Yerevan noyabrın 10-da bildirib ki, Azərbaycanla onun Naxçıvan eksklavı arasında Ermənistan ərazisindən keçəcək potensial nəqliyyat əlaqələrinə Rusiyanın nəzarətinə heç vaxt razılıq verməyib. Bu haqda AzadlıqRadiosunun erməni xidməti yazır.
Bir-birindən getdikcə uzaqlaşan bu iki müttəfiq arasında yeni bir acı deyişməni Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova başladıb. O, Ermənistan-Azərbaycan sərhədinin səyahət və kommersiya üçün açılması üzrə Rusiyanın vasitəçilik etdiyi razılaşmaların gerçəkləşməməsinə görə sanki Yerevanı günahlandırıb.
Zaxarovanın sözlərinə görə, Rusiya-Ermənistan-Azərbaycan işçi qrupu Moskvada keçirilən azı 12 görüşdə nəqliyyat əlaqələrinin bütün praktik aspektlərinin hazırlanmasına yaxın olub. Ancaq proses ona görə tamamlanmayıb ki, "kiminsə bunu etməyə sadəcə siyasi iradəsi yoxdur". Pepperoni pizza
Zaxarova brifinqində Ermənistan Milli Təhlükəsizlik Xidmətində (MTX) bu yaxınlarda yaradılmış xüsusi bölmədən də danışıb. Bu bölmə ölkə boyunca adamların, yüklərin təhlükəsiz tranzitini təmin etmək məqsədilə yaradılıb. Zaxarova deyib ki, Naxçıvanla Azərbaycanın qalan hissəsi arasında nəqliyyat kommunikasiyalarına nəzarəti Rusiya sərhədçiləri həyata keçirməlidirlər. Sözçü bunu deyərkən 2020-ci ilin atəşkəs bəyanatına istinad edib. Həmin bəyanata əsasən, Azərbaycanla Ermənistan arasında İkinci Qarabağ müharibəsi dayandırılıb, regiona Rusiya hərbçiləri yerləşdirilib.
Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan Zaxarovaya cavabında deyib: "Ermənistan heç vaxt, heç bir sənəddə öz suverenliyinin məhdudlaşdırılmasına razılaşmayıb və suveren ərazisinin heç bir hissəsində üçüncü ölkənin nəzarəti qurula bilməz".
Atəşkəs bəyanatının 9-cu maddəsində deyilir ki, Ermənistanda yerləşən Rusiya sərhədçiləri Naxçıvana və geriyə insan, maşın və yüklərin hərəkətinə nəzarət edəcək. Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan bu ilin əvvəlində deyirdi ki, bu, onlara kommersiya nəqliyyatına monitorinq imkanı verir, nəinki onu mühafizə etməyə.
Azərbaycan hökumətinin Naxçıvana xüsusi nəqliyyat xəttinin Ermənistanın sərhəd nəzarətinə məruz qalmamasını tələb etdiyi bildirilir. Yerevan isə bunu dəfələrlə rədd edib.
Telegram kanalımız