Ölmüş adamın paxıllığını çəkir... 

saytların hazırlanması

Evə çatdırılma

Ölmüş adamın paxıllığını çəkir... 

Sosial

15 Avqust 2024 10:45 977


Üç-dörd gün əvvəl bir məmur dünyasını dəyişmişdi. Saytlar oxucunun diqqətini cəlb etmək üçün xəbəri belə təqdim etmişdilər: "Azərbaycanda yüksək vəzifəli şəxs vəfat etdi". 

Vallah, yüksək vəzifəsi yox idi. Rayonda orta ranqlı bir dövlət qulluqçusuydu. Jurnalistlər beş-on oxucunu "tora" salmaq üçün mərhumdan qılıncının dalı da, qabağı da kəsən vahiməli məmur obrazı yaratmışdılar... 

Saytların əməkdaşları bu xəbəri sosial şəbəkə hesablarında, ayrı-ayrı qruplarda paylaşmışdılar. Diqqətli adam olduğum üçün gözümdən yayınmadı: təkcə bir qrupda yüzdən yuxarı şərh vardı.  pizza mizza

Mənim yerimə siz olsaydınız, nə düşünərdiniz? 

Həmin vaxt beynimdən ancaq bu fikir keçdi: "İnsanlarımız çox mərhəmətlidir. Yəqin hamı mərhuma Allahdan rəhmət diləyib". 

Tənbəllik etməyib şərhləri oxumağa girişdim. İlk rəy eynən belə idi: "Kasıb öləndə heç kimin vecinə olmur. Bəxtəvər başına, bütün ölkə bundan danışır". 

Sonra ikinci, üçüncü şərhi oxudum. Dördüncü rəy oxuyanda əməlli-başlı sarsıldım: "Əsas odur ki, acından ölməyib. Bəlkə də çox yediyi üçün partlamaya düşüb". 

Sizin ciddi, səviyyəli və mütaliləli adam olduğunuzu bildiyim üçün şərhlərin hamısını bura yazıb vaxtınızı almaq, başınızı ağrıtmaq istəmirəm. Bunu da yazım, növbəti abzasa keçək: Yüz şərhdən ən azı səksəni ləyaqətli insana yaraşmayan fikirlərin təzahürü idi. Elə adamlar da vardı bu qəfil ölümə görə sevincini gizlədə bilməmişdi. Heç buna cəhd də etməmişdi... 

On il əvvəl Qəbələdə dincələrkən oxşar vəziyyətlə üzləşmişdim. Bu şəhərdə qonaq olanlar bilir, rayonun mərkəzində böyük bir qəbiristanlıq var. Adı qəbiristanlıq olsa da, əməlli-başlı meşə zolağıdır. Qollu-budaqlı ağaclar, yaşıl kollar, yazda və yayda min bir rəngə çalan çiçəklər məzarlıqlar üçün xarakterik olan xofu, qorxunu yox edir. 

Qəbiristanlığın qarşısından keçəndə içəridən bir dəstə arvad çıxdı. Qeyri-ixtiyari ayağımı sürüdüm. Aramızda ən azı 10 metr məsafə olsa da, lap arxada ləngər vura-vura yeriyən, danışığından qonaq olduğunu anladığım qadınlardan birinin yanındakı qadına dediyi sözləri aydın eşitdim: "Biz orada istidən bişirik, bunların ölüləri də kölgədə yatır. Bəxtəvər başınıza..." 

İlk dəfə o vaxt başa düşdüm ki, Azərbaycanda təkcə dirilərin deyil, həm də ölülərin paxıllığını çəkirlər... 

Seymur VERDİZADƏ 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!