Mətbəxkulturalizm diplomatiyası: yeni inkişaf modeli

saytların hazırlanması

Evə çatdırılma

Mətbəxkulturalizm diplomatiyası: yeni inkişaf modeli

Sosial

21 May 2026 16:21 172


Gündəm Kamal Abdulladır. Hamı onu tənqid edir. Nə var, nə var, deyib ki, qadın nədir işləmək nədir, mətbəxdə oturub yeməyini bişirməli, uşaqlarına baxmalıdır. Bunu özü üçün deməyib ey... Ölkəmizi düşünərək deyib. Bildirib ki, qadınları mətbəxdə və ev şəraitində uşaqlarına baxmağa yönəltsək, bu, Azərbaycan cəmiyyətinə daha çox xeyir gətirə bilər.

Elə hamımız da xeyir üçün çalışmırıq bəyəm?!

İndi onu tənqid edirlər, topa tuturlar, nə bilim, ağ yuyub, qara sərirlər. Amma məncə bu işi Azərbaycanda Kamal müəllim qədər anlayan adam yoxdur. O bir müddət Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin rəhbəri olub. Həm milli adət-ənənəni, həm də digər toplumların adətlərini bizdən çox gözəl bilir. Ona görə də bilir ki, belə bir təklifi nəinki səsləndirmək olar, hətta onu reallaşdırmaq da mümkündür. Bu, heç bir dəyərə zidd deyil, heç kimi də aşağılamır... Toyuqlu pizza

İndi onu tənqid edənlər düşünürlər ki, guya Kamal müəllim kulturalizmlə kulturizm arasındakı fərqi bilmir və sözlə də olsa əzələ nümayiş etdirib. O qədər də deyil. Kamal müəllim hazırda Azərbaycan Dillər Universitetinin rektorudur. O universitetdə bilirsiniz nə qədər qız tələbə var?! Şəxsən mən bilmirəm. Amma təxmin edirəm ki, ən azı 70-80 faiz olar. İndi onların hamısı diplomu əllərinə alan kimi keçəcəklər mətbəxə. Nə işləri var çöldə-bayırda, həyətdə-bacada?.. 4-5 illik təhsil də gedəcək işinin dalınca.

Sadəcə, məsələnin bir az qəliz tərəfi var: Yüksək vəzifə tutan qadınlar necə olacaq?! Kamal müəllimin də statusundan yuxarıda olanlar...

Nəsə, bu sonranın işidir. İndiki məqamda əsas məqsəd Kamal müəllimin verdiyi ikinci açıqlamasındakı dəqiqləşdirmədir. Deyir elə qadınlar var ki, biz onları səhər verilişlərində, küçələrdə, bacalarda görürük, onların evdə oturmaqları daha məsləhətlidir. Əlbəttə məsləhətdir... Çünki küçədə görünən qadın təhlükəlidir. Birdən işləyər, pul qazanar, öz ayaqları üstündə durar, fikrini deyər, hansısa qərarı özü verər. Onda nə edəcəyik? Cəmiyyətin bütün balansı pozular axı...

Ən yaxşısı budur ki, qadın səhərdən axşama qədər kotlet qızartsın. Həm milli dəyərlər qorunar, həm də statistika düzələr. Boşanmalar azalar, işsizlik rəqəmləri düşər. Çünki qadın işləməyəndə avtomatik bir iş yeri boşalır. Bax buna deyirlər strateji düşüncə.

Ümumiyyətlə, biz qadın məsələsində çox irəli gedib azmışıq. Bir baxırsan hakimdir, biri deputatdır, biri rektordur, biri jurnalistdir... Adam çaşıb qalır ki, bəs bunlar nə vaxt dolma bükür?

Kamal müəllimin fikirlərində əslində böyük bir fəlsəfə var. Sadəcə, hamı onu başa düşmür. Necə ki, vaxtilə multikulturalizmi də başa düşmürdülər. İndi isə yeni mərhələ başlayır – “mətbəxkulturalizm”. Yəni hər kəs öz yerini bilsin!

Elnur Məmmədli


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!