Sentyabrın 9-da Qarabağdakı separatçı xuntanın “prezident seçkiləri” keçirməsindən sonra uzun illərdən bəri ilk dəfədir ki, rəsmi İrəvandan Xankəndiyə hər hansı bir təbrik mesajı daxil olmayıb.
Sosial şəbəkələrin erməni seqmentində böyük ajiotaj doğuran bu məsələdə bir çox şəxslər Paşinyan hakimiyyətini qorxaqlıqda ittiham etsələr də, bəziləri hakim “Vətəndaş müqaviləsi” iqtidarının məlum addımını dəstəkləyib.
Həmçinin onu da qeyd edək ki, Ermənistanın müxalif dairələri separatçılara dəstəyini tam ifadə etsə də, hakim komanda üzvləri hələlik səssizliyini pozmayıb və bu barədə danışmaqdan imtina edirlər. Dominos pizza
Yenisabah.az-la söhbətində Milli Məclisin deputatı Hikmət Babaoğlu isə deyib ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycanın Qarabağ ərazisində keçirilən “seçkilər”lə bağlı bu günə qədər mövqe nümayiş etdirməməsi, əslində, Paşinyanın üzərinə götürdüyü öhdəliklər və onun Azərbaycanın ərazi bütövlüyünü tanımağı ilə əlaqədardır:
“Paşinyan başa düşür ki, bu amillər sülh üçün vacibdir. Əgər o, Azərbaycanın ərazi bütövlüyün tanımazsa, Ermənistanla Azərbaycan arasında sülh ola bilməz. Hansı ki bu da Ermənistanın xeyrinə deyil. Hər nə qədər Ermənistan bu gün təxribatlar törədib, hərbi eskalasiyasını artırsa da, habelə Fransanın rəhbərliyi ilə Ermənistanda islamafob mərkəzlərin dəstəyi olsa da, İrəvan başa düşür ki, onların yenidən müharibəyə girməsi bu ölkənin dövlətçiliyinin dağılması ilə nəticələnəcək”.
Onun fikrincə, məhz buna görə də Paşinyan bu məsələdə səssizliyini pozmadı:
“Əslində, o, Böyük Britaniya və Avropa İttifaqı ölkələrindən nümunə götürərək Qarabağda keçirilən “seçki”nin nəticələrini tanımadığını bildirməlidir. Çünki sülhə hazırlaşan ölkə bu addımı atmalıdır. Paşinyan bunu etmirsə, susursa, deməli, o, həm də öz hakimiyyətinin qayğısına qalır. Erməni Baş nazir hakimiyyətdə qalmaq üçün hələlik belə qeyri-müəyyən mövqe nümayiş etdirir”.
“Əlbəttə ki, Paşinyanın bu addımı jestdən daha çox mövcud reallığın qəbul edilməsidir. Çünki hər bir siyasətçi praqmatik olmağı və real şərtlər içərisində qərar qəbul edib addımlar atmağı bacarmalıdır. Fikrimcə, bu, sülh üçün danışıqların başlanmasına yeni ümidlər yaradan addım kimi qiymətləndirilə bilər”, - fikirlərini yekunlaşdırıb.
Rafi MÜSLÜMOV
Telegram kanalımız