Gənclər bizdən kreativdir. Onlar həyatı daha maraqlı yaşayır, günə rəng qatmağı bacarırlar. Belə də olmalıdır. 21-ci əsr yenilik əsridir. Öz qınımıza çəkilib bir küncdə dayanmaqla zamanla ayaqlaşa bilmərik...
Sözümün canı var, səhər işə gələndə saytımızda diqqətimi çəkən ilk yazı Milli Məclisin deputatı Tahir Kərimlinin açıqlaması oldu. Tahir müəllim belə deyirdi: “Bu hərəkətimə görə hər kəsdən üzr istəyirəm!”
Dodağım qaçdı, dərhal beynimdən bu fikir keçdi: "Gənclər yenə yaradıb". pizza
Deyingən adam olmasam da, bu dəfə deyinməyimdən qalmadım: “Yüz dəfə demişik ki, müsahibin fikrini kontekstdən çıxarmayın”.
Elə bildim, əməkdaşlarımız oxucuların diqqətini çəkmək üçün xəbərin başlığının üzərində azca “oynayıblar”. Yoxsa, 69 yaşlı Tahir Kərimli durduğu yerdə hər kəsdən, o cümlədən məndən, sizdən niyə üzr istəsin?
Mən Tahir müəllimi çoxdanıncı, uzaq 90-cı illərdən tanıyıram. 1998-ci ildə “Bu gün” qəzetində əmək fəaliyyətinə başlayandan sonra, dəfələrlə onunla həmsöhbət olmuşam. O vaxt mən informasiya, Müşfiq Ələsgərli isə siyasət şöbəsinin müdiri idi. Müşfiq müəllim Tahir Kərimli ilə tez-tez müsahibəyə gedirdi. Bəzən isə onu redaksiyaya dəvət edirdi. Çay süfrəsi arxasında uzun-uzadı söhbətlərimiz olurdu. Tahir Kərimli ilə bağlı bu qənaətə 25 il öncə gəlmişəm: Savadlı, abırlı, əxlaqlı adamdır. Buna görə də, Tahir müəllimin hər kəsdən üzr istəyəcək qədər böyük qəbahətə yol verəcəyinə inanmadım...
Maraq məni bürüdü. Dərhal xəbəri oxumağa başladım. Yox, əməkdaşlarımız heç bir fikri kontekstdən çıxarmamışdılar. Tahir Kərimli Pravda.az saytının müxbiri ilə söhbətində növbəti dəfə namizədliyini irəli sürməməyindən danışmış, sonra isə eynən belə demişdi: “Gizlətmirəm ki, deputatlığa namizədliyimi verməmək qərarım mənə, ailəmə və partiyama həyəcanlı, sarsıdıcı təsir göstərib. Buna görə hər kəsdən üzr istəyirəm”.
Hələ də, hörmətli deputatımızın bu sözlərinin təsiri altındayam. 69 yaşlı bir insanın növbəti dəfə deputatlığa namizəd olmaması niyə onun ailə üzvlərini, övladlarını sarsıtmalıdır? Bu ölkədə nəinki deputat, hətta “JEK” müdiri ola bilməyən yüz minlərlə kişi var. Günəşli məmləkətimizdə 40 il müəllim işləyib ucqar kənd məktəbində direktor kürsüsündə əyləşə bilməyən minlərlə pedaqoq var. Mənim kimi 25 ildə ən azı 15 min məqalə yazıb Allahın “Tərəqqi” medalına layiq görülməyən yüzlərlə jurnalist var. Amma buna görə həyat yoldaşımız, uşaqlarımız sarsılmır, əksinə, dik duruşumuza, açıq alnımıza, uca başımıza görə fəxr edirlər.
Arvad-uşaq kişinin vəzifəsi olmayanda deyil, kişi vəzifəlilərin qabağında alçalanda sarsılır...
Seymur VERDİZADƏ
Telegram kanalımız