“Bölgədə vətəndaş müharibəsi başlaya bilər. Bunu Ermənistandan olan ekspertlər də təsdiq edir”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında politoloq Orxan Amaşov deyib.
O, sabah Xankəndidə keçirilməsi planlaşdırılan “prezident seçkiləri” fonunda Azərbaycanın bölgəyə hərbi müdaxilə etməsi ehtimalından söz açıb. pizza hut
O. Amaşovun fikrincə, Araik Arutyunyan “vəzifə”sindən “istefa” vermək istərkən Rusiya ona bildirib ki, əgər “istefa” versən, Azərbaycan bölgədə “yeni seçkilər”ə imkan verməyəcək:
“Bu məsələ hələ fevralda müzakirə olunurdu. Elə Ruben Vardanyan da həmin ərəfələrdə “dövlət naziri” “vəzifə”sində idi. Rusiya sülhməramlı kontingentinin komandanlığının Araik Arutyunyana etdiyi xəbərdarlıq bu gün də qüvvədə qalır. Lakin məsələyə geniş kontekstdə baxmaq lazımdır.
Birincisi, Azərbaycan XİN, Müdafiə Nazirliyinin və digər qurumların məlumatlarında görünür ki, Azərbaycan hərbçiləri istər sərhəddə, istərsə də Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan ərazilərdə çox ciddi monitorinq həyata keçirir. Üstəlik, Qarabağdakı separatçı xunta bildirib ki, “müstəqillik”dən başqa heç bir mövzu Bakı ilə müzakirə oluna bilməz”.
Müsahibimiz aydınlaşdırıb ki, belə bir şəraitdə Qarabağ ermənilərinin nümayəndələri ilə dialoq real görünmür:
“Bakı həmişə legitim güc tətbiqindən danışıb. Mənə elə gəlir ki, ilkin mərhələdə o, addımlarını mediada kifayət qədər bəlli edir. Bilinmir sabah Qarabağdakı “seçkilər” baş tutacaq, ya yox”.
Bakının addımları 2 istiqamətdə görünür. İlk növbədə, rusların yerləşdiyi ərazilərdə mövqe tutmuş separatçıların hərbi bazalarına, anbarlarına zərbələrin endirilməsi. Sonra Xankəndiyə daxil ola bilərik. Mənə elə gəlir ki, sabah Xankəndiyə daxil olmayacağıq. Amma bu hadisə ilə atacağımız addımın legitimliyi güclənir. Bunu Qarabağla yanaşı, Ermənistanda da anlayır”.
Həmsöhbətimiz diqqətə çatdırıb ki, separatçı rejim, ümumiyyətlə, ləğv olunmalıdır:
“Bölgədə daxili vəziyyət çox mürəkkəbdir, əhali separatçı rejimdən narazıdır. Bölgədə vətəndaş müharibəsi başlaya bilər. Bunu Ermənistandan olan ekspertlər də təsdiq edir. Qarabağda əhalinin bir hissəsi yaxşı yaşasa da, mühüm məhsulların təminatı baxımından problem yaşayan insanlar da mövcuddur. Belə bir fonda Azərbaycan Qarabağ ermənilərini qorumaq naminə suveren ərazilərində müəyyən addımlar ata bilər. Bakının əsasları çoxdur, amma daha ciddi əsaslarımız ola bilər”.
Rafi MÜSLÜMOV
Telegram kanalımız