Paytaxtda əlyandıran çətir qiymətləri:  350-400 manata... –   REPORTAJ

saytların hazırlanması

Evə çatdırılma

Paytaxtda əlyandıran çətir qiymətləri: 350-400 manata... – REPORTAJ

Sosial

14 Oktyabr 2024 16:00 1467


Payız yağışlar fəslidir və yağışdan qorunmağın ən yaxşı üsulu təbii ki, çətirlərdir.

Hazırda paytaxtda istər mağazalarda, istərsə də yol kənarlarında istənilən ölçüdə və rəngdə çətirlərə rast gəlmək olur.

 Yenisabah.az xəbər verir ki, qiymətlər isə müxtəlifdir. Mağazalarda qiymətlər 10 manatdan başlayaraq,  100-200 manatadək qalxır. Onlayn mağazalarda hətta 400 manata və daha baha qiymətə satılan brendlər də var.  Marqarita pizza

Təbii ki, burada çətirin brend marka olmasının, keyfiyyətinin, ölçüsünün də təsiri böyükdür.

Bəs yaxşı, keyfiyyətli çətiri necə seçmək lazımdır? Həm büdcəmizə uyğun, həm də uzunömürlü çətir almaq mümkündürmü?  

Xırdalıqları öyrənmək üçün Sədərək Ticarət Mərkəzinə yollanaraq satıcılarla söhbətləşdik.

Ticarət mərkəzinin girişində çətin satan gənc satıcı Tamerlan deyir ki, qiymətlər  təqribən eyni olsa da, çətirlərin keyfiyyəti bir-birindən çox fərqlənir:

“Nəzərə alsaq ki, Bakı küləklər şəhəridir, deməli, çətirləriniz tez qırılacaq.  Hər dəfə pul verib yeni çətir almaq istəmirsinizsə, diqqət etməli olduğunuz nüanslar var. Birinci onun parçasından tutmuş, çətiri saxlayan sütunlara baxmalısınız. Çətirin parçası nazik olarsa, o, qısa müddətdən sonra deşiləcək.  Neylondan hazırlanan çətirlər isə poliesterdən olanlara nisbətən ucuzdur. Bu parça kobuddur. Lakin buna baxmayaraq, uzunmüddətlidir. Gərək mağazada çətiri bir neçə dəfə açıb-bağlayasınız ki, dözümlülüyünü elə yerindəcə yoxlamış olasınız. Qiymətlər isə müxtəlifdir, bizim mağazada qiymətlər 8, 10 manatdan başlayır, 50 manatadək qalxır”. 

Digər satıcı Samir Rəsulov isə qeyd edib ki, keyfiyyətli çətir alsanız belə, əgər ona düzgün qulluq etməsəniz çətiriniz qısa müddət sonra yararsız hala düşəcək:

“Keyfiyyətli, bahalı çətiri seçməklə iş bitmir. Bəzən müştərilər gəlib mağazadakı ən bahalı çətiri alır, lakin ona düzgün qulluq etmədiyi üçün 1 fəsil sonra çətiri deşilir, cırılır. Çətir yaxşı qalsın deyə quru yerdə saxlanılmalıdır. Yağışdan sonra tam qurudulmalıdır. Tam qurumayana qədər çətiri qətiyyən bağlamaq olmaz”.

Müsahibimiz deyir ki, seçim edərkən mütləq materiala da fikir verilməlidir:

“Taxta tutacaqlı çətirlər baha olsa da, daha keyfiyyətlidir. Plastmaslar isə tez qırılır. Bundan əlavə, çətirin ağırlığına da diqqət etmək lazımdır. Xüsusən də valideynlər uşaqlarına çətir seçəndə bu məqama fikir verməlidir, çünki bəzi çətirlər keyfiyyətli olsa da, materialına görə çox ağır olur. Belə çətiri uzun müddət saxlamaq adamın biləyini incidir. Həm də çətirlərin üzərində mütləq küləyə davamlı olması barədə işarə olmalıdır. Əks halda, çətir ilk küləyi hiss etdiyi anda qırılacaq”.

Satıcının sözlərinə görə, keyfiyyətli çətir almaq üçün mütləq 200-300 manat xərclənməsinə gərək yoxdur:

“Yaxşı çətir üçün mütləq 200 manat xərcləmək lazımdır fikri yanlışdır. Bizim mağazada ən bahalı çətir 80-100 manatdır. Çox vaxt real müştəriyə endirim də edirik. Əsas olan onun keyfiyyəti və ələyatımlı olmağıdır. Şəhər mərkəzlərində və ya onlayn satılan məhsulların çoxunu buradan alıb maya dəyərindən qat-qat baha qiymətə satışa qoyurlar. Münasib qiymətə və keyfiyyətli çətir almaq istəyən vətəndaşlarımız məhz Sədərək Ticarət Mərkəzinə gələrək seçim edə bilərlər. Əminliklə deyə bilərəm ki, hər kəs burada həm öz cibinə, həm də zövqünə uyğun çətiri tapa biləcək”. 

Əsmətxanım RZAZADƏ


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!