əksinə olaraq lokal antiterror tədbirləri zamanı guya mülki əhali arasında kütləvi tələfatın, dinc insanlara qarşı təhdidlərin olmasını iddia etməsi bu ölkənin və havadarlarının ikiüzlü, ədalətsiz siyasətlərinə bir daha işıq saldı.
Vüqar Rəhimzadə diqqəti Avropa İttifaqının ikili siyasətinə yönəldərək bildirib ki, qurum bir tərəfdən sülh müqaviləsinin imzalanması prosesində vasitəçilik missiyasını yerinə yetirir, digər tərəfdən BMT Təhlükəsizlik Şurasının tribunasından ölkəmizə qarşı qərəzli ittihamlar səsləndirir. Hələ bu azmış kimi Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi Cozef Borelin söylədiyi əsassız fikirləri Aİ ayrıca bəyanat kimi yaymaq istədi. Azərbaycanın Qarabağda lokal antiterror tədbirləri ilə bağlı qərəzli bəyanatı əvvəlcədən Aİ-nin üzvü olan 27 ölkənin hamısı tərəfindən təsdiq edilməli idi, lakin Macarıstanın bu sənədə veto qoyması onların bu niyyətini puça çıxardı.
YAP Xətai rayon təşkilatının sədri bu mühüm məqamı da xüsusi qeyd edib ki, hər zaman biri-birlərinin yanında olan Azərbaycan və Türkiyə bu birliyi BMT Təhlükəsizlik Şurasının Qarabağla bağlı iclasında da nümayiş etdirdilər. Qardaş Türkiyə Azərbaycanı dəstəkməklə bir daha ədalətin və beynəlxalq hüququn yanında olduğunu nümayiş etdirdi.
Telegram kanalımız