“Hamı başa düşür ki, Azərbaycan çox güclüdür, hər an...”

saytların hazırlanması

Evə çatdırılma

“Hamı başa düşür ki, Azərbaycan çox güclüdür, hər an...”

Siyasət

05 Sentyabr 2023 17:46 3830


Azərbaycanın sabiq XİN rəhbəri Tofiq Zülfüqarovun “Yeni Sabah”a müsahibəsi: 

- Son müşahidələrə əsasən, deyə bilərik ki,  artıq sülh danışıqları gündəmdən çıxıb və müharibə ritorikası yenidən güclənib. Ümumilikdə isə bu tendensiyanı həm Azərbaycan, həm də Ermənistanda müşahidə edirik. Səbəblər nədir? 

- Sülh gündəmini və konkret sənədin layihəsini Azərbaycan Ermənistana təqdim edib. O vaxtı ümidlər var idi ki, Ermənistan siyasi elitası müharibədən sonra sülhə meyl edəcək və davamlı sülhə nail olmaq mümkün olacaq. Lakin bu müddət ərzində gördük ki, Ermənistan siyasi istəblişmentinin Qarabağa dair şüarı “xilas olmaq üçün ayrılmaq” oldu. Məhz bu şüarın altında Nikol Paşinyan və komandası hakimiyyətə gəldilər. İlk iclasda da Paşinyan dedi ki, “biz Qarabağ siyasətini yeni şəraitdə davam edəcəyik”. Keçirilən danışıqlar isə sadəcə olaraq vaxt udmaq və yeni şəraitdə “Miatsum” planını diriltmək, eləcə də beynəlxalq səviyyədə gündəmə gətirməkdir.  Toyuqlu pizza

- İddia edirsiniz ki, 3 ilə yaxındır davam edən görüşlər sadəcə İrəvanın imitasiyası idi? 

- Elədi ki, var! Azərbaycan tərəfi isə Ermənistan sülh imitasiyasına şübhə ilə yanaşırdı. İndi isə açıq-aşkar ortaya çıxdı ki, Ermənistan elitası və onun havadarları məhz köhnə siyasəti davam etdirmək üçün addımlar atır, “Miatsum” layihəsini davam etdirirlər. Bunu sübut edən çoxlu faktlar var. Biz görürük ki, sülhməramlıların müvəqqəti nəzarəti altında olan bölgələrdə Ermənistan Silahlı Qüvvələrinin hərbçiləri mövcuddur. Bunların hamısı isə Ermənistan büdcəsindən maaş alan məmurlar və hərbçilərdir. Yəni İrəvan açıq şəkildə bu gün hərbi işğalı davam etdirir. Onlar beynəlxalq ictimaiyyəti aldatmaq üçün bizə qarşı müxtəlif təbliğat həmlələri təşkil edir. 

- “Miatsum” siyasəti, lakin yeni sferada... 

- İrəvanın son aylardakı davranışı onu göstərir ki, Ermənistan elitası “Miatsum”u həyata keçirməkdə israrlıdır. Təbii ki, Azərbaycan illərdir bu həmləni dəf etmək üçün xüsusi bir siyasət aparır. 30 ilin ərzində məhz bu siyasət Azərbaycanın daxili və xarici siyasətində əsas xətt olub. Hazırkı vəziyyəti nəzərə alaraq, hesab edirəm ki, lazımi addımlar atmalıyıq ki, ərazi bütövlüyümüz və suverenliyimizi müdafiə edək. Biz buna nail olmaq üçün istənilən addımları atmalıyıq. Çünki hər bir dövlətin əsas vəzifəsi ondan ibarətdir ki, ərazi bütövlüyü və suverenliyini qorusun.

- İrəvanın Hindistan və Fransanın dəstəyi ilə silahlanması erməniləri müharibə ritorikası ilə çıxışlar etməyə sövq edən səbəb ola bilərmi? 

- Bunlar yuxarıda sadaladığım fikirlərin elementləridir. Eyni zamanda ermənilər istəyirlər ki, işğal siyasəti daim gündəmdə qalsın. Eləcə də hərbi imkanlarını yüksək səviyyəyə çıxardaraq, buna nail olmaq niyyəti güdürlər. Bunlar bir-birilə bağlı olan məsələlərdir. İrəvanda hesab edirlər ki, Rusiyanın yerini digər qüvvələr tuta bilər. Ermənistanın bu siyasəti daim xarici mənbələrdən təmin olunub. Vaxtilə bu prosesdə Kremlin əmrlərini yerinə yetirən indi görür ki, Rusiyanın imkanı tükənib, ona görə də özünə yeni havadar axtarır. Burada təkcə Hindistan və Fransanı yox, digər ölkələri də tapmaq olar. Bir çox qüvvələr isə maraqlıdır ki, bölgədə müxtəlif səbəblərə görə bu münaqişə davam etsin və idarəetmə mexanizmasını istifadə etsinlər.

- Ümumiyyətlə, bölgədə müharibədə ehtimalını necə qiymətləndirirsiniz? Havadan barıt qoxusu gəlirmi? 

- Baş verən proseslərə geniş spektrdan baxmaq lazımdır. Görürük ki, Rusiyanın mövqeləri bölgədə zəifləyib. Hətta o dərəcədə zəifləyib ki, Baş nazir Nikol Paşinyan “la Repubblica”ya müsahibəsində açıq şəkildə fikirlər səsləndirdi. Maraqlıdır, bu bölgə gələcəkdə kimin təsiri altına keçəcək? Bu baxımdan, Azərbaycan-Türkiyə tandemi onu göstərir ki, regiondakı dominant güc Türkiyə-Azərbaycan və gələcəkdə Türk Dövlətləri Birliyi olacaq. 

Bəzi dünya oyunçuları buna qane olmaq istəmirlər. Onlar istəyirlər ki, Rusiya öz imkanlarını başqa aktorlara versin. Məsələn, Fransa və İran iddialarını açıq-aşkar göstərir. Qismən olsa da, Hindistan öz mövqeyini büruzə verib. O cümlədən Çin də maraqlıdır ki, regionda imkanlarını genişləndirsin. Biz indi geopolitik dəyişikliklər ərəfəsindəyik. Yaxşıdır ki, Azərbaycan bu oyunlarda güclü bir dövlət kimi iştirak edəcək. 

O ki qaldı barıt qoxusuna, Azərbaycan öz maraqlarını müdafiə etmək üçün onun gücdən istifadəsi istisna olunmur. Bunu hamı başa düşür, lakin yenə də onu qeyd etmək istəyərdim ki, Azərbaycan ona qarşı çıxan qüvvələrdən qat-qat güclüdür. Bu gücün daha yüksək səviyyəsini də hər an istifadə edə bilər. 

Rafi MÜSLÜMOV 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!