“İrandan keçən yolun adı Zəngəzur dəhlizi deyil, ora İran ərazisidir. Lakin ortada bir fakt var ki, əgər Ermənistan bu dəhlizin açılmasına razılıq verməsə, yeni bir yol olaraq bu marşrutdan istifadə olunacaq və nəqliyyat-kommunikasiya xətləri həmin ərazidən keçməklə Naxçıvana daxil olacaq. Dolayısı ilə, Pekindən başlayan yol həmin hissədən davam etməklə Londona qədər uzanacaq”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında politoloq Samir Hümbətov deyib.
Müsahibimiz İran ərazisindən Naxçıvana keçməklə gedəcək yeni yolun Ermənistanı blokadaya salmasından və rəsmi İrəvanın bu məsələdə yola verdiyi siyasi səhvlərdən söz açıb. pizza sifarişi
“Əslində, İran burada Ermənistanı çox istədiyi üçün “biz sərhədlərin dəyişdirilməsinə imkan verməyəcəyik” deməyib. Əksinə, İran Ermənistanı tələyə salaraq, Ermənistana gələcək faydanı özünün maraqları naminə dəyişməyə başladı. Burada kommunikasiyaların bərpası üçün kifayət qədər şərait yaranıb. Ona görə də bu məsələdə qazanclı çıxan Ermənistan yox, İran oldu”, – S. Hümbətov əlavə edib.
Analitikə görə, əgər Ermənistan Zəngəzur yolunu öz ərazisindən açmasa, bu dövlət tamamilə blokadada qalmış olacaq:
“Çünki şərqdən Azərbaycan, Qərbdən Türkiyə ilə həmsərhəd olan Ermənistan İrandan keçəcək yol ilə cənubdan da blokadaya düşəcəklər. Hər halda Paşinyan hökuməti bunu görür. Ona görə də İrəvanın bir seçimi var: o Zəngəzur dəhlizini açmalı və başa düşməlidir ki, İran Ermənistanı aldadıb. İran bu gün Ermənistan vasitəsilə öz maraqlarını həyata keçirməyə çalışır. Çünki həmin kommunikasiya xətləri Ermənistan ərazisindən keçsəydi, ondan gələn gəlirlər Ermənistan büdcəsinə daxil olacaqdı, amma indiki şəraitdə İranın büdcəsinə daxil olacaq. Eyni zamanda Tehran çalışacaq ki, müvafiq kommunikasiya xətlərinə nəzarət funksiyasını həyata keçirsin”.
Siyasi təhlilçinin fikrincə, İrəvan üçün hələ də gec deyil:
“Əgər Ermənistan ağlını başına yığacaqsa və Zəngəzur dəhlizinin açılmasına imkan verəcəksə, bu, yalnız və yalnız Ermənistanın özünün xeyrinə nəticə verə bilər. Onsuz da aydın məsələdir ki, bu Naxçıvanla Azərbaycanı birləşdirəcək bir xətdir. Bizim onsuz da İran və Gürcüstan üzərindən marşrutlarımız mövcud idi. Amma indiki məqamda Ermənistan razılıq verməsə, daha çox itirəcək, nəinki Azərbaycan və digərləri. Burada ən çox qazanan İran olacaq. Onsuz da İranın bu günə qədər bölgə ilə bağlı söylədiyi fikirlər, sərsəm açıqlamalar məhz bundan qaynaqlanırdı”.
Rafi MÜSLÜMOV
Telegram kanalımız