“Keçən il Praqada, sonra isə Brüssel danışıqlarında irəliləyişlər oldu. Ən əsası isə Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıdı, Azərbaycanın ərazisinin 86,6 min kv2 olmağını Qarabağ və anklavda olan kəndlərimiz daxil olmaqla təsdiqlədi”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında politoloq Elşad Həsənov deyib.
O, oktyabrın 5-də İspaniyanın Qranada şəhərində keçirilməsi planlaşdıran Avropa Siyasi Birliyinin növbəti sammitində Azərbaycan və Ermənistan liderlərinin iştirakından, habelə Avropa İttifaqının vasitəçiliyi ilə növbəti danışıqların baş tutma ehtimalından söz açıb. Toyuqlu pizza
E. Həsənov əlavə edib: “Prezident İlham Əliyev qeyd edib ki, Paşinyan bunu deyir, ancaq yekun sənədə qol çəkmir. Onun sənədə qol çəkməməsinin əsas səbəbi Ermənistanın daxilində olan rusiyapərəst qüvvələr və Rusiyanın Qarabağda sülhməramlı adı altında yerləşdirdiyi hərbi kontingentdir. Rusiyanın bəzi siyasi-hərbi dairələri ilə sıx əməkdaşlıq edən Qarabağdakı revanşist qüvvələr də buna əngəl olurlar”.
“Artıq aydındır ki, Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistanı fəlakətdən qurtarmaq, müstəqil ölkə kimi qorumaq istəyir. Buna görə də Azərbaycanla sülh sazişinin bağlanması haqqında bəyanatlar verir. Təəssüf ki, bu adam görüşlərdə bir şey, İrəvana qayıdanda isə başqa bir şey deyir. Yəni Paşinyanın qeyd etdiyi kimi, Ermənistan artıq müstəqil dövlət deyil və indi o, kimdənsə asılı olmaq istəmədiyini dilə gətirib. Onun son bəyanatları göstərdi ki, Rusiya ilə bütün körpüləri yandırıblar. Üstəlik, Rusiya Ukraynada müharibə aparır deyə, Kremlin artıq Ermənistanın təhlükəsizliyinə qarant ola bilməyəcək. Ona görə də Qərb dövlətlərindən özünə qarant axtarır”, – deyə politoloq qeyd edib.
E. Həsənovun fikrincə, təbii ki, Azərbaycan öz mövqeyində qalır, sülh danışıqlarının aparılmasını istəyir və bu haqda da beynəlxalq qüvvələrə, o cümlədən Avropa İttifaqı və ABŞ-a dəfələrlə fikrini bəyan edib:
“Oktyabrın 5-nə nəzərdə tutulan Qranada görüşlərində isə, Şarl Mişelin dediyinə görə, Ermənistan və Azərbaycan liderləri iştirak edəcək. Fikrimcə, burada sülh danışıqları yenidən gündəmə gələcək və aparılan diplomatik səylər nəticəsində ilin sonuna qədər sülh müqaviləsi bağlanacaq. Əgər sülh müqaviləsi bağlanmazsa, Üçüncü Qarabağ müharibəsi labüd olacaq”.
Rafi MÜSLÜMOV
Telegram kanalımız