“Laçın dəhlizinə birgə nəzarət məsələsi aktuallaşıb. Hesab edirəm ki, Laçın dəhlizinə birgə nəzarət mümkündür. Yəni görünür ki, Birgə Monitorinq Qrupu tərəfindən texniki vasitələrlə həyata keçirilən nəzarət yetərincə deyil”.
“Yeni Sabah” xəbər verir ki, bunu Musavat.com-a Azərbaycanın keçmiş Xarici işlər naziri Tofiq Zülfüqarov deyib. O, hesab edir ki, ilkin mərhələdə Laçın dəhlizinə Rusiya hərbçiləri ilə yanaşı, Azərbaycan və Türkiyə hərbçiləri də nəzarət edə bilər: “Bu, normal haldır. Artıq ilk mərhələ keçəndən sonra biz ardıcıl şəkildə öz nəzarətimizi gücləndirməliyik. Bir yerdə xidmət aparılması normal haldır, müxtəlif münaqişələrdə bu, tətbiq olunub”.
Eks-nazir hesab edir ki, hazırda qarşımızda həlli vacib bəzi məsələlər var: “Birincisi, Qarabağdakı erməni silahlı qüvvələrinin və ümumiyyətlə, ermənilərin identifikasiyası və rədd edilməsi. İkinci mərhələ orada qeyri-qanuni ”yaradılmış" güc strukturlarının buraxılması və müvəqqəti olaraq üç hissədən ibarət olan qurumun yaradılması artıq aktualdır. Amma eyni zamanda strateji əhəmiyyət kəsb edən real qayıdışın daha da sürətləndirilməsi vacibdir. Yəni insanların Kəlbəcərə, Laçına və harada ki, imkan var, digər yerlərə qaytarılmasını sürətləndirmək lazımdır". pizza mizza
T.Zülfüqarov Rusiya hərbçilərinin Azərbaycanla sərhəddə yerləşməsinə də münasibət bildirdi: “Rus sərhədçilərin yerləşməsi onunla bağlı idi ki, guya onlar MDB-nin xarici hüdudlarını qorumaq üçün gəliblər. Yəni buna aid model Ermənistandan əlavə, Tacikistanda da var idi. Ermənilər özləri bilərlər, öz tərəfindən nə istəyir, etsin. Amma bu, onu göstərir ki, Ermənistan çox zəif ölkədir, qorxusundan bilmir hansı ölkənin hərbçilərini öz ərazisində yerləşdirsin. Paşinyan Parisə səfər edəndə demişdi ki, bölgədə Fransadan müşahidəçilər olmalıdır. Görünür ki, ona ”yox" cavabı veriblər və deyiblər ki, get, ala bilirsən, ruslardan al. Ona görə də indi hər yerdə rusları yerləşdirir qorxusundan. Baxaq, görək bunun axırı nə olacaq? Amma inanmıram ki, bu, uzunmüddətli yerləşmə olacaq".
Telegram kanalımız