"Paşinyanın Azərbaycanla danışıqlara hazır olduğunu bildirməsi heç də konstruktivlikdən xəbər vermir. Əksinə, siyasi təxribatların daha intensivləşdirildiyini göstərir”.
Yenisabah.az xəbər verir ki, bunu Bakupost.az-a Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, siyasi elmlər doktoru Elşad Mirbəşiroğlu deyib.
Onun sözlərinə görə, ötən ilin sentyabrında Ermənistanın təxribatlarına cavab olaraq, Azərbaycan tərəfinin əks hücum əməliyyatlarını həyata keçirməsi və işğalçı ölkəni kapitulyasiya sənədini imzalamağa məcbur etməsi yeni mərhələnin başlanğıcını qoydu. Prezident İlham Əliyevin çox istiqamətli strateji-taktiki addımları torpaqlarımızı işğaldan azad etməyə imkan verməklə yanaşı, Cənubi Qafqaz regionunda sözün əsl mənasında tam yeni geosiyasi reallıqlar yaratdı. Bu reallıqlardan isə bəlli dairələrin narazı qalacağı gözlənilən idi: pizza hut
“Sirr deyil ki, istənilən coğrafiyada münaqişənin olması ora daha rahat müdaxilə imkanı yaradır. Ermənistan-Azərbaycan münaqişəsinin uzun illər həllini tapmamasının başlıca səbəbi də məhz münaqişənin tənzimlənməsi prosesində vasitəçiliyi həyata keçirmiş ATƏT-in Minsk Qrupunun geosiyasi mübarizəsi oldu. Həmsədrlər münaqişənin tənzimlənməsi istiqamətində təsirli addımlar atmaq əvəzinə sadəcə olaraq, bu tənzimlənmə prosesini öz nəzarətlərində saxlamaq üçün fəallıq göstərirdilər.”.
Deputatın fikrincə, artıq postmünaqişə mərhələsində də aydın görünür ki, ATƏT-in MQ üçün münaqişənin tənzimlənməsi deyil, məhz davam etməsinə nail olmaq prioritetdir. Çünki imzalanmış birgə bəyanatın şərtlərinə əməl olunması postmünaqişə mərhələsində sülhə və təhlükəsizliyə xidmət edəcək növbəti elementləri yarada bilər. Lakin Ermənistan getdikcə təxribatlarını daha da intensivləşdirir. Bu təxribatlar Ermənistanın ağır məğlubiyyət durumunu heç bir halda dəyişə bilməz.
Onun sözlərinə görə, birgə bəyanatın sadəcə kağız üzərində qalması üçün Qərbin ciddi siyasi və maliyyə resurslarını səfərbər etdiyi göz önündədir. ATƏT-in MQ-nin digər həmsədrləri ABŞ və Fransa Rusiyanın birbaşa vasitəçiliyi ilə tənzimləməni heç bir halda qəbul etmək istəmirlər. Münaqişənin indiki şərtlər daxilində aradan qalxması digər həmsədrlərin regionda mövcudluğunu əhəmiyyətli dərəcədə məhdudlaşdırır. Bu baxımdan Ermənistanı təxribatlara sövq etməklə münaqişənin hələ də davam etdiyi təəssüratı yaradılmaqdadır. Qərb dairələrinin düşüncəsinə görə, belə olan halda “tənzimləmə” məsələsini aktuallaşdırmaq və Minsk Qrupunu yenidən proseslərə cəlb etmək olar:
“Paşinyanın hökumətin sonuncu iclasında səsləndirdiyi fikirlər də aydın göstərir ki, təlimatlar Qərbdən gəlir və əsas hədəf ATƏT-in MQ platformasında yenidən müzakirələrə nail olmaqdır. Belə ki, Paşinyanın Azərbaycanla danışıqlara hazır olduğunu bildirməsi heç də konstruktivlikdən xəbər vermir. Əksinə, siyasi təxribatların daha intensivləşdirildiyini göstərir. Çünki təcavüzkar Ermənistanın baş naziri məhz münaqişənin tənzimlənməsi istiqamətində Azərbaycanla danışıqlara hazır olduğunu bildirir. Əlavə olaraq da ATƏT-in MQ-dan təkliflər gözlədiyini dilə gətirdi. Göründüyü kimi, belə yanaşma tərzi Paşinyan kimi dar siyasi təfəkkürə malik olan birisinə aid ola bilməz. Mütləq Qərbin təlimatlarına uyğun mövqe sərgiləyən Paşinyan vəziyyəti gərginləşərək, açıq münaqişə həddinə çatması üçün əlindən gələni etməkdədir”.
E.Mirbəşiroğlu qeyd edir ki, Qərbin regionda fəallığına xidmət edəcək münaqişə vəziyyətinin yaranması həm də digər istiqamətdə də məqsədlərə çatmaq üçün cəhdlərə yol açır. Sərhəd boyu təxribatlar törədən Ermənistan Azərbaycanın daha sərt cavab reaksiyasına nail olmağa çalışır ki, KTMT-inin proseslərə qoşulması üçün əsas yaransın.
Komitə üzvü hesab edir ki, əsil məqsəd KTMT-nin proseslərə cəlb edilməsindən ibarət deyil. Əksinə təşkilatın real olaraq, proseslərə qoşulması Paşinyana təlimatlar verən Qərb dairələrinin maraqları ilə ziddiyyət təşkil edir. Belə olan halda strateji məqsəd bütün vəziyyətlərdə KTMT-dən imtina almaqla, erməni cəmiyyətində antirusiya meylliliyini gücləndirməkdən ibarətdir. İctimai rəy də Qərbin tərəfində olduqda Ermənistanın Rusiyanın təsir dairəsindən uzaqlaşdırmaq üçün əlavə təsir elementi yaranmış olacaq. Aİ-nin Ermənistana az qala onun büdcəsi qədər maliyyə yardımı ayırması da birbaşa geosiyasi hədəflərə hesablanıb. Azərbaycan öz güc mövqeyində daha da güclənməkdədir:
“İşğaldan azad etdiyimiz ərazilərdə bərpa-quruculuq işləri intensiv və sürətlə həyata keçirilməkdədir. Sərgilənən mövqe və atılan strateji addımlar bütün ərazilərimizdə dövlət suverenliyimizi mütləq təmin etməyə imkan verəcək. Bununla yanaşı, proseslərdən Rusiya da narahat olmalıdır. Ermənistanın Rusiya ilə şantaj dili ilə danışması da Moskvanın nəzərindən qaçmamalıdır. Rusiyanın müdafiə naziri S. Şoyqunun Ermənistan ordusunun modernləşməsində, yenidən formalaşmasında dəstək təklifi əslində, işğalçı Ermənistanın hərbi cəhətdən zəif durumuna işarə idi. S. Şoyqu əlavə olaraq, bunu həm də asan olmadığını bildirmişdir. Bu da ona işarədir ki, Moskva Ermənistanın hərbi təxribatlarının arxasında heç bir real gücün olmadığını kifayət qədər dəqiq bilir. Lakin bütün hallarda Rusiya özünün beynəlxalq imici haqqında da düşünməlidir. Çünki onun vasitəçiliyinin artıq baş tutmuş bir prosesin fiaskoya uğraması imicinə ciddi zərbə vura bilər. Azərbaycan isə uğurla tətbiq etdiyi strategiyanı yenidən təkrarlaya bilər. Yəni Ermənisttanın intensivləşən təxribatlarının yenidən sərt cavabı veriləcəyi təqdirdə qələbəməzin yenə də siyasi və elementlərinin mövcudluğu sinxronluq təşkil edəcək”.
Telegram kanalımız