“Azərbaycan tərəfi ilə separatçı liderlərin təxliyəsi məsələsi razılaşdırılmadan Rusiya sülhməramlıları Qarabağ separatçılarının keçmiş “liderlər”i olan Araik Arutyunyan, Bako Saakyan və Arkadi Qukasyanı Ermənistana keçirə bilməz”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında Siyasi Menecment İnstitutunun (SMİ) rəhbəri, müstəqil siyasətçi Azər Qasımlı deyib.
Müsahibimiz Qarabağ separatçıların sabiq “rəhbərlər”inin Ermənistana keçirilməsi ilə bağlı yayılan məlumatları şərh edib. Toyuqlu pizza
Xatırladaq ki, səhər saatlarından hökumətyönlü Ermənistan KİV-i Arutyunyan, Bako Saakyan və Arkadi Qukasyanın Ermənistana keçirilməsi ilə bağlı məlumatları tirajlasa da, “Hraparak” nəşri bu iddiaları təkzib edib.
Qəzetin Xankəndidəki mənbələrinin verdiyi məlumata görə bu şəxslər hazırda Xankəndidədir və bu gün Azərbaycan rəsmiləri ilə onların təhlükəsizliyi müzakirə ediləcək.
Öz növbəsində, A.Qasımlı əlavə edib ki, əgər onlar Ermənistana keçiblərsə, bu, razılaşdırılmış şəkildə ola bilər və bunun başqa variantı yoxdur:
“Çünki orada “Laçın” sərhəd-keçid məntəqəsi var və Azərbaycan tərəfi Ermənistana gedən bütün maşınları yoxlayır. Bəlkə onlar sülhməramlı kontingentin maşını ilə Ermənistan ərazisinə keçiblər, lakin bu zaman da sual olunacaq ki, rusların həmin şəxsləri Ermənistan ərazisinə keçirməsinə səbəb nədir? Bu, onların nəyinə lazımdır? Xüsusilə də Araik Arutyunyanın keçirilməsi məsələsi...”
Onun sözlərinə görə, Rusiya mənbələrində də yazılıb ki, Araik Arutyunyan ilə Rusiya rəsmiləri arasında son vaxtlar münasibətlər heç də yaxşı olmayıb:
“O cümlədən Ruben Vardanyanın da Rusiya ilə münasibətləri pozulmuşdu. Elə bunun nəticəsidir ki, Ruben Vardanyan həbs olunub Bakıya gətirildi. Bəs necə oldu ki, ruslar Ruben Vardanyanı gizlətmədilər, amma Araik Arutyunyan və ətrafını gizlədir? Fikrimcə, bu məlumat ya yalandır, ya da ruslar bunu Azərbaycan rəhbərliyi ilə razılaşdırıb. Əgər onlar Ermənistana keçiblərsə, separatçı “liderlər”in Azərbaycana qaytarılması mümkün deyil, çünki oradan da xaricə keçəcəklər”.
Siyasətçi tanınmamış “DQR”in sonuncu “prezident”i Samvel Şahramanyanın aqibəti ilə bağlı da fikirlərini bölüşüb:
“O ki qaldı Samvel Şahramanyanın aqibətinə, mən bu barədə dəqiq bir şey deyə bilmərəm. Bu sualın cavabını Azərbaycan dövlətinin rəsmi orqanları verə bilər. Samvel Şahramanyan Xankəndidə qala da bilər, gedə də, amma, böyük ehtimalla, yanvarın 1-nə qədər Qarabağda qalacağı dəqiqdir. Sonra nə olacaq, deyə bilmərəm”.
Analitikə görə, növbəti perspektivdə kimlərin Azərbaycana təhvil verilməsi ilə bağlı razılaşmalar olacaq, bu barədə fikir yürütmək çətindir, lakin burada müəyyən adamlar var ki, onların əli sıravi azərbaycanlıların qanına batıb:
“Onların aarsında “Qarabağ klanı”nın üzvləri, Ermənistanın sabiq prezidentləri Robert Koçaryan və Serj Sarkisyan da var. Bilirəm ki, bu adamların Azərbaycana ekstradisiya edilməsi çox çətin olacaq, amma irəlidə bununla bağlı müəyyən addımlar atılmalı, danışıqlar aparılmalıdır. Bununla yanaşı, Xocalı soyqırımında bilavasitə iştirak edən şəxslərin hamısı birmənalı olaraq həbs olunub Bakıya gətirilməlidir. Bakıda da açıq məhkəmə olmalı, o məhkəməyə də bütün jurnalistlər, beynəlxalq media vbə təşkilatlar buraxılmalıdır. Necə ki, 1945-ci ildə nasistlərin fəaliyyəti ilə bağlı Almaniyada Nürnberq məhkəməsi olmuşdusa, Azərbaycanda da aşağı-yuxarı bu tipli bir məhkəmə prosesi qurulmalıdır”.
SMİ rəhbəri onu da vurğulayıb ki, məhkəmə prosesində bu adamların qatil olması sübut olunmalıdır:
“Onsuz da əlimizdə bununla bağlı istənilən qədər fakt var. Ona görə ki, həbs olunan şəxslər 90-cı illərdə dinc sakinləri öldürüb, Xocalıda qətliamlar törədiblər. Əgər biz Serj Sarkisyan və Robert Koçaryanı Azərbaycana gətirə bilməsək belə, onları Ermənistanda da mühakimə etməliyik. Çünki, ilk növbədə, məhkəmə mühakimə edib qərar verməli və bütün dünyaya göstərməlidir ki, bu adamlar cinayətkardır, qətliamlar törədib, məhz bundan sonra da bu 2 şəxsin ekstradisiyasını Ermənistandan istəməliyik. Bütün bunlar Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanmasına heç bir halda mane olmamalıdır. Bakı ilə İrəvan bu məsələləri sülh sazişindən ayırmalıdır”.
O, hesab edir ki, Sarkisyan-Koçaryan cütlüyü bu gün Nikol Paşinyana belə lazım deyil:
“Hətta Paşinyan bəlkə də imkanı olsa, onları verməyə sevinər. Lakin məsələnin əsas tərəfi budur ki, biz ölkələrarası münasibətləri yaxşılaşdırmalı və bu şəxsləri Ermənistan rəhbərliyindən istəyə bilərik. Deyə bilmərəm ki, İrəvan onların ekstradisiyana müsbət yanaşacaq, amma biz onları “Interpol”a vermişiksə, yekun olaraq, məhkəmə qərarı ilə də axtarışa verməliyik. Qısacası, bu məsələnin yekunu ilə bağlı Azərbaycan rəhbərliyi hansı formada addım atacaqsa, bunu zaman göstərəcək”.
Rafi MÜSLÜMOV
Telegram kanalımız