Bu gün Beynəlxalq Ailə Günüdür. Mayın 15-i başqa ölkələrdə olduğu kimi Azərbayanda da qeyd edilir. BMT-nin 1993-cü il qətnaməsi ilə təsis edilən Beynəlxalq Ailə Gününün əsas məqsədi dünya ictimaiyyətinin diqqətini ailə problemlərinin həllinə yönəltmək, milli və mənəvi dəyərləri, ailə institutunu təbliğ etməkdir.
Bu gün ailənin gücləndirilməsi, nikahın dəyərinin artırılması və boşanma proseslərinin aradan qaldırılması istiqamətində cəmiyyətdə fikir yürütmək üçün bir fürsət kimi qiymətləndirilir.
Azərbaycanda da son illərdə ailə institutuna aid statistik göstəricilər maraqlı sosial dinamikanı ortaya qoyur. Ölkəmizdə 2026-cı ilin ilk ayında 2922 nikaha daxilolma və 1779 boşanma halları qeydə alınıb. Marqarita pizza
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 5,4-dən 3,4-ə, boşanmaların sayı isə 2,1-dən 2,0-a düşüb.
“Yeni Sabah” bu gün mübasibətilə Azərbaycanın teatr və kino aktyoru, Xalq artisti Rafiq Əzimovla həmsöhbət olub. Müsahib kimi görkəmli sənətkarı seçməyimiz təsadüfü deyil. O, Azərbaycanın ən uzunömürlü ailələrindən birinin başçısıdır. Xalq artisti 62 ildir evlidir.
- Rafiq bəy, həyat yoldaşınızla necə tanış olmusunuz?
- Mən 1958-ci ildə o vaxtkı Mirzəağa Əliyev adına Teatr İnstitutuna (indiki Mədəniyyət və İncəsənət Universiteti) daxil olmuşam. Həmin vaxtda institutda 33 nəfər tələbə var idi. 22 nəfər də bizim ildə daxil oldu və ümumilikdə sayımız 55 nəfərə çatdı. Sonra 3-cü kursda oxuyanda bizdə Mədəni maarif fakültəsi yaradıldı. Həmin ildə bir neçə tələbə həmin fakültəyə daxil oldu. Onların içində bir qız var idi. İlk görəndən gözüm onu tutdu. O, digər qızlardan seçilirdi, amma cəsarətim çatmırdı.
- Bəs tanışlığınız necə oldu?
- Nazim Yüzbaşov adlı bir tələbə yoldaşım var idi. Yanvarın 18-də ad günü olurdu və biz də onun evinə yığışırdıq. İki xanım da onlara qonaq gəldi. Onlardan biri mənim bəyəndiyim xanım idi. Beləcə, ilk dəfə orada tanış olduq. Mən İçərişəhərdə, Nigar xanım isə “Nizami” metrosunun yanında qalırdı. Demək olar ki, hər gün onu orada qarşılayırdım və yola salırdım. Günü-gündən münasibətimiz daha da ciddiləşdi. İnstitutu bitirəndən sonra Akademik Milli Dram Teatrına təyinat aldım və 1964-cü ildə bizim toyumuz oldu.
- Toy mərasiminiz harada keçirildi? Teatr kollektivindən kimlər iştirak edirdi?
- Toyumuz Səadət sarayında oldu. Qədim binada. Məşhur rejissor Həsən Seyidbəyli masabəyi idi. Əliağa Ağayev, Barat Şəkinskaya, Həsən Məmmədov kimi görkəmli şəxsiyyətlər və tələbə yoldaşlarım var idi. Həsən Məmmədovla uzun illər Akademik Milli Dram Teatrında işləmişik. Sonra o, “Azərbaycanfilm” kinostudiyasına getdi.

- Həmin məclisin ən yadda qalan hadisəsi nə olub sizin üçün?
- Əliağa Ağayev toyda sağlıq dedi. Orada bir fikir işlətdi ki, bəs Rafiq Əzimov səhnəyə çıxanda əsim-əsim əsir. Mən də səhnəyə çıxanda elə oluram. O sənətkar ki, səhnəyə çıxanda əsmir, ondan sənətkar olmaz. Bu sağlığı ona görə deyirəm ki, Rafiq Əzimov həmişə səhnəyə çıxanda əsim-əsim əssin. Bu, sözlər hələ də yadımdadır.
- Ailə qurandan sonra harada yaşadınız?
- O vaxt İçərişəhərdə qalırdıq. İkiotaqlı balaca evimiz vardı. Qabağında da balaca şüşəbənd. Həmin evdə 2 il yaşadıq. Sonra teatrın rəhbəri vəziyyətimi görüb bizə 4-cü mikrorayonda ikiotaqlı ev hədiyyə etdi. Uzun illər orada yaşadıq. Sonra o ev oğluma qismət oldu. Biz də Azadlıq prospektinə həyət evinə köçdük. Mərhum deputat Qənirə Paşayeva ilə qonşu idim. Neçə illər orada yaşadıqdan sonra, Ulu Öndər 9-cu mikrorayonda bizə üçotaqlı ev hədiyyə etdi. Burada da məşhur aktyorlarla qonşu idim. Səməndər Rzayev, Əliabbas Qədirov, Mübariz Əlixanoğlu, Yaşar Nuri kimi tanınmışlarla bir binada qalırdıq. İndi Yasamal rayonunda – metronun “Elmlər Akademiyası” stansiyasının yaxınlığında yaşayıram. Bu evimi keçmiş mədəniyyət naziri Əbülfəs Qarayevin müraciəti əsasında Prezident İlham Əliyev hədiyyə edib.
- Neçə övladınız var?
- İki oğlum var.
- Bəs nəvə, nəticəniz varmı?
- Özümün iki oğlum var. Hər oğlumun da iki oğlu var. Nəticəm isə bir dənədir. O da həyat yoldaşım Nigar xanımın adını daşıyır.
- Sizinlə yaşayırlar?
– Yox, hər oğlumun ayrıca evi var. Hamısı ali savadlıdır. Hamısı vəzifəlidir. Şükür ki, işləri yaxşıdır.
- 62 ildir ki, ailəlisiniz. Sizcə ailənin əsas təməli nədir? Evliliyin uzunömürlü olmasının sirri nədədir?
- Biz təzə evlənən dövrlərdə çox çətinliklər çəkmişik. Həm maddi, həm də mənəvi. Bayaq sadaladığım evləri dövlət mənə vaxtında verməsəydi, bəlkə də belə qala bilməzdik. Yoldaşım da hərdən deyir ki, bütün bunlar olmasaydı, bəlkə bizimki də tutmayacaqdı.
O vaxtı tez-tez qastrol səfərlərinə gedirdik. Hər dəfə bölgələrə gedəndə təxminən 1 ay orda qalmalı olurduq. Qastrola gedəndə həyat yoldaşımı və iki oğlumu da özümlə aparırdım. Bizə ayrıca otaq verirdilər. Hansı mehmanxanada qalsaq, otağımıza gələn hər kəs valeh olurdu. Çünki çox səliqəli olardı. Yoldaşım çox təmizkardır. Bu gün də bizim aktyorlar qastrol səfərlərindən danışanda həmin günləri xatırlayırlar.
- Bəs yoldaşınız nə işlə məşğul olub?
- O, Gənc Tamaşaçılar Teatrında 45 il fəaliyyət göstərib.
- Yoldaşınız kimlərdəndir? Tanınmış biridir?
- Yoldaşım Qarabağ bölgəsindəndir və məşhur Ziyadxanovlar nəslin nümayəndəsidir. Nigar xanımın babası Azərbaycan yazıçısı, maarifçi, teatr xadimi Əsgərağa Adıgözəlov Goranidir. Bizim teatr tariximiz onlarla başlayıb. 1873-cü ildə Mirzə Fətəli Axundovun “Sərgüzəşti vəziri xani Lənkəran”, “Hacı Qara” əsərləri səhnələşdirilib. Həmin dövrdə M.F.Axundovun böyük arzusu olub ki, onun əsərləri Azərbaycan dilində səhnəyə qoyulsun. O vaxtı Nəcəf bəy Vəzirov və Əliqulu Qəmküsar Həsən bəy Zərdabinin tələbələri olub və onun təşəbbüsü ilə teatr tamaşaları hazırlayıblar. Həmin tamaşada baş rol ifaçısı yoldaşımın babası Əsgərağa Gorani olub. O, “Sərgüzəşti vəziri xani Lənkəran” tamaşasında Teymur ağa, “Hacı Qara”da isə Hacı Qara rolunda çıxış edib. Bir dəfə Gəncədə qastrolda olanda Məmmədrza Şeyxzamanov mənə bir neçə kitab hədiyyə etdi. Onların içində Kövsər Tarverdiyevanın monoqrafiyası var idi. Həmin kitab Əsgərağa Adıgözəlov Goraniyə həsr olunmuşdu. Mənim yoldaşım və qayınlarım rus məktəblərini bitirmişdilər deyə, Azərbaycan dilində oxuya, danışa bilmirdilər. İndi isə elə gözəl danışır ki, mən belə onun kimi danışa bilmirəm. Bu kitabı oxuyanda dəhşətə gəldim. Deməli, Əsgərağa Goraninin babası Mirzə Adıgözəl bəy “Qarabağamə”nin müəllifidir. Bir tərəfləri Cavad Xana, bir tərəfləri Xurşidbanu Natavana, Ağa Məhəmməd Şah Qacara və Fətəli xana qədər gedib çıxır.
- Rafiq bəy, gənc ailələrə hansı məsləhətlər verərdiniz?
- Ot kökü üstündə bitər deyiblər. Mənim iki oğlum var, gözlərini açıb həmişə mehribanlıq görüblər. Bizim ailədə və nəsildə qayğıkeşlik ön planda dayanıb. Onlar da elə görüb, elə öyrəniblər. Həm ana, həm ata tərəfdən hər zaman yaxşı şeylər görüblər. Oğlum hələ də mənə deyir ki, ata, mən heç vaxt sənin kimi ola bilmərəm. Əsas məqsəd mehribanlıq və qarşındakını başa düşməkdir.
- Gəlinlərinizlə münasibətləriniz necədir?
- Çox yaxşıdır hər şey. Bizim qızımız yoxdur. Gəlinlərimizi qızlarımız sayırıq. Deyirlər ki, nə tökərsən aşına, o da çıxar qaşığına. Bizim onlarla münasibətimiz çox gözəldir. Bizim ailədə söz-söhbət ola bilməz.
- Bəs bir araya gələndə nələr edirsiniz? Ümumiyyətlə, tez-tez bir araya gəlirsiniz?
- İndi bu dəqiqə yayın gəlməyini gözləyirik. Mərdəkanda bağ evimiz var. Kiçin oğlumun da İsmayıllı rayonunda bağ evi var. Ya onlarda oluruq, ya Mərdəkanda yığılırıq. Belə mehribanlıqla həyatımızı yaşayırıq.
Aydan Hacı
Telegram kanalımız