Ermənistan-Rusiya münasibətlərinin kəskinləşməsi fonunda yaranan gərginlik müttəfiqlərin bir-birini ittiham etməsi ilə nəticələnib. Ermənistan Rusiyanı onlara kömək etməməkdə, Rusiya isə müttəfiqini Qərblə əməkdaşlıqda günahlandırır. Nəticədə hər iki ölkənin siyasi dairələrində fəallaşma müşahidə olunur. Ermənistanın Qərblə əməkdaşlığını həzm edə bilməyən Rusiya müttəfiqinə bəzi siqnallar çatdırıb və öz siyasətində düzəliş etməyi tövsiyə edir.
Politoloq Zaur Məmmədov məsələni şərh edib. O, Konkret.az-a açıqlamasında deyib ki, Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstanın və Ukraynanın yolu ilə gedir: “Əgər biz həqiqəti danışsaq, Ermənistan hakimiyyətinin son addımlarının məhz Rusiyaya qarşı yönəldiyini açıq şəkildə qeyd edə bilərik. Bəzi məlumatlara görə, Paşinyan fransız generalı Ermənistan Müdafiə Nazirliyinə baş müşavir postuna gətirmək istəyir. Bununla da o, generalların gələcəkdə Paşinyan hakimiyyətini devirməməsi üçün əlindən gələni edir. Eyni zamanda, erməni ordusunu Rusiyanın əlindən çıxarmaq üçün fransızlarla ciddi danışıqlara başlayıb. Moskva Ermənistanın iqtisadi istiqamətdə və bəzi siyasi məsələlərlə bağlı Qərbə inteqrasiyasına qarşı çıxmırdısa, hərbi müstəvidə Fransa və Ermənistan əməkdaşlığını həzm edə bilmir. Bu artıq Rusiya üçün siqnaldır. Rusiya çox yaxşı anlayır ki, Fransa - Ermənistan hərbi əməkdaşlığı sadəcə görüntüdür. Bu əməkdaşlığın arxasında Qərbin çox aparıcı digər dövləti də yer alır. Bununla da ABŞ məhz Fransanın əliylə Cənubi Qafqazda Rusiyaya qarşı çox böyük əhəmiyyət kəsb edən fəaliyyətini həyata keçirmək niyyətindədir”.
Ekspertin fikrincə, Moskva Paşinyanla bağlı artıq öz qərarını verib: “Ola bilsin ki, müxtəlif planlar, ssenarilər var və o ssenarilərin işə salınması üçün işlər gedir. Amma onu da etiraf etmək lazımdır ki, Ermənistanın baş naziri çox ciddi şəkildə qorunur. Eyni zamanda, cəmiyyət arasında nüfuzu heç də aşağı deyil. Bu gün Ermənistan müxalifətindəki liderlər arasında Nikol Paşinyana alternativ siyasətçi yoxdur”. pizza mizza
Z.Məmmədov hesab edir ki, hər halda son baş verənlər Cənubi Qafqaz uğrunda gedən ciddi geosiyasi savaşın göstəricisidir: “Bununla bağlı hələ müharibədən əvvəl də proqnoz verirdik ki, Ukraynadan sonra Cənubi Qafqaz böyük güclər arasında savaş meydanına çevriləcək. Qarabağ məsələsi artıq həllini tapıb. Avrasiyanın orta xəttindəki yeni kommunikasiya imkanlarının açılması, yeni bağlantılar və bölgənin resursları uğrunda mübarizənin yeni mərhələsi başlayır”.
Telegram kanalımız