“Əxlaqsız həyat tərzini təbliğ edən şəxsləri cəmiyyətə nümunə kimi təqdim edənlər, utanın! Nə vaxtsa bunun cavabını verəcəksiniz. Bəlkə də verməyəcəksiniz, çünki çoxsunuz. Kim kimdən cavab tələb edəcək?”
“Yeni Sabah” xəbər verir ki, bu sözləri müğənni Nadir Qafarzadə deyib. İfaçı sərt və təhqir dolu açıqlamaları ilə gündəmi zəbt edib.
O, cəmiyyətdə mənəvi dəyərlərin aşındığını iddia edərək kəskin ifadələr işlədib: pizza mizza
“Bəli, hər bir insanın günahı var. Heç kim süddən çıxmış ağ qaşıq deyil. Amma elə günahlar var ki, nə bu dünyada, nə də o biri dünyada bağışlanmamalıdır”.
Onun fikrincə, cəmiyyətdə həqiqətən yaxşı insanların sayı çox azdır. O hesab edir ki, sosial şəbəkələr isə insanların əsl simasını ortaya çıxarıb:
“...Yazıq sizə! Siz diriykən ölmüş insanlarsınız. Elə bil yaşayırsınız, amma ruhən ölmüsünüz. Bəlkə də sadəcə yer üzü boş qalmasın deyə varsınız.
Biz də iddia etmirik ki, qüsursuzuq. Amma sizə baxanda insan özünü müqayisədə daha yaxşı görür. Mən hesab edirəm ki, bu cəmiyyətdə həqiqətən yaxşı insanların sayı çox azdır, bəlkə də 20-25 faizdən artıq deyil.
Sosial şəbəkələr sizin əsl simanızı ortaya çıxardı. Kim olduğunuz, nəyə qadir olduğunuz hamıya bəlli oldu!
Sizdən adam olmayıb, olmayacaq da. Siz ruhən ölü insanlarsınız. Allah sizə rəhmət eləməsin. Sizə rəhmət də düşmür”.
Qeyd edək ki, Nadir Qafarzadə bu fikirləri son günlər Bakıda fəaliyyət göstərən və sosial şəbəkələrdə "çılğın dondurmaçı" kimi tanınan şəxslə bağlı müzakirələr fonunda səsləndirib. Sözügedən şəxs dondurma satışı zamanı rəqs və müxtəlif şou elementləri nümayiş etdirib. Sosial şəbəkələrdə yayılan görüntülərdə azərbaycanlı qızların da həmin şouya qoşularaq rəqs etməsi və video çəkməsi geniş müzakirələrə səbəb olub. Müğənninin sərt tənqidləri də məhz bu hadisəyə münasibət olaraq səsləndirilib.
Bu məsələyə tanınmış prodüser və teleaparıcı Tarix Əliyev (Tolik) də münasibət bildirib. O, Nadir Qafarzadənin fikirlərini dəstəkləyərək paylaşımına belə şərh yazıb:
“Sağ ol, Nadir! Doğrudan da, lap ürəyimizdən dedin.
Bir dondurma satan kimdir ki, Azərbaycana gələn kimi bəziləri özlərini itirib onun qarşısında rəqs edir, sanki böyük bir hadisə baş verib. Niyə bu qədər özümüzü ucuzlaşdırırıq?
Mən demirəm ki, heç kimi sevməyin, heç kimin fanatı olmayın. Amma hər şeyin bir həddi var. İnsan ilk növbədə özünə və öz xalqına hörmət etməlidir.
Bu adamın Türkiyədə belə elə bir nüfuzu və ya adı yoxdur. Bəs biz niyə onu olduğundan artıq dəyərə mindiririk?”
Qeyd edək ki, N. Qafarzadə çıxışında çox sərt ifadələr işlətdiyindən onun dedikləri ixtisarla təqdim edilib. Bu baxımdan onun çıxışının videogörüntülərini də təqdim etməyə lüzum görmürük. Eyni zamanda onu da bildirək ki, müğənni paylaşımının şərh bölməsini bağlayıb.
Əsmətxanım Rzazadə
Telegram kanalımız