Şəhid atası: “Eltun düşmənə qan uddurub”

saytların hazırlanması

Evə çatdırılma

Şəhid atası: “Eltun düşmənə qan uddurub”

Sosial

09 Avqust 2024 12:54 806


Tarixin daş yaddaşından süzülüb gələn xüsusiyyətlərimiz var. Bu xüsusiyyətlər heç vaxt unudulmur, nəsildən-nəslə ötürülür. 

Qəhrəmanlıq da xalqımıza xas olan belə xüsusiyyətlərdən biridir. Min illərdir genetik yaddaşımıza hopub, taleyimizə, alın yazımıza çevrilib.

Azərbaycan xalqı kəşməkəşli keçmişə sahibdir. Önəmli coğrafi mövqeyimizə görə, başımız çox bəlalar çəkib. Həm şimaldan, həm cənubdan, həm şərqdən, həm də qərbdən aramsız hücumlara məruz qalmışıq. Hər dəfə yurdumuzun başının üstünü qara buludlar alanda Vətənin igid övladları silaha sarılıb, elin dar günündə haya çatıblar. Yurdu yaşatmaq üçün öz canlarından keçiblər.  Marqarita pizza

Belə igidlərdən biri də Əliyev Eltun Elnur oğludur. Ömrünün bahar çağında solan Eltun... 

Dünyadan nakam gedən şəhid balamız... 

Düşmənə sərt üzünü göstərib Qarabağda silinməz izini qoyub gedən igid vətən sevdalısı... 

E.Əliyev 2001-ci il avqustun 29-da Sumqayıt şəhərində anadan olub. 

O, 2019-cu ildə Sumqayıt şəhəri 24 saylı orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə yola düşüb. Eltun cəbhənin Tərtər istiqamətində yerləşən N saylı hərbi hissədə - ön xətdə baş atıcı olaraq xidmət edib. Sərrast atıcılığına görə onun şəkli hərbi hissədə şərəf lövhəsinə vurulmuşdu.

Sentyabrın 27-də Vətən müharibəsinə qatılıb. O, ən şiddətli döyüşlərin getdiyi Füzuli, Cəbrayıl və Suqovuşanda vuruşub. Hamı kimi Eltunun da bir amalı var idi - işğal altında olan torpaqlarımızı yağı düşmənin tapdağından azad etmək. Döyüş yoldaşları deyir ki, təbiətcə sakit insan olan Eltun döyüşlərdə böyük cəsarət, qəhrəmanlıqlar göstərib.

Anası Rima Əliyeva "Report"un əməkdaşı bir müddət əvəvl evlərində qonaq olarkən deyib ki, Eltun uşaqlıqdan zəhmətkeş olub. Özü və həyat yoldaşı xəstə olduqlarına görə, ailəni, demək olar ki, dolandıran balaca Eltun imiş: "Sonuncu dəfə danışanda məndən halallıq istədi. Dedim, oğul, ancaq qələbə ilə geri dön. Mənə dedi ki, sağ-salamat qayıdım, o balaca evimizi qardaşım və mən işləyib böyüdəcəyik".

Atası Elnur Əliyev bildirir ki, dəfn mərasimində Eltunun səngər yoldaşları da iştirak ediblər, onun şücaətindən danışıblar: "Dəfn mərasimində döyüş yoldaşları, komandiri dedi ki, Eltun balaca canı ilə erməniyə qan uddururdu, sərrast atışı hesabına Ordumuz daha da irəliləyirdi. Mən də bundan böyük fəxr duydum. Allah heç bir valideynə bala dağı göstərməsin, Vətən sağ olsun, Eltun kimi şəhid oğullarımızın, qazilərimizin hesabına bu qara ləkəni millətin üstündən silə bildik". 

Qardaşı Fərid isə deyir ki, Eltunla yalnız qardaş deyil, həm də dost-sirdaş olublar: "Onunla aramızda cəmi 1 yaş fərqimiz olsa da, demək olar ki, mənə böyüklük edib. Bu balaca evimizi də Eltun alıb. Evi dolandıran ancaq Eltun idi. Telefon dükanında satıcı işləyirdi. Məndən də halallıq istəyəndə sözünü kəsdim. Şəhidlik xəbərini eşidəndə arxam-dayağımın yox olduğunu hiss etdim. İtkisi ağırdır, amma fəxr edirəm ki, mən şəhid Eltunun qardaşıyam". 

19 yaşlı E.Əliyev oktyabrın 16-da Suqovuşanda namərd düşmənin gülləsinə tuş gələrək şəhidlik zirvəsinə yüksəlib. Oktyabrın 23-də Sumqayıt şəhərindəki Şəhidlər xiyabanında dəfn edilib. 

Qeyd edək ki, Prezident İlham Əliyev dekabrın 15-də Azərbaycan Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusunun “Vətən uğrunda” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Təltif olunanlar arasında Eltun Əliyev də var. 

A.Zeynalov 

Məqalə Jurnalist Araşdırmaları Mərkəzinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Vətən Müharibəsinin 18 yaşlı şəhidləri” layihəsi çərçivəsində hazırlanmışdır. 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!