"Ümumiyyətlə, Yaxın Şərqdə başlayan müharibə və genişmiqyaslı eskalasiya bilavasitə Rusiya-Ukrayna müharibəsinə də təsir edib".
Bu sözləri Yenisabah.az-a açıqlamasında politoloq İlyas Hüseynov deyib.
Analitik Rusiya-Ukrayna müharibəsi kontekstində döyüşlərin dalana dirənməsi amilindən söz açıb. pizza
Siyasi şərhçinin sözlərinə görə, ilkin dövrlərdə ekspertlərin geniş yayılmış fikri bundan ibarət idi ki, Yaxın Şərqdə baş verən ümumi proseslər Rusiyanın xeyrinə işləyəcək və Moskva burada ABŞ-nin gücünü parçalayacaq, onun resurslarını ikiyə böləcək və ABŞ tərəfindən Ukrayna cəbhəsinə münasibət bir qədər azalacaq:
"Ardınca müxtəlif kütləvi informasiya vasitələri, xüsusilə də Qərbin dərgiləri məhz Ukraynaya diqqətin azalması istiqamətində məqalələr tirajlayırdılar. Xatirimdədir ki, TIMES jurnalında da bir qədər kinayəli və Ukraynanın bu müharibədəki məğlubiyyətinə eyham vurulan fikirlər yayılmışdı".
Onun fikrincə, artıq belə görünür ki, Kiyev rəsmiləri onlara qarşı olan diqqətin azalmasını qeyd edirlər:
"Burada xüsusi bir məqam isə ondan ibarətdir ki, ABŞ və kollektiv Qərb artıq məcburdur ki, iki cəbhədə savaş aparsın və həm İsrailin, həm də Ukraynanın mövqeyini dəstəkləsin. Çünki burada önəmli digər bir məsələ isə bundan ibarətdir ki, Ukraynanın özü kollektiv Qərb, Şimali Atlantika bloku və Avropa İttifaqı üçün "qırmızı cizgilər"dir. Yadımıza salaq ki, müharibə başlayanda Qərb rəsmiləri hansı fikirlərlə çıxış edirdilər? Bildirilirdi ki, Ukrayna cəbhəsində məğlubiyyət Şərqi Avropanın itirilməsi, Rusiyanın geosiyasi ambisiyalarının genişlənməsi və Baltikyanı və Polşaya hücumun təşkili olacaq".
Müsahibimiz əlavə edib ki, bu gün Rusiya bu müharibədə mütləq qalibiyyətini elan etsə, əlbəttə ki, qarşıdakı təhdidlər və Avropanın ümumi təhlükəsizlik sistemi üçün çağırışlar tamamilə dəyişəcək:
"Bunu Qərbin strateqləri də yaxşı anlamalıdır. Birtərəfli münasibətin sərgilənməsi Avropanın düz həndəvərində yeni təhlükə mənbəyinin daha da formalaşmasına gətirib çıxara bilər".
Mütəxəssis düşünür ki, Ukraynaya olan diqqətin artırılması Qərbin özünün maraqları çərçivəsində dəyərləndirilməlidir:
"Haqlı olaraq prezident Volodimir Zelenskinin komandası burada öz narazılığını ifadə edir. Çünki hansısa bir diqqətsizlik və müəyyən səhvlərin olması Avropanın təhlükəsizliyinə çox ciddi surətdə təsir göstərəcək".
"Digər bir önəmli məsələ isə bundan ibarətdir ki, Ukrayna bu gün tam şəkildə xarici ianələrdən, maliyyə dəstəyindən və hərbi dəstəkdən asılıdır və bunu da diqqətlə nəzərə almaq lazımdır. Çünki bu dəstəyin vaxtında verilməməsi nəticədə Rusiyanın xeyrinə işləyə bilər və ola bilər ki, sonradan vəziyyəti dəyişmək mümkün olmasın", - ekspert fikirlərini yekunlaşdırıb.
Rafi MÜSLÜMOV
Telegram kanalımız